ANS TV-nin məlumatına görə, kənd daha çox iri çaplı silahlardan atəşə tutulub. Ermənistanın 3 kəndilə sərhəd olan Əlibəyli 3 istiqamətdən qarşı tərəfin mövqelərindən açıq-aydın görünür.
Ötən gecə Ermənistan ordusu işğal etdikləri yüksəkliklərdən təkcə mövqelərimizi deyil, həmçinin kənd sakinlərini və evləri atəşə tutublar. Sakinlər arasında ölən və ya yaralananlar olmasa da, mal-qara tələf olub.
Əlibəyli sakini Mahir Əliyevin sözlərinə görə, güclü atışma oldu, evimizdən çölə çıxa bilmədik, elə evdə ola-ola güllə inəyimizi öldürdü.
Səhər saatlarına qədər davam edən atışma həm də evlərə ciddi ziyan vurub. Bəzi evlərin divarlarında, hətta ilişib qalan güllələrə də rast gəlmək olar.
Kəndin küçələri indi daha çox savaş meydanına oxşayır. Hər addımbaşı iri çaplı silahlardan atılan güllərə rast gəlmək mümkündür. Əlibəyli sakinləri də ilk dəfədir ki, bu cür atışmanın şahidi olduqlarını deyirlər.
Əlibəyli sakini Rasim Aslanov deyir ki, bütün iri çaplı silahlardan istifadə edilirdi: “Bu səhər saat 6-ya qədər davam etdi. Buna bənzər olmuşdu, amma beləsi heç olmamışdı”.Gecə saatlarında kənd atəşə məruz qalsa da hazırda nisbi sakitlikdir. Buna baxmayaraq ehtiyyatlı olan əhali qapalı ərazilərdə yığışır və açıq sahələrə çıxmırlar.
Mənbə: ANS PRESS