Ağdaşın Hapıtlı kənd sakini Əhməd Məmmədovun təsərrüfatındakı iribuynuzlu heyvanlar arasında bir həftədir ki, nodulyar dermatit virus xəstəliyi aşkarlanıb. Milli.Az El TV-yə istinadən xəbər verir ki, təsərüfat sahibi xəstəliyin uzunmüddətli olacağından ehtiyatlanır. Onun sözlərinə görə tələfat olmasa da, heyvanların hərəkətləri zəifdir. Kənd sakinlərinin sözlərinə nodulyar dermatit xəstəliyinə yoluxan heyvanlar əvvəlcə qızdırır, sonra dəridə müxtəlif ölçüdə şişlər əmələ gəlir, heyvanlar halsızlaşır, qidalanması da kəsilir. Artıq Hapıtlıda 40 baş iribuynuzlu nodulyar dermatit-ə yoluxub. Kənddəki vəziyyətdən Ağdaş rayon Baytarlıq İdarəsi də xəbərdardır. Rayonun baş baytarı Sahib Qurbanov deyir ki, Hapıtlıda mal-qaranın örüşə aparılmasına icazə verilmir. Ağdaşdakı heyvan bazarı da nəzarət altındadır. Bazarlarda vəziyyətə nəzarət etmək üçün qrup da yaradılıb və eyni zamanda dezinfeksiya işləri aparılıb. Baş baytar deyir ki, nodulyar dermatit yay aylarında baş verən xəstəlikdir, həm də müalicəsi bir az çətindir. Ancaq dezinfeksiya işlərinin aparılması xəstəliyin qarşısının alınmasında ən yaxşı üsuldur.
Mənbə: Milli.Az