Qadin.NET / Qazağın düşmənlə sərhəd kəndləri atəş altındadır

Qazağın düşmənlə sərhəd kəndləri atəş altındadır

 

Bir neçə gündür ki, Qazağın sərhəd kəndləri ermənilər tərəfindən atəşə tutulur. Düşmən ordusunun atəşkəsi tez-tez pozması narahatlıq hissi yaratsa da, sakinlər doğma kəndlərini bir an belə olsun tərk etmirlər. 
Milli.Az Kəpəz TV-yə istinadən bildirir ki, Qazağın düşmənlə daha yaxın məsafədə yerləşən Cəfərli kəndi son 3 gündür ki, ermənilər tərəfindən güclü atəşə tutulur. Ancaq bu hal sakinləri qorxutmur və onlar doğma el-obalarından uzaqlaşmayaraq, gündəlik həyatlarına davam edirlər. Cəfərli sakinləri son günlər bəzi saytlarda yayılan kəndlərin boşaldılması xəbərinə kəskin reaksiya verərək, bu kimi informasiyaların həqiqətə uyğun olmadığını bildiriblər. 
Qazağın daha bir sərhəd kəndi Alpoutdur ki, burada da insanlar hər zamankı kimi kənd təsərrüfatı işləri ilə məşğul olurlar. Sakinlər düşmənin açdığı atəşin onları qorxutmadığını, ordumuzun gücünə arxalandıqlarını bildirirlər. 
Çəkiliş zamanı bir daha əmin olduq ki, düşmən gülləsi sakinlərdə heç bir qorxu hissi yaratmayıb. Çünki kənd sakinləri Azərbaycan ordusunun hər zaman ölkə vətəndaşlarının təhlükəsizliyini qoruduğuna əmindirlər.

Mənbə: Milli.Az

 

4 avqust 2014
GO BACK