Sözlər bir-biri ilə "kəsişərək" krossvord toru yaradır. Müxtəlif yaş qrupuna sahib olan milyonlarla insan hər gün krossvord həll edir.
Mütəxəssislərin fikrincə, krossvord həll etmək insanın zehnini, dünya görüşünü, yaddaşını inkişaf etdirir. Altsheymer İnstitutu alimlərinin apardıqları təcrübələrə görə, krossvord həlli Altsheymer xəstəliyinə tutulma riskini minimuma endirə bilər. Altsheymer xəstəliyinin Assosiasiyasının beynəlxalq konfransında krossvord həlli ilə təcrübələrin nəticələri təqdim olunub. Təcrübənin nəticələrinə görə, məntiqi oyun, çalışmalarla vaxtını keçirən insanlarda yaddaş daha yaxşı inkişaf edir, onlar yeni informasiyanı tez qəbul edir və tez öyrənirlər.
Altsheymer Xəstəliyinin Tədqiqat mərkəzinin və Altsheymer İnstitutunun alimləri orta yaş 60 olan 329 nəfər üzərində təcrübə aparıb. Təcrübə iştirakçıları sağlam, lakin altsheymer xəstəliyinin inkişafı riskinə məruz qalan, genetik bu xəstəliyə meylli adamlar olub. Onlarla bir sıra tibbi testlər keçirilib, beyinləri müayinə olunub. İştirakçılardan qiraətə, kart oyunlarına, məntiqi oyunlara, muzeyə getməyə nə qədər vaxt ayırmaları barədə də məlumat toplanırdı. Təcrübədən məlum oldu ki, kart və başqa məntiqə əsaslanan oyunlar oynayan, krossvord və skanvord həll edənlər altsheymer xəstəliyinə daha az tutulur.
Psixoloq Lalə Əhmədovanın sözlərinə görə, məntiqi oyunlar və krossvordlar həm maraqlıdır, həm də xeyirlidir: "Krossvord həll edən inasanlar həyatda qarşılaşdıqları çətin problemləri daha asan həll edirlər. Bu, onunla bağlıdır ki, krossvord həll etməyi sevənlər sözü tapmaq üçün xeyli infomasiya izləyir, kitab və məqalələr oxuyur. Biliyi sayəsində krossvorddakı sözləri tapa bilir".
L.Əhmədova qeyd edib ki, krossvord həll edənlərin bir qismi çətin bir sözü tapa bilmədikdə başqa krossvordun həllinə keçir, bir qismi isə krosvordu axıra kimi həl etməmiş sakitləşə bilmir: "Bu səbəbdən də krossvord həlli məqsədəyönlü olmağa kömək edir. Krossvord həll etməyi sevənlər səbirli olur və gördükləri işi axıra kimi çatdırırlar".
Psixoloq məsləhət görür ki, heç vaxt krossvord həll etməmisinizsə, sadə krossvordlardan başlayın: "Tədricən sadə krossvordları həll etdikcə, mürəkkəb krossvordlara keçə bilərsiz. Heç krossvord həll etməyən adam birdən mürəkkəb krossvordu həll etməyə başlayarsa, bu, onun üçün çox çətin görünə bilər. İnsan tez həvəsdən düşər və bir də çətin ki, krossvordu əlinə almaq istəyər. Yalnız çox intellektual insanlar birinci dəfə krossvord həll edərkən sözləri rahat tapa bilərlər".
Yaşlı insanlarda krossvord həlli yaddaşın güclənməsinə kömək edir. Yaşlandıqca yaddaş zəifləyir. Məntiqi oyun və krossvordlar isə yaddaş zəifliyini aradan qaldırmağa kömək edir.
Qeyd edək ki, krossvordun həlli kimi tərtibi də intellekt üçün xeyirlidir. Düzdür, krossvord tərtib etmək daha çətindir. Krossvord çox həll edən, sözləri asan tapa bilən adamlar krossvord tərtib edə bilərlər. Krossvordun tərtibinə də asandan mürəkkəbə doğru başlamaq lazımdır.
Psixoloqun sözlərinə görə, uşaqlar arasında da krossvord həll etməyi sevənlər olur: "Artıq 4 yaşından başlayaraq uşaqlar da krossvord həll edə bilərlər. Uşaqlar üçün krossvordlar iki növə bölünür: məktəbəqədər və ibtidai sinif uşaqları üçün olan maraqlı, suallar əsasında təşkil olunan və yeniyetmələr üçün nəzərdə tutulan krossvordlar".
Müsahibimiz bildirib ki, balaca uşaqların söz ehtiyatı yeniyetmələrə nisbətən az olur. Bu səbəbdən də onlar üçün daha sadə krossvordlar seçilməlidir.
Uşaqları daha çox şəkilli krossvordlar maraqlandıracaq. Uşaqlar yaşına uyğun nağıl və cizgi filmi qəhrəmanlarına aid suallar olan krossvordları daha həvəslə həll edirlər.
Onun dediyinə görə, krossvord həlli uşaqlarda yaddaşı məşq elətdirir. Uşaqların söz ehtiyatı artır, boyun fəaliyyəti sürətlənir. Uşağın intellekti daha inkişaf edir.
Krossvord həll etmək dərs oxumaq kimidir. Amma krossvord həllini uşaq oyun kimi qəbul edir. Ona görə də daha asan öyrənir və az yorulur. Məntiqi oyunlar uşağa diqqətini cəmləməyə vadar edir, oyunda qalib gəlmək istədiyi üçün daha yaxşı düşünməyə başlayır.
Həmsöhbətimiz hesab edir ki, asan və sadə krossvordları həll edərək uşaq beynini məşq etdirir və gələcəkdə daha çətin krossvordları həll edə bilir: "Uşaq böyüdükdən və söz ehtiyatı artdıqdan sonra mürəkkəb krossvordları digər ailə üzvləri ilə birlikdə həll edərək maraqlı vaxt keçirə bilər. Ailəvi krossvord həlli ailə üzvləri arasında münasibətin yaxşılaşmasına, mübahisələrin azalmasına kömək edəcək.