Uzunömürlülərdən bəhs edərkən, adətən ilk yada düşən cənub bölgəsi olur. Ancaq haqqında danışacağımız uzunömürlü, yəni 114 yaşlı nənə Tovuz rayonundandır.
Milli.Az Kəpəz TV-yə istinadən bildirir ki, nurani qadını görəndə onun 80-90 yaşda olduğunu zənn edirsən, şəxsiyyət vəsiqəsinə baxanda isə Tərlan Məmmədovanın nə az, nə çox - düz 114 yaşı olduğu məlum olur. O, Çeşməlinin ən uzunömürlü sakinidir. Hər kəs onun əməksevər və çalışqan insan olduğunu deyir. Uzun müddət kolxozda çalışan Tərlan nənə son illərə qədər hətta mal-qaranı da sağıb. İndi isə bu işlərə gücü çatmasa da, həyətdə saxladıqları toyuq-cücələri yemləyir.
Deyirlər ki, uzunömürlülüyün sirri yaşadığın yerin səfalı təbiətində və qidasındadır.
Qəhrəmanımızın gəlini və rəfiqəsi də bu fikri təsdiq edərək bildirdilər ki, Tərlan nənə hər zaman fiziki işlə məşğul olub və daha çox süd, qatıq, kəsmik yeməyi sevir, ət xörəklərinə isə üstünlük vermir. Elə onun bu yaşda gümrah qalmasının sirri də süd məhsullarına daha çox üstünlük verməsi ilə əlaqədardır.
Tovuzun Şamlıq kəndində doğulub Çeşməliyə gəlin köçən bu uzunömürlü xanım 5 övlad, 30 nəvə, 14 nəticə və 3 kötücəyə sahibdir. Övladları, nəvələri onu hər zaman diqqətdə saxlayır. Xalqı formalaşdıran və yaşadan milli-mənəvi dəyərləridir. Tarix sübut edir ki, xalq nə qədər qədimdirsə, o qədər də zəngindir. Başqa sözlə, uzunömürlü xalq tarixin özünü yaşadır.