Bu gün nadir hallarda gənclərə rast gəlmək olar ki, onlar mobil telefonlardan istifadə etməsin. Səbəbləri isə çox vaxt eyni olur. Ya bir hədəfə çatmaq üçün imtina edilir, ya da, ümumiyyətlə, ailə mobil telefona qarşı əksfikirli olur. Bu hallar istisna olmaqla hətta yeniyetmə yaşlarından belə mobil telefona sahib olan gənclər az deyil. Yaş artdıqca daha da sərbəstləşən gənclər üçün mobil telefolar televizor, radio qədər adiləşir. Azyaşlılarda isə daimi bir qorxu olur. Valideynlərinin mobil telefonu alması və məhrum etməsi. Tibbdə bu hal nomofobiya adlanır. Fakt budur ki, bu gün gənclərin 90%-i bu fobiyadan əziyyət çəkir.
İngiliscə "no mobile phobia" sözündən yaranan "nomofobi", mobil telefondan məhrum olmaq qorxusu, xüsusən sosial şəbəkələrə daha çox üstünlük verib bütün vaxtını orada keçirən gənclərə təsir edir. İngiltərədə aparılan bir araşdırma zamanı iştirakçıların 66%-i hətta mobil telefonsuz qalmaq düşüncəsinin belə onları stressə saldığını bildirib. Bu nisbət 18-24 yaş arasındakı gənclərdə 76% təşkil edir. Araşdırmaya qatılanların 40%-i 2 telefon işlətdiklərini də etiraf ediblər. Mütəxəsislərin fikrincə, nomofobiyanın sürətlə artımının səbəbi mobil telefonların gün keçdikcə daha çox funksiyanı özündə birləşdirməsidir. Bir növ əyləncə xarakteri daşıyan, eləcə də internet vasitəsilə dünyaya çıxışı olan gənclər mobil telefonlardan məhrum olduqları halda 4 divar arasında qalacaqlarını düşünürlər. Təklik qorxusu, eləcə də dünyaya yeganə çıxış yolu olan mobil telefonların alınması gənclər üçün olduqca böyük fobiya yaradır.
Nomofobiya zaman-zaman mobil telefonlarının alınması yetkin insanlarda da görülə bilir. Əgər insan mobil teefonunun alınması və qadağası yaşını keçibsə, telefon yanında olmadığı vaxt panikaya düşürsə, eləcə də lazım olmayan anlarda belə əlində saxlamağa meyllidirsə, demək, bu insanda nomofobiyanın ilkin qığılcımları yaranır.
Psixoloq Emil Behrudinin fikrincə, mobil telefonların daha baha və daha çoxfunksiyalı olması nomofobiklərin sayını artırır və Azərbaycanda sayla hesablana bilməyəcək qədər bu fobiyadan əziyyət çəkən insanlar var. İlk anda bu fobiya elə də dəhşətli görünmür, lakin irəliləyən fobiklər mobil telefonu yastıq altına qoyub yatmaq dərəcəsinə qədər gəlib çıxır: "Qadınlar nomofobiyadan daha çox əziyyət çəkirlər. Çünki qadınlar uşaq yaşlarından məhdudiyyətlərlə yaşayır və mobil telefon onlar üçün sərhədsiz bilgi deməkdir. Bu cür qadınlar lazım olmadığı halda birdən artıq telefon işlədir və daimi olaraq hamısını balası kimi qoruyur, heç birini unudub evdə və ya başqa məkanda qoymur".
Hələ 2008-ci ildə aparılan tədqiqatlar göstərirdi ki, insanların 53%-i telefonunu heç vaxt söndürmür, 9%-i isə telefonsuz çox ciddi əsəb keçirir. "Adi misal desək, avtobusla harasa gedəndə gənclərə, xüsusən xanımlara fikir verin. Lazım olmadığı halda mobil telefonlar əldə saxlanılır, heç bir iş görülməsə belə tez-tez telefonun menyusuna girilib-çıxılır. Nadir hallarda gənc tapmaq olar ki, onlar mobil telefonu çanta və ya cibində daşısın. Nomofobiyanın ziyanı odur ki, insan əşyaya bağlı yaşayır. Ona insan kimi dəyər verir. Əşyanın itmə və ya xarab olması halında psixoloji sarsıntı keçirir".
Psixoloq bildirir ki, bütün fobiyaların müalicəsi var. Eləcə də nomofobiyanın. Lakin heç kim bunu ciddi fobiya olaraq qəbul etmir və normal olaraq da heç kim müalicə üçün müraciət etmir. Valideynlər əslində bunun bir fobiya olmasını bilmir və çox fərqli yollarla uşaqlarını mobil telefonlardan uzaqlaşdırırlar. Nəticə isə çox vaxt eyni olur. İstifadəyə keçən ikinci gizli telefon, uşağın valideynləri ilə əlaqəni kəsməsi, aqressivlik və düşmənçilik: "İlk olaraq valideyn özündə varsa, bu fobiyadan qurtulmalıdır. Bütün gün mobil telefon oynadan valideynin uşağına sənə telefon qadağandır deməsi çox gülünc olar. Əgər valideyndə fobiya yoxdursa, nomofobiyanın bir psixoloji pozuntu olmasını dərk edib o halda övladı ilə söhbət etməlidir. Birdən-birə uşağı mobil telefondan məhrum edib onu günahkar hiss etməsinə sövq etməkdənsə, onunla söhbətləşib nə üçün telefonu aldığını izah etmək daha çox işə yarayır. Valideyn övladına aşılayacağı hər hansı bir məsələdə ilk öncə şiddət və məcburiyyətə əl atmamalıdır. Bu yolla həll olunan problemlərin yenidən baş qaldıracağı dəqiqdir. Yaşından asılı olmayaraq fobiyadan qurtuluş bir günə mümkün deyil. Zamanla, insan özü də istəyərək istənilən fobiyadan qurtula bilər. İnsan iradəsi fobiyadan qurtulmağa aciz olduqca terapiya və digər dərman preparatları ilə müalicəyə başlanılır ki, bu da nomofobiyada lazımlı deyil. Çünki, nomofobiya fobiyalar arasında geniş yayılsa da çətin müalicə tələb etmir".
Ən dəhşətlisi budur ki, psixoloq mərhələsini adlayan fobiklər hətta psixiatrlara müraciət edəcək qədər ağırlaşa da bilirlər. Belə ki, anidən telefonun itməsi halında panik- atak yaşayan, bayılan insanlar da var və bu cür insanlar artıq psixiatrlar tərəfindən ciddi müayinə və müalicə almalıdırlar.