Qadin.NET / Leyla Əliyevanın şeiri türk mətbuatında

Leyla Əliyevanın şeiri türk mətbuatında

Leyla Əliyevanın şeiri türk mətbuatında
Azərbaycan prezidentinin qızı Leyla Əliyevanın şeiri Türkiyə mətbuatında yayımlanıb.ANS PRESS-in məlumatına görə, yazıçı-publisist Mahir Qabiloğlu Azərbaycan prezidentinin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın "Ulduzlar pillə-pillə düzülsəydi səmaya" adlı şeirinin tərcüməsini Türkiyə mətbuatında təqdim edib.Bir neçə Türkiyə saytında yayımlanan həmin şeiri diqqətinizə çatdırırıq:


Ulduzlar pillə-pillə
Düzülsəydi səmaya,
Ay da nurun səpsəydi
Kəhkəşanlı yollara
Birər-birər qalxardım,
Baş vurardım göylərə,
Səni oradan alıb,
Qaytarardım geriyə...

Külək qadir olsaydı,
Hissləri çatdırmağa,
Açaraq ürəyimi,
Verərdim tufanlara.
Coşardım, bağırardım,
Göyə, külli - aləmə.
Sən də duyardın yəqin, –
Darıxmışam mən necə...

Səsin hələ canlıdır,
Ürəkdədir o vaxtdan;
Ötən günləri, əlbət,
Sən də xatırlayırsan...
Çaylar çatdırsa mənə
Dediyin o sözlərdən
Bil ki, çox qiymətlidir
Min diləkdən, istəkdən...

Mən bilmirəm hardasan, –
Harda arayım səni?!.
Buludlara möhtacam,
Anlatsalar yerini...
Əlim əlinə dəysin,
Sığallayım, oxşayım.
Tək bu ana həsrətəm, –
Vüsalıma yetişim...

Yağış niyə ağlayır? –
Göz yaşı da bir ümman...
Bu suala cavabı,
Ala bilsəm yağmurdan
Ay da gələrdi dilə,
Söyləyərdi gizlicə –
Ruhun şaddır, yoxsa ki,
Gəzir göydə, dərbədər?..

Yenə öncəki təki,
Qayğın mənə aşikar;
Uzaqda olsan belə,
Ruhun olur mənə yar...
Danışa bilsəydilər,
Uca dağlar, zirvələr,
Səni çox sevdiyimi
Həmən yetirərdilər.

Aramızda ağaclar,
Dönüb körpü olsaydı,
Ayaqyalın, başaçıq
gələrdim həmən
qaçıb;
Mən heç də hər hissimi
Sözə çevirəmmirəm,
Gülərdim, təbəssümüm
söyləyərdi:
– Sevirəm..!

Bir gün bir qalib gündüz,
Gecəni əsir alsa,
Günəş şəfəqləriylə,
Zülmətə işıq salsa...
Səni bağrıma basıb,
Bərk-bərk qucaqlayaram;
Nə olsa da, gözümdən
Uzağa buraxmaram...

Tək səndin mənə doğma
Bu fani dünyamızda;
Xatirən əbədidir
Ürəyimdə, ruhumda...
Yenə də ümidliyəm
Bitməyəcək görüşə...
Mən buna inanıram
Ümman boyda sevgimlə...

Ruscadan çevirəni: Mahir QABİLOĞLU

Mənbə: ANS PRESS

19 iyul 2014
GO BACK