Qadin.NET / Əkizlərlə necə davranmalı?

Əkizlərlə necə davranmalı?

 

Adətən dünyaya əkiz uşaqların gəlməsi böyük sevinclə qarşılanır. Üstəlik, bu əkizlər eyni yumurta əkizidirsə, bir- birinin oxşarıdırsa, ətrafdakı insanlar tərəfindən də maraq cəlb edir. Düzdür, əkiz övlada sahib olmaq elə də asan deyil. Çünki, əkiz uşaq dünyaya gətirmək üçün valideynlərdən ən azı birinin yaxın keçmişində əkiz uşaqların olması şərtdir. İkinci halda isə valideynlərin süni mayalanmadan istifadə edərək əkiz övlada sahib olmalarıdır.
Əkizlərin dünyaya gəlməsində yaş çox böyük rol oynayır. Valideynlərin 40 yaşı olanda onların dünyaya əkiz övlad gətirmək ehtimalı varsa, daha sonra bu göstərici aşağı düşür. Bu da bədəndəki gen daşıyıcı hormonlarla əlaqədardır. Statistika göstərir ki, sonsuzluqdan əziyyət çəkənlər müalicədən sonra əkiz uşaqlar dünyaya gətirirlər. Genetik qabiliyyət buna təsir göstərə bilsə də, əkizlərin doğulma halının irsən keçməsi düzgün mülahizə hesab olunmur. İstənilən halda, əkiz övlad ailəyə ikiqat sevinc qatmış olur.
Keçmişdə Yaponiyada əkiz uşaq dünyaya gətirən qadınları yurdlarından didərgin salırdılar. Çünki o vaxt dünyaya əkiz uşaq gətirmək xəstəlik sayılırdı. Qədimdə Cənubi Amerika əhalisi əkiz uşaq dünyaya gətirən anaları xəyanətkar hesab edib, ya da onları bəd ruhlarla ünsiyyətdə olmaları ilə ittiham edirdilər. Şimali Amerika əhalisi isə "əkizlərin dünyası" olduğuna və uşaqların oradan gəldiyinə inanıb onlara hörmət edirdilər. Onlar həyata cüt gəldikləri kimi cüt yeyir, cüt xəstələnir, cüt ağlayır, cüt gülürlər. Hətta onların problemləri də eyni olub, eyni vaxtda həll olunur. Əkizlər bir-birlərini hiss edir, sözsüz anlayırlar. Ətrafdakılara elə gəlir ki, əkizlər başqa dünyanın insanlarıdır.
Psixoloq Gülər Namazovanın sözlərinə görə, valideynlər əkiz uşaqlara sahib olduqdan sonra onlara eyni uşaq kimi davranmağa başlayır. Eyni geyim, eyni saç düzümü, hər ikisinə eyni münasibəti göstərərək onları kiçik yaşlarından eyniləşdirməyə çalışır. Halbuki, uşaqlar bir-birinin nə qədər oxşarı olsalar da, beyin və ruh olaraq iki fərqli insandırlar. Əkizlərin qabiliyyətləri və inkişafları bir-birindən çox fərqli ola bilər. Lakin ailə fərdləri və ətraf mühit uşaqlardan bənzər inkişaf gözlədiyindən, xüsusilə bəzi qabiliyyətləri daha məhdud olan əkizi digəri ilə müqayisə edərək ondan da eyni bacarığı tələb etdiklərindən uşaqlardan birini digərinə nisbətən psixoloji olaraq zədələmiş olur: "Valideyn dərk etməlidir ki, onun əkiz övladları varsa, onun məsuliyyəti ikiqat artmış olur. Uşaqlar bir-birinin oxşarı ola bilər, amma beyin olaraq hər iki uşaq eyni deyil. Məktəb həyatı başladığında ümumiyyətlə, uşaqlar eyni məktəbdə və eyni sinifdə təhsil almağa başlayırlar. Əslində təklifimiz uşaqların fərqli siniflərdə, fərqli müəllimlərlə təhsil görmələridir. Uşaqların xarakter xüsusiyyətlərini önə çıxarmalarını təmin edəcək olan üsul budur. Çünki daha bacarıqlı olan qardaşın müvəffəqiyyəti altında əzilən digər qardaş, bir müddət sonra əlindən gələn səyi göstərməkdən də imtina edə bilər, ya da daha müvəffəqiyyətli olduğu sahələrdə də geri çəkilməyə başlayar. Uşaqların öz bilik səviyyəsinə uyğun çevrədə və müvəffəqiyyətli olduqları dərslərdə özlərini daha yaxşı göstərə bilmələri üçün ayrı siniflərin daha faydalı olduğu fikrindəyik".
Azərbaycanda əkiz uşaqların sayı son 5 ildə artıb. Bu daha çox süni mayalanmaya müraciət edənlərin çoxalması ilə əlaqələndirilir. Fizioloji olaraq əkizlərin dünyaya gəlməsi isə daha çox irsiyyətlə bağlıdır. Belə ki, əgər nəsildə, ailədə əkiz olubsa, sonrakı nəsillərdə də əkizlərin olması gözlənilən haldır. Bir çox hallarda özü əkiz olan qadınların əkiz övladı dünyaya gəlir. Hətta uzun illər övladı olmayanların belə əkiz övladı dünyaya gələ bilər. Yeni doğulan uşaqların arasında oğlan uşaqları daha çox olduğu kimi əkiz uşaqlar arasında da oğlanlar üstünlük təşkil edir. Xüsusən süni mayalanma ilə doğulan uşaqlarda cinsiyyət seçimi etmək mümkün olduğundan oğlan uşaqlarının dünyaya gəlməsi faktı daha çoxdur.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada yaşayan 80 milyona qədər insan anadan əkiz doğulub. Son illər əkiz doğulanların sayında artım müşahidə edilir. Ötən əsrin 60-cı illəri ilə müqayisədə əkiz doğulanların sayı 2,5 dəfə artıb. Alimlər hesab edirlər ki, əkiz doğuşların çoxalması müasir tibb elminin vaxtilə mövcud olan səmərəsiz müalicə sahəsində uğurlara nail olması ilə əlaqədardır. Statistik məlumatlara görə, əgər ötən əsrin 80-ci illərində hər 80-90 doğuşdan biri cüt uşağın dünyaya gəlişi ilə nəticələnirdisə, 90-cı illərin sonlarında hər 40-45 doğuşdan bir cüt əkiz doğulurdu.
Psixoloq bildirir ki, bərabər davranmaq əkizlərin ayrı bir fərd olduqlarını qəbul etmənin önündəki ən böyük maneələrdən biri halına gələ bilər. Əkizlərdən hər biri, ayrı bir fərd olaraq fərqli maraq və şəxsiyyət xüsusiyyətlərinə malikdir. Onların fərqli zamanlarda fərqli ehtiyacları var və həyat hər zaman hər kəsə bərabər imkanlar təqdim etməz. Bu səbəblə əkizlərə bərabər davranmaq əslində ədalətli deyil: "Valideynlər bəlli bir yaşdan sonra uşaqlara sərbəstlik verməlidir. Onlar əkiz olmalarına görə daimi eyni geyim və stilə məcbur etmək düzgün deyil. Onlara qeyri-adi insan kimi də davranmaq düzgün deyil. Oxşarlığı kənara qoyub hər iki uşağa ayrı fərd kimi davranmaq ən düzgün yoldur". 

Mənbə: Milli.Az

 

3 avqust 2014
GO BACK