Qadin.NET / Gəlin uşaqları qoruyaq!

Gəlin uşaqları qoruyaq!

 

Gəlin uşaqları qoruyaq!

22 il əvvəl bu gün Azərbaycan BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyaya qoşulub. Konvensiyaya qoşulmaqla ölkəmiz uşaqların hüquqlarını müdafiə edəcəyinə dair öhdəlik götürüb. Əslində, bunun üçün öhdəlik götürməyə ehtiyac olmamalı idi. Amma son illərin statistikası bu cür düşünməyə əsas verir. Uşaqların çox vaxt ailədə zorakılığa məruz qalmasına misal olaraq bir neçə il əvvəl döyülərək öldürülən 5 yaşlı Sevincin faciəsini xatırlatmaq kifayətdir. Çox təəssüf ki, bu sonuncu insident deyil. İki gün əvvəl daha bir ata övladının canına qıyıb.
ANS TV-nin məlumatına görə, övlad qatilinə çevrilən şəxs 14 yaşlı oğlunu 50 bıçaq zərbəsilə öldürub. Eşitmə və danışma qüsurlu olan İbrahimin yalvarışlarına məhəl qoymayan və törətdiyi zorakılığı soyuqqanlıqla danışan Eldəniz Məmmədovun bu hərəkətinin isə yalnız bir adı var. Vəhşilik. Ümumiyyətlə son zamanlar uşaqların təcavüzə və zorakılığa məruz qalmasının səbəbləri isə müxtəlifdir. 
Uşaq hüquqları üzrə ekspert Dadaş Əhmədovun sözlərinə görə, digər bir tərəfdən cinayət cəzasız qalır: “Nəzarət zəif olur. Dövlətin daha güclü nəzarətinə insanların maariflənməsinə ehtiyac var. Cəzalar sərtləşməli, zorakılığa məruz qalan şəxslərə dövlət tərəfindən reablitasiya kursları keçilməlidir”.
Düzdür uşaq hüquqlarının qorunması istiqamətində qüvvədə olan qanunlarımız var. Ölkəmiz müxtəlif konvensiyaya bir necə beynəlxalq sənədə də qoşulub. Üzərinə götürdüyü öhdəliklərdə də açıq-aşkar bildirilir ki, dövlət hər bir uşağın sağlam, normal yaşaması üçün ən böyük müdafiəçidir. Lakin faktların ailələr tərəfindən çox zaman gizli saxlanması, tam rəsmi statistika əldə etməyə də imkan vermir. Elə buna görə də Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yeni elektron baza yaradır. Həmçinin məsuliyyətsiz valideyinlərin ciddi cəzalandırılmasını nəzərdə tutan yeni təkliflər paketi hökumətə təqdim edilib.
Bir çox dövlətlərdə məsələn, ABŞ, Avropa ölkələrinin bir çoxunda uşaqlarla kobud davranmaya onlara təziqlər göstərməyə görə valideyinlər sərt şəkildə cəzalandırılır. Hətta onlar cinayət məsulliyətinə belə cəlb olunur. Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi isə bu tələbləri yeni hazırlanacaq Uşaq məcəlləsində daha sərt şəkildə təklif edəcək. Kömitə rəsmiləri düşünür ki, yeni məcəllə uşaqların, həm hüquqi, həm də faktiki təminatçısına çevrilə biləcək. 
Hazırda dünyada hər 2 uşaqdan biri zorakılığa məruz qalır. Araşdırmalara görə, insanların uşaq yaşlarında aldığı pisixoloji travmalar daha sonralar şəxsi həyatları ilə yanaşı cəmiyyətə qarşı mövqelərində də əks olunur. Bu problemlərdən qaçmaq üçün isə gələcəyimizi indidən təminat altına alaq və uşaqları qoruyaq.

Mənbə: ANS PRESS

 

21 iyul 2014
GO BACK