Avropa İttifaqının (Aİ) antiinhisar orqanları əksər mobil qurğularda quraşdırılan Android əməliyyat sistemi ilə bağlı araşdırmaya başlamaq niyyətindədir. Reuters agentliyinin məlumatına görə, hazırda tənzimləyici orqanlar bunun üçün lazımi məlumatların toplanılması ilə məşğuldur.
Milli.Az ICT nevs-a istinadən bildirir ki, Avropa Komissiyası Androidin mobil əməliyyat sistemləri bazarındakı liderliyindən narahatdır. Strategy Analytics analitik agentliyinin məlumatına görə, cari ilin ikinci rübündə dünyada satılan smartfonların 85 faizi bu əməliyyat sisteminin idarəetməsi ilə işləyib. İkinci yeri böyük geriliklə - 11,9 faizlə Apple şirkətinin iOS sistemi tutub.
Avropa Komissiyası artıq antiinhisar araşdırması üçün zəmin hazırlayır. Komissiya Googleun öz servislərinin yayılması üçün bazardakı lider mövqeyindən istifadə etməklə qanunvericiliyi pozmasını aydınlaşdırmaq niyyətindədir.
Son bir neçə həftədə Avropa Komissiyası şirkətlərə onların Google ilə Android sahəsində əməkdaşlıq təcrübəsi ilə bağlı anketlər göndərməyə başlayıb. Onlardan biri agentliyin əlinə keçib. Anketdə Googleun qurğulara onun servislərinə rəqib olan proqram təminatının əvvəlcədən quraşdırılmamasını şifahi və ya yazılı tələb etməsi soruşulur.
Sentyabrın əvvəlinədək Googleun tərəfdaşları 40-dan çox sualı cavablandırmalıdırlar. Onlardan 2007-ci və sonrakı illərdə elektron poçt ilə yazışmaların, fakslar, görüşlər və telefon danışıqları haqqında qeydlərin, təqdimatlar və digər sənədlərin təqdim olunması tələb olunub.
Google nümayəndələri ittihamları rədd edərək bəyan ediblər ki, şirkət Androidin şəffaflığına çalışır. İstənilən şirkət Googleun iştirakı olmadan Androiddən istifadə edə bildiyi kimi, Googledan da Android olmadan istifadə edilə bilər, - mətbuat xidmətindən bildirilib.
Mənbə: Milli.Az