Qadin.NET / Yarımfabrikat qidalar mədə xərçənginə səbəb olur

Yarımfabrikat qidalar mədə xərçənginə səbəb olur

 

Əvvəllər düşbərə, xəngəl, şorba bişirmək istəyəndə bir gün əvvəlcədən hazırlıq görür, xəmir yoğurur, xəmir açır, min bir əziyyətlə yemək ərsəyə gətirirdik. 
İndi demək olar ki, bütün qidaların yarımfabrikatı satılır. Mağazadan alırsan, qaynadırsan, yemək hazırdır. Bu, bir çox iş xanımlarının həyatını rahatlaşdırsa da, yarımfabrikat qidaların sağlamlıq üçün böyük təhlükə olduğu iddia edilir.
Amerika elm adamlarının araşdırmasına görə, yarımfabrikat və hazır qidalar mədə xərçəngi riskini artırır və sağalmaz həddə çatdırır. Mütəxəssislərin fikrincə, hazır qidalar uzunömürlü olsun deyə, onlara yüksək miqdarda qoruyucu maddələr vurulur. Basdırma, sosiska, sous, turşular, hisə verilmiş və duzlanamış bir çox hazır qidalar mədə xərçənginə səbəb olur.
Onkoloq Samir Hacıbabayevin sözlərinə görə, mədə xərçənginin əsas səbəblərindən biri hazır qidalardır. Hazır qidalar səbəbiylə son illərdə mədə xərçəngi yerini dəyişdirib: "Əgər əvvəllər xərçəng mədənin altında başlayırdısa, zaman keçdikcə yuxarı qalxmağa başladı. Xərçəng altda olanda onu kəsib götürə bilirdik. Mədənin qalan hissəsi fəaliyyətini davam etdirirdi. Son illərdə isə böyük yerdəyişmə müşahidə edilir".
Dediyinə görə, hazır qidaların qoruyucu maddələr ehtiva etməsi, qidaya vurulan müxtəlif kimyəvi maddələr hazırlanması zamanı bişirilmə, fermantasiya, pasterizasiya və s. bu kimi əməliyyatlar mədə üçün təhlükə mənbəyidir.
Tozlu məhsullar, meyvə içkiləri (toz halında), şirniyyatlar, hazır suplar, un məmulatları, hazır çörəklər, düşbərə, xəngəl, vafli, fermentasiya edilmiş pendir, çörək, yoqurt, kərə yağı, turşu, sirkə, şərab, pivə, dondurulmuş qidalar və s. bu kimi məhsullar da mədə üçün təhlükəlidir.
Mütəxəssislər hesab edirlər ki, hazır qidaların hazırlanma şəraiti bəlli olmadığı üçün zəhərlənmə halları da baş verə bilir. Qidalar hazırlanarkən yaxşı yuyulmaması, keyfiyyətsiz məhsullardan istifadə edilməsi qida zəhərlənmələrinin yaşanmasına səbəb olur.
Qida mühəndisi Firudin Məmmədov deyir ki, hazır qida dedikdə, paketdə qablaşdırılmış, qoruyucu maddələr, qida boyaları və kimyəvi maddələrlə zəngin məhsullar nəzərdə tutulur. Ümumiyyətlə, evdə hazırlanmayan, təbii olmayan, marketlərdən alınan bütün məhsullar hazır qidalar sinfinə aiddir. Hazır qidalar, ən çox xərçəng riski daşıdığı üçün mütəxəssislər tərəfindən qəbul edilmir. Qidaların tərkibində olan bəzi qatqı maddələrinin, qida boyalarının və uzunömürlüyü təmin edən kimyəvi maddələrin xərçəng yaradıcı xüsusiyyətdə olduğu, xüsusilə uşaqlar üçün böyük təhlükə daşıdığı bildirlir. Uzun müddət və çox miqdarda istehlak edildiyində xərçəng riski də artır. Buna görə də əsasən uşaqları hazır qidalaradan uzaq tutmaq lazımdır.
Hazır qidalar böyüklərdə xərçəngə tutulma riskini 30, uşaqlarda isə 60 faiz artırır. Hazır qidalar xərçənglə yanaşı şəkər, təzyiq, ürək və damar xəstəliklərini də artırır, uşaqların inkişafına və boy atmasına maneə yaradır:
"Pomidor sousu, bibər sousu, turşu, ketçup və s. bu kimi məhsulların ev şəraitində hazırlanması məsləhət görülür. Hazır məhsulların uzunömürlüyü nə qədərdisə, tərkibinə qatılan kimyəvi maddələrdə o qədər çoxdur. Çoxumuz uşaqlar üçün hazır yoqurtlar alırıq, amma siz bunu evdə də hazırlaya bilərsiniz. Qatıq evdə hazırlana bilən ən asan qidadır. Ona bal və ya meyvə qatıb uşaqlara vermək olar. Hazır yoqurtların 70 faizini kimyəvi maddələr təşkil edir. Konservlər əvəzinə mövsümi tərəvəzlərdən istifadə edə bilərsiniz. Hazır ət və ət məhsulları, un məhsulları da sağlamlıq üçün böyük təhlükə mənbəyidir".
F.Məmmədovun bildirdiyinə görə, hazır bulyonlar, suplar da sağlamlıq üçün təhlükəlidir. Bunun əvəzinə ev şəratində hazırlanmış qidalardan istifadə etmək lazımdır.
Məmmədov bildirir ki, hazır qidaların tərkibində 2000-ə yaxın qatqı maddəsi var və insanlar hər gün bunu müxtəlif qidalarla qəbul edirlər. Dadlandırıcı, konsistensiya qoruyucu, konsistensiya artırıcı, rəng qoruyucu, ağardıcı, xarab olmağın qarşısını alan, boya, qoxulandırıcı və s. kimi maddələr hazır qidalara vurulur. Müsahibimiz məsləhət görürür ki, bütün qidaların təbiisindən istifadə etmək lazımdır: "Açıq süd alınmalı, bu süd qaynadıldıqdan sonra istənilən şəkildə istifadə edilməlidir. Ət alınan zaman qəssabdan sümüklü ət alınmalıdır. Ət bişirilərkən uzun müddət qaynadılmalıdır. Mağazalarda satılan şişirdilmiş toyuqlardan uzaq olmaq lazımdır. Bunun əvəzinə lobya, noxud və ya kartofdan istifadə edə bilərsiniz. Mağazalarda satılan düşbərə, xəngəl, pitsa, qızardılmış qidalardan nə qədər uzaq dursanız, bir o qədər çox və sağlam yaşayarsınız".

Mənbə: Milli.Az

 

26 iyul 2014
GO BACK