Qadin.NET / Gün şüalarından özünüzü qoruyun

Gün şüalarından özünüzü qoruyun

Gün şüalarından özünüzü qoruyun

Havaların yenidən kəskin istiləşməsi günvurmadan əziyyət çəkənlərin sayını artırıb.ANS TV-nin məlumatına görə, qızmar günəş şüaları altında çalışanlar və ya istirahətlərini dəniz kənarında təşkil etməyə üstünlük verənlər çox zaman günvurma diaqnozu ilə xəstəxanalara müraciət edir. Elə son bir həftədə Təcili Tibbi Yardım Stansiyasına 18 nəfər bu diaqnozla üz tutub. Onlardan 6-nın vəziyyəti orta-ağır olduğundan xəstəxanaya yerləşdirilib, digərlərinə isə yerindəcə ilkin tibbi yardım göstərilib. Günvurmadan əziyyət çəkənlər arasında 3 azyaşlı da olub.Mütəxəssislərin fikrincə, çimərliklərə əsasən səhər saatlarında və axsam saat 6-dan sonra getmək məsləhətdir. Çünki günəşin zenitdə olduğu vaxt insan üçün ən təhlükəli vaxtdır. Təhlükəli olan həm də qadağan olunmuş çimərlik sahələrində çimməkdir. Bu cür hallara görə yay mövsümü başlayandan bu günə kimi Təcili Tibbi Yardıma 36 suda boğulma faktı ilə bağlı müraciət daxil olub.Havaların isti keçməsi ilə əlaqədar dənizə üz tutanların sayında artım müşahidə olunduğundan FHN-in dövlət sularda xilasetmə xidməti baş verə biləcək neqativ halların aradan qaldırılması üçün çimərlik ərazilərinə peşəkar dalğıclar cəlb edib. Sahilboyu ərazilərdə təhlükəsizlik tədbirləri kimi qadağanedici nişanlar qoyulub. Qurumun sektor müdiri xüsusilə uşaqların çimərliklərdə diqqətdən kənar qalmamasını məsləhət görür.Hidrometeoroloqlar isə havaların hələ bir müddət də isti keçəcəyini deyir. Odur ki, istər iş başında, istər küçədə, istərsə də çimərliklərdə olarkən gün şüalarından özünüzü hər an qoruyun.

Mənbə: ANS PRESS

18 iyul 2014
GO BACK