Çingiz Mustafayev vətənə qayıdıb. Söhbət onun adını daşıyan tankerdən gedir. Bu gün "Palmali" şirkətlər qrupuna məxsus gəmi suya salındıqdan sonra ilk dəfə Xəzər dənizi akvatoriyasında olub.
ANS TV-nin məlumatına görə, tanker yük daşımalarında daha dəqiq desək, neft daşımalarında istifadə olunacaq. Gəminin ümumi uzunluğu 138 metrdir. Milli qəhrəman Çingiz Mustafayevin ailəsi və yaxınları onun adını daşıyan tankeri böyük səbirsizliklə sahildə gözləyirdilər. Tankerin sahilə yan alması təqribən 2 saata yaxın vaxt çəkdi.
Çingiz Mustafayevin anası Naxış Mustafayeva deyir ki, “Bir tərəfdən məyus oldum, bir tərəfdən sevindim ki, bu boyda tanker Çingizin adını daşıyır. “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimova belə iş gördüyünə görə minnətdarlıq edirəm. Çox yaxşıdır, Allah köməyi olsun. Əsas odur ki, gəmidə “Çingiz Mustafayev” sözü yazılıb. O gün olsun ki, oğlu da belə qəhrəman olsun”.
Çingiz Mustafayevin atası Fuad Mustafayev qeyd edir ki, “Biz İstanbulda birinci dəfə bu gəminin suya salınması mərasimində iştirak etmişik. Neçə illərdir ki, bu gəmi üzür, bütün dünyanı gəzir. İndi də Bakıda Çingiz Mustafayevin adını daşıyan tankeri görməyimizə çox şadıq. Tankerin heyətilə də tanış olduq. Tankerdən razılıq edirlər. Tanker bütün dünyanı gəzdiyinə görə hamı Çingizin adını görür”.
"Palmali" Şirkətlər qrupuna aid olan Çingiz Mustafayevin adını daşıyan tanker Rusiya bayrağı altında üzür və Rusiyanın Toqonroq limanına aiddir.
Tankerin kapitanı Aleksandr Aleksandroviç bildirir ki, "Tanker nəinki neft məhsulları, istənilən növ yük daşımaları həyata keçirir. Dünyanın istənilən ölkələrinə və limanlarına gedə bilərik. Texniki baxımdan gəmi dünya standartlarına uyğundur".
Milli Qəhrəman Çingiz Mustafayevin adını daşıyan tanker "Palmali" Şirkətlər qrupuna aid olan və görkəmli insanların adını daşıyan ilk belə tanker deyil. Belə ki, şirkətin "Həzi Aslanov", "General Şıxlinski", "Hüseyn Cavid" kimi tanınmışların adını verdiyi tanker və gəmiləri olub.