Qadin.NET / Dondurmanı necə seçək?

Dondurmanı necə seçək?

 

Bakıda dondurma istehsal edən şirkətlərin sayı 7-dən 17-yə qalxıb

Bakıda dondurma istehsalı ötən illərə nisbətən çoxalıb. Əgər ötən il dondurma istehsalı məşğul olan 6-7 müəssisə qeydiyyatdan keçmişdisə, bu il onların sayı 17-dən çoxdur. 
Müsbətə doğru gedən dəyişikliklərdən biri də, istehsal olunan dordurmaların kefiyyətinin yüksəldilməsidir. 
Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma Gigiyenası müdiri İmran Abdullayevin anspress-ə verdiyi məlumata görə, bu il dondurma bazarında aparılan yoxlamalar zamanı məhsulun keyfiyyətilə bağlı heç bir nöqsan aşkarlanmayıb. Onun sözlərinə görə, reydlər zamanı dondurma bazarında məhsulların normaya uyğun olaraq istehsal olunduğu məlum olub:
“Hər həftə yoxlamaların nəticələri nəzarətdən keçirilir. Ötən illərə nisbətən bu il heç bir qanunsuzluq aşkarlanmayıb”.
Yoxlamalar zamanı yalnız bəzi xırda qüsurlar aşkarlanıb ki, onların da çoxu məhsulların markalanması ilə əlaqədardır.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblının verdiyi məlumata görə, yoxlamalar zamanı bəzi məhsulların markalanmasında yol verilən yanlışlıqlar sahibkarların məhsulun qiymətin qaldırılması məqsədilə atdıqları addımdır.
Bu hallar yerli istehsal olan dondurmalara alıcı marağını da artırıb. Belə ki, mağazalarda alıcılar, əsasən, yerli məhsullara üstünlük verirlər.
Bu il yoxlamalar zamanı markalanmada yanlışlığa yol verən 7 növ dondurma məhsulu satışdan çıxarılıb. İqtisadiyyat və Sənaye Nazirliyindən verilən məlumata görə, nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhərində fiziki şəxs Məmmədov Arif Firudin oğluna məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı markalanmasında düzgün olmayan məlumatlar verilməklə, istehlakçıların çaşdırılmasına səbəb olan dondurmaların istehsal edildiyi müəyyən olunub.
Yoxlama zamanı “Eskimo QOST”, “Plombir”, “Plombir SSSR” və “Maqnat Eskimo” adlı dondurmaların adları və ön tərəfindəki markalanma məlumatlarının istehlakçılarda həmin məhsulların xaricdə istehsal olunması barədə yanlış təəssürat yaradan formada yalnız xarici dildə verildiyi, habelə “Eskimo QOST”, “Plombir SSSR” və “Maqnat Eskimo” adlı dondurmaların markalanmasında keçmiş SSRİ-də istehsal olunan yüksək keyfiyyətli məhsullara tətbiq olunan keyfiyyət nişanından da istifadə edildiyi aşkar edilib.
Dondurmaların markalanmasında onların 1 nömrəli marka olması barədə qeyri-dəqiq reklam xarakterli və “Eskimo QOST”, “Plombir” və “Bakinskiy Plombir” adlı dondurmaların markalanmasında məhsulun qida və enerji dəyəri barədə düzgün olmayan məlumatların verildiyi müəyyənləşdirilib.
Yol verilən qanun pozuntusu ilə əlaqədar Dövlət Xidməti tərəfindən fiziki şəxs Arif Məmmədov barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev bu il keyfiyyətsiz məhsulun aşkarlanmamasını maarifləndirmə işləri ilə əlaqələndirib.
Qeyd edək ki, istehlakçılar dondurma alarkən müəyyən amillərə fikir verməlidirlər. Dondurma alarkən onun formasına, saxlanma şəraitinə və dadına diqqət edilməlidir. Donu açılmış dondurmanın təkrar dondurulması onda buz kristallarının əmələ gəlməsinə səbəb olur ki, bu da onun keyfiyyətinin aşağı düşməsinə gətirib çıxarır. Xarici görünüşcə dondurmada kəsmiyəbənzər yağlılıq, qumabənzər köpüklülük əlamətləri olmamalıdır. Belə dondurmaları istifadə etmək məsləhət görülmür.
Dondurmanın iyi və dadı bu növ məhsula xas olmalı, kənar iy və dad verməməlidir. İstehsal tarixi qeyd olunmayan və saxlama müddəti ötmüş dondurmaları almaqdan çəkinin.
Dondurma satışı ilə əlaqədar hər hansı pozuntu hallarına rast gəldikdə Dövlət Xidmətinə müraciət etmək lazımdır. Bununla hər bir vətəndaş özünün sağlamlığının qayğısına qalmaqla, həm də daxili bazarın keyfiyyətsiz məhsullardan təmizlənməsinə dəstək vermiş olacaq.

Mənbə: Millli.Az

 

3 avqust 2014
GO BACK