Mürəkkəb dəyişikliklər
Damar cərrahı Akif Hümbətov Milli.Az-a açıqlamasında deyib ki, ürəyin, qan damarlarının və hətta kapillyarların divarlarından mərkəzi sinir sisteminə daim siqnallar gedir. Bununla da mərkəzi sinir sistemi orqanizm toxumalarına qidalı maddə və oksigenin getməsini, maddələr mübadiləsinin nəticəsində yaranan zərərli məhsulları və karbon qazını xaric etmək üçün qan dövranını daim tənzim etmək imkanı qazanır. Bu səbəbdən qan və limfa dövranı pozğunluqları qanda mürəkkəb dəyişikliklərin baş verməsi nəticəsində maddələr mübadiləsi pozğunluqları və toxuma ünsürləri pozğunluqları tədricən həyat fəaliyyətinin dayanması ilə nəticələnir. Bu prosesdə sinir rabitələri sayəsində bütün orqanizm iştirak edir. Qan dövranının həm ümumi həm də yerli adlanan pozğunluqları sinir quruluşlarının köməyi ilə bir-biri və bütün orqanizmlərlə sıx bağlıdır. Ürək fəaliyyətinin və bütün damar funksiyasının pozulması, həmçinin qanın miqdarı və keyfiyyətindəki dəyişiklilklərlə əlaqədar baş verən qan dövranı pozğunluqlarına ümumi qan dövranı pozğunluqları deyilir.
Doluqanlılıq
Həkimin sözlərinə görə, yerli hiperemiya yəni doluqanlılıq iki formada müşahidə olunur: arteriyal və venoz hiperemiya. Arterial hiperemiya - fəal hiperemiya istər normal, istərsə də potoloji hallarda orqanizmin müxtəlif hissəsində qanın miqdarının dəyişməsi adi bir haldır. Normal halda terminal qan dövranının müayinəsi göstərir ki, qan toxumada gah artır - hiperemiya, gah da azalır - anemiya. Bu mühitə orqanizmin uyğunlaşması sinir rabitələri vasitəsilə baş verir. Arterial hiperemiya zamanı qan arteriyalarla müxtəlif nahiyyələrə normadan artıq miqdarda axıb gəlir.
“Arterial hiperemiya xarici və daxili (fiziki, mexaniki, kimyəvi və bioloji) səbəblərdən, sinir sisteminin funksiyasının pozulması nəticəsində baş verir. Bu zaman simpatik sinir sisteminin damardaraldıcı sinir ötürücülərində və damargenəldici sinir funksiyasında da pozğunluq yaranır. Arteriaların həddindən artıq genəlməsi və toxumalara güclü sürətdə qan gəlməsi bir çox hallarda angionevrotik hiperemiya adlanır. Bu hiperemiya çox vaxt simpatik sinirin zədələnməsi nəticəsində törənir: güllə yaralanması, boyun fəqərəsinin sınması və sair”.
Həkim bildirib ki, arterial hiperemiyanın əsas əlamətləri: qanda oksigenin - hemoqlobinin artaması nəticəsində toxumaların al rəngdə qızarması, nəbzvurmanın duyulması, toxuma temperaturunun bir qədər yüksəlməsi və funksiyalarının (selikli qişaların və vəzilərin sekresiyası) artması. Bu zaman hiperemiyaya uğramış sahənin funksiyası artır. Əgər arterial hiperemiya uzun müddət sürərsə və təkrarlanarsa, hipertoniya və arteriya divarının funksiyasının artmasına görə damar, əzələ toxuması, daxili qişanın yoğunlaşması nəticəsində qalınlaşır. Bəzən arterial hiperemiya o qədər də ciddiyə alınmır. Ancaq kövrək və sklerotik damarın partlayaraq qanaxma törətməsi ölümlə nəticələnə bilər.
Həyati vacib orqanlarda fəsad
A.Hümbətovun dediyinə görə, venoz hiperemiyada arteriyalarla qan normal gələrək venalarla qanın axıb getməsinin çətinləşdiyi zaman orqanizmin müəyyən üzvündə və ya nahiyyəsində qan durğunluğu törəndikdə baş verir. Bu zaman toxuma oksigen azlığından (hipoksiya) və karbon qazının çoxluğundan tünd qırmızı olur, göyərir, temperatur enir, venalar və kapliyarlar genəlir, qanla dolur, qan təzyiqi artır, qan cərəyanı isə yavaşıyır. Şiddətli durğunluq və qan cərəyanının yavaşıması baş verdikdə eritrositlərin və plazmanın müntəzəm paylanması hesabına plazmatik qan tədricən yox olur (prestaz): “Venoz hiperemiya mərkəzi və periferik mənşəli olur. Ümumi durğunluq hiperemiyanın səbəbləri ürək xəstəlikləri və sinə boşluğunda müxtəlif patoloji proseslər nəticəsində törəyən ürək fəaliyyətinin zəifliyindən ibarətdir ki, bu zaman ürəyin sağ qulaqcığının fəaliyyəti zəifləyir. Ağ ciyərlərdə qan durğunluğu tədricən başladıqda ağ ciyərlər arteriyasının xırda şaxələri - arteriolalar ürək fəaliyyətinin tənzimlənməsində xüsusi rol oynayır. Ancaq o daraldığı zaman ürəyə gedən qan miqdarı azalır. Bunun kəskinləşməsi tənəffüs yollarının - bronxların, traxeyanın selikli qişalarının şişməsi inkişaf edərək çoxlu miqdarda selik ifraz edir. Ürək qüsuru və ürək fəaliyyətinin zəifliyi nəticəsində “ağ ciyər ürəyi” halında daxili orqanlar, böyrəklər şişərək göyərir, böyrək damarlarında genəlmə müşahidə olunur.
Çox vaxt kəskin miokardit nəticəsində baş verən venoz hiperemiya zamanı qara ciyər çox böyüyür. Bu zaman qara ciyərdə bir litrdən artıq qan yığıla bilər. Venoz hiperemiya zamanı dalaq yumşaq toxumalı orqan olduğu üçün digər üzvlərə nisbətən daha çox böyüyür. Bu zaman dalaqda gərginlik artır və tünd göy rəngdə olur. Ürək fəaliyyəti zəif olduqda adətən ödem ürəkdən uzaq olan yuxarı və aşağı ətraflarda başlayıb tədricən gövdəyə yayılır. Bununla yanaşı mədə-bağırsaq traktı şişir, qarın boşluğunda maye toplandıqda - qarın ödemi, ağ ciyər boşluğunda toplandıqda isə ağ ciyər ödemi əmələ gəlir”.
Müalicə
Həkimin sözlərinə əsasən, qan dövranı pozğunluğu kifayət qədər ciddi problem olub yalnız mütəxəssislərin yardımı ilə müalicə olunmalıdır. Çünki insanın yaşaması və fəaliyyətini davam etdirməsi üçün bütün bədəndə dövr edən qan sisteminin normal fəaliyyəti şərtdir. Bu patalogiyanın vaxtında müalicə edilməməsi həyati vacib orqanlarda müxtəlif fəsadlar yaradır və nəticədə ölüm qaçılmaz olur. Müalicə zamanı orqanlarda baş verən dəyişikliklərin nə dərəcədə olduğu aşkarlanaraq müvafiq şəkildə tədbirlər görülməlidir. Məsələn, qaraciyər, böyrək, dalaq, ağ ciyərdə yaranan problemlərin - rəng dəyişikliyi, şiş, ödem diqqətdən yayınmamalıdır. İstər mərkəzi, istərsə də periferik mənşəli olan belə ödemlər ürək fəaliyyətinin zəifliyini oyadıcı dərman preparatları vasitəsilə aradan qaldırmaqla tədricən ləğv oluna bilər. Belə halda ətraflarda, qara ciyərdə, böyrəklərdə, dalaqda venoz qanın və serroz boşluqlarda toplanmış ödemin miqdarı azalır.