"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Trend-ə bildirib ki, son zamanlar bəzi KİV-lərdə və sosial şəbəkələrdə ictimaiyyətdə belə bir fikir formalaşdırılır ki, hal-hazırda metrpolitendə qatarlarda yaranan nasazlıq guya əvvəlki aylarla müqayisədə artıb: "Əslində isə belə deyil. Bizim gündəlik statistika aparan müvafiq strukturumuz var və hətta vaqonda ən kiçik lampa xarab olanda belə depoya qayıdanda mütləq onun qeydiyyatı aparılır. Bu, təhlükəsizlik təlimatı ilə bağlıdır. Hadisələrin təhlilini aparsaq, görərik ki, vəziyyət deyilənlərin tam əksinədir. Bizdə xətdən plandankənar qayıdış deyə bir anlayış var. Yəni nasazlıqla əlaqədar xətdən çıxaraq qatarların depoya qayıtması nəzərdə tutulur. Bir neçə ay bundan əvvəl, məsələn, fevral ayında plandankənar qayıdış gün ərzində 15-17 dəfə olurdusa, hal-hazırda belə hallar 1, maksimum 2 dəfə olur. Elə bunun özü göstərir ki, qatarlarda yaranan nasazlıqlarla bağlı statistika getdikcə aşağı düşür, elə bir ciddi problem yoxdur".
N.Paşayev qeyd edib ki, təhlükəsizlik tədbirləri ilə əlaqədar ən xırda nazaslıq yarandıqda belə, qatar baxış üçün mütləq depoya göndərilməlidir ki, bu da, ilk növbədə, sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi üçündür: "Bizdə hal-hazırda vaqonların diaqnostikası üçün son model texnologiyadan istifadə olunur. Qatarın hər hansı bir hissəsində yaranan nasazlıq mütləq idaretmə lövhəsində və mərkəzi dispetçer xidmətində aşkar olunur. Əgər həmin nasazlığı dərhal yerində, yəni 5 dəqiqə ərzində aradan qaldırmaq mümkündürsə, aradan qaldırılır. Əks halda, qatar baxış üçün mütləq depoya göndərilir. Vaqonda kənar səs eşidilməsi, yanıq iyi və ya digər hallar ola bilər. Belə hallarda sərnişinlər mütləq təxliyə olunur və qatar baxış üçün depoya göndərilir".
Metropolitenin sözçüsü, həmçinin bildirib ki, hazırda Bakı Metropolitenində bir müddət əvvəl ləğv olunmuş gecə növbəsi sisteminin fəaliyyəti yenidən bərpa edilib: "Qatarlar axşam depoya qayıtdıqdan sonra onlar tam diaqnostikadan keçirilir. Bir müddət əvvəl gecə növbəsi hansısa səbəbdən ləğv olunmuşdu. Lakin hazırda gecə növbəsi fəaliyyət göstərir. Qatarlar depoya qayıtdıqdan sonra istər təkərlər, istər yastıqlar, istər bütün elektron avandanlıqları diaqnostikadan keçirilir. Yəni tam hazır olmayan heç bir qatar səhər xəttə buraxılmır. Rəhbərliyin tapşırığı ilə bütün ehtiyat hissələri alınıb, onlar kifayət qədərdir. İstənilən ehtiyat hissəsini hər an əldə etmək imkanımız var, onlar anbarlarda yığılıb, hazırdır. Sərnişinlər bilsinlər ki, onların təhlükəsizliyi ilə bağlı metropolitendə bütün tədbirlər görülür və heç bir narahatlığı da əsas yoxdur".
Mənbə: Milli.Az