Qadin.NET / Antibakterial sabunların hansı mənfi təsirləri var?

Antibakterial sabunların hansı mənfi təsirləri var?

 


Bir çoxumuz antibakterial sabunlardan istifadə edirik. Məlum olduğu kimi o, mikrobların daxil olmasına mane olan "qoruyucu təbəqənin" əmələ gəlməsini təmin edir. Bəs həqiqətənmi bu belədir? Yoxsa antibakterial sabunların da mənfi təsirləri var? 
Milli.Az KəpəzTV-yə istinadən bildirir ki, mikrob və onların zərərli təsirindən orqanizmi qorumaq üçün gün ərzində dəfələrlə əllər sabunla yuyulur. Bu təsiri minimuma endirmək üçünsə antibakterial sabunlara üstünlük verilir. Məlumdur ki, duru antibakterial sabunun tərkibində triklozan, adi sabunun tərkibində isə triklokorban var. Hər iki komponent pis yuyulur və heç də zərərsiz deyil. Bu komponentlərin təsiri ondan ibarətdir ki, onlar fermentin işini dayandırır və "qoruyucu pərdə" yaradaraq bakteriyaların məhv olmasına gətirib çıxarır. 
Lalə Cəfərova - həkim-infeksionist: “Bu sabunlar patogen mikroblarla yanaşı, insanın bədənində olan saprofit, yəni orqanizmə lazım olan, sağlamlığımıza, həzmimizə, müdafiəmizə təsir edən bakteriyaları da məhv edir. Bilmək lazımdır ki, bu sabunların uzun müddətli istifadəsi ilə bədəndə olan lakto, bifidobakteriyaları öldürürük. Nəticədə də bizim üçün qorxulu olan patogen mikroorqanizmlərə meydan açılır. Bu mikroorqanizimlərdən göbələkləri, stafilokokkları misal göstərə bilərik”.
Bu sabunlarda olan komponentlər hormonal dəyişikliklərə, həmçinin allergiyanın əmələ gəlməsinə də səbəb ola bilər. Bundan başqa, immun sisteminə mənfi təsiri var. Bu da antibakterial sabunların orqanizmə xeyri ilə yanaşı, zərərinin də olduğunu göstərir. 
Lalə Cəfərova: “Birinci bunu üzə, bədənə istifadə etmək olmaz. Ancaq əlləri yumaq lazımdır. Əllər yuyulan zaman köpük 20 saniyədən çox qalmamalıdır. Çoxlu axar su ilə yuyulmalıdır. Bu sabunlardan ancaq xəstə ilə görüşdükdən sonra, xəstəxanadan qayıtdıqdan sonra, ezamiyyətdən qayıtdıqdan sonra və özümüzün də hiss etdiyimiz təhlükəli ekoloji mühit olduqda istifadə etmək lazımdır”.
Mütəxəssislər bildirirlər ki, zamanla bakteriyalarda antibakterial sabunların komponentlərinə qarşı davamlılıq yaranır. Bu səbəbdən də istifadə edilən sabun markaları periodik olaraq dəyişdirilməlidir. 

Mənbə: Milli.Az

 

4 avqust 2014
GO BACK