Maneəli düşüncələr insanların yenidən ailə qurmasına əngəl olur
Psixoloq Fatimə Bayramova Milli.Az-a bildirdi ki, yenidən evlənmək anlayışında xəyanət məfhumunun olması mümkün deyil: “Çünki xəyanətin mənası "kiminsə etibarını puç etmək"dir. İnsan ikinci dəfə ailə qurduğu zaman heç kimin etibarını zədələmir. Bu onun haqqıdır. Aydındır ki, o, tərəf-müqabilindən ayrılıb. Bununla da, insan sadəcə öz ailəsindən, o cümlədən, ailə quracağı insanın ailəsindən asılı şəkildə müəyyən vəziyyətlərlə rastlaşa bilər və mən deməzdim ki, ikinci dəfə ailə qurmaq cəmiyyət tərəfindən yaxşı qarşılanmır. Əksinə, bizim cəmiyyətdə boşanmış qadına münasibət düzgün formalaşmayıb. Qadın boşandıqdan sonra bir çox çətinliklərlə rastlaşır.
Əlbəttə ki, dünyagörmüş, mədəni insanların bu vəziyyətə münasibətləri normaldır. Lakin boşanan kişilərə və ya yenidən evlənən kişilərə münasibət o qədər də kəskin şəkildə özünü büruzə vermir. Bu da gender probleminin hökm sürdüyü anlamına gəlir.
O ki qaldı ailədə uşaqların valideynlərinin boşanmasına və başqa insanlarla ailə qurması məsələsinə, bu hər ailədə fərqli şəkildə özünü göstərə bilər. Bu baxır ailədə valideynlər hansı səbəbdən boşanıblar. O cümlədən, valideynlərin uşağın həyatında rolundan da olduqca çox şey asılıdır”.
Yenidən evlənmə zamanı yaranan tərəddüdləri isə psixoloq qorxu, narahatlıqla əlaqələndirir. Onun fikrincə, bu qorxu, narahatlıq insanların yenidən quracaqları ailəyə bəslədikləri ümidlərin puç olma ehtimalından yaranır, eyni hadisələrlə yenidən rastlaşma qorxusundan meydana gəlir: “Məsələn, sevdiyindən xəyanət görən insan bu halı bütün əks cins nümayəndələrinə şamil edə bilər. Onun artıq inamı sarsılıb. Bununla da, təbiidir ki, insan şüurunda belə bir fikir formalaşacaq ki, "yenidən bu vəziyyəti yaşaya bilmərəm" və ya "yenidən bu vəziyyəti yaşamaq istəmirəm". Məhz bu cür maneəli düşüncələr insanların yenidən ailə qurmasına əngəl olur”.
Ailəni “təzələmək” ailədə psixoloji dəyişikliyə səbəb olurmu?
İnsanlar arasında belə bir sorğu aparılıb ki, "Əgər boşansanız, yenidən evlənərdinizmi?" Respondentlərin çoxu yenidən evlənməyəcəklərini və ya bunun çətin olduğunu vurğulayıb.
Psixoloq deyir ki, insanlar boşandıqdan sonra artıq əvvəlki yoldaşlarına nisbətən daha da ideal insan seçmə niyyətində olurlar:
“Çünki idealı ilə uyğun gəlməyən insanla ailə həyatı sürə bilmədiklərinin şahididirlər. Tamamilə ailə qurmaq niyyətində olmayan insanlar isə azadlıq, şəxsi inkişaf haqqında düşünürlər. Təbiidir ki, yenidən evlənmənin tərəfdarı olan insanlar da az deyil. Bu seçimi daha çox övladları olan atalar edirlər. Bu da aydındır ki, uşaqları üçün ana axtarırlar. Övladı olan valideyn bütün həyatını övladı ilə bağlayır. Lakin onun da öz şəxsi həyatı olmalıdır. Amma daxilində yaranan "övladlarıma yaxşı valideyn olacaq, yoxsa yox?" fikri onun ətrafında baş verən xoşagəlməz hadisələrin təsirindən yaranır. Bu halı dəqiqləşdirmək üçün insan sadəcə zamanla, seçdiyi insanı müşahidə etməklə müəyyənləşdirə bilər. Bununla da şübhə yaradan düşüncələri, müvəqqəti məna kəsb edən tərəddüd hallarını aradan qaldıra bilər”.
İstər qadın, istərsə də kişinin boşanmasına və ya evlənməsinə insanların münasibətinə gəldikdə isə F.Bayramova bildirdi ki, bu, onların nə səbəbdən boşanmaları və nə səbəbdən evlənmələri ilə olduqca əlaqədardır:
“Məsələn, cavan yaşda həyat yoldaşı rəhmətə gedən insana, demək olar ki, hər kəs yenidən evlənməsi üçün məsləhət verir. Övladı olan insana isə bu halın normal olduğu, "uşaqlarını anasız (atasız) böyütməmək" kimi fikirlər aşılanır.
Lakin müəyyən problemlərdən, xəyanət, zorakılıq, ailəyə qarşı laqeyd davranış və bu qisim neqativ hallar səbəbindən boşanan insanların yenidən ailə həyatı qurmalarında daim şübhəli, inamsız, xoş olmayan məqamlar yaranır. Onlarda ailə quran insanlara qorxu və şübhə hissi formalaşa bilər. Yəni "əvvəlki həyat yoldaşına bu neqativ halları yaşadıbsa, niyə də mənə yaşatmasın?" Əgər bu neqativ hallar insanın xarakterinə çevrilibsə, yenidən qurulmuş ailədə, sözsüz ki, eyni hallar yaşanacaq. Çünki yetkin insanın xarakterinin dəyişməsi çətindir. Əsassız və layiq olmadığınız halda qadına (və ya kişiyə) göstərilən hal birinci dəfə baş verirsə, bu hala xarakter əlaməti demək olmaz. Lakin bu hal dövri səciyyə daşıyırsa, demək olar ki, bu hal artıq xarakter əlamətinə çevrilib”
Bəs ailəni “təzələmək” ailədə psixoloji dəyişikliyə səbəb olurmu? Psixoloq deyir ki, əlbəttə, səbəb olur:
“Valideynlərdən birinin yenidən ailə həyatı qurduğu zaman ailəyə tamamilə yad olan bir insan gətirilir. Yəni "yad" kəlməsini burada tanımadığımız qisimdə demək istəməzdim: bir ailəyə yeni bir insan daxil olursa, o, bir müddət yad rolunda iştirak edir. Psixoloji cəhətdən ailə üzvlərinin yeni insana uyğunlaşması prosesi müəyyən müddət davam edir. O cümlədən, ailəyə daxil olan qadın (və ya kişi) özü də həmin ailəyə uyğunlaşsın deyə müxtəlif etaplardan keçir. Nəticədə, bu hal insanların bir-birini qəbul etməsi ilə bitir. Əgər ailədə yeni qurulan ailəyə münasibətdə heç bir zidd fikir yoxdursa, o ailədə münasibətlər, psixoloji iqlim müsbət səciyyə daşıyacaq. Lakin əks halda, ailə üzvlərindən birinin yeni ailəyə münasibəti mənfidirsə, ailədaxili münasibətlərdə yaranan neqativ vəziyyətin uzun müddət davam etməsi ehtimalı var”.
Əvvəlki həyat yoldaşları ilə ailə quran insanlar daha xoşbəxtdirlər
Müşahidə edilən hallardan biri də valideynlərin boşanması və yenidən bir-biri ilə evlənməsidir. Bununla bağlı F.Bayramova deyir ki, çox zaman bu hala uşaqların psixoloji cəhətdən keçirdikləri mənfi halları əsas götürürlər:
“Həmçinin belə bir fikir də var ki, "eyni səhvləri etmək düzgün deyil, onlar yenidən yaşanılacaq". Amma mən bu fikirlə razı deyiləm. Düzdür, psixoloji cəhətdən, boşanma prosesində, yəni valideynlərin bu cür qərar verib uşaq psixikasına təsir etmələri müsbət hal deyil. Lakin hadisəyə bir başqa yöndən baxsaq, görərik ki, boşanan və yenidən əvvəlki həyat yoldaşları ilə ailə quran insanlar daha xoşbəxtdirlər. Çünki onlar bir dəfə ayrılıb, düşündükləri azadlığın, yalnız həyatın, yoldaşsız bir həyatın elə də bir mənası olmadığının şahidi olurlar. Yəni ailədənkənar həyatda xoşbəxtliyi tapa bilmədiklərini anlayırlar. Bir növ peşmançılıqla əlaqələndirərdim. Yenidən əvvəlki həyat yoldaşları ilə ailə qurduqları zaman, insanlar əvvəllər etdikləri səhvləri çalışırlar təkrarlamasınlar. Bununla belə, bəzən də olur ki, valideynlərin öz hisslərini deyil, məhz uşaqlarını düşünüb yenidən birlikdə olmaları hallarına da rast gəlinir”.
Boşanan ailəyə psixologiyada natamam ailələr deyilir. Bu cür ailələr uşaqlara müxtəlif cür təsir göstərir. Belə bir fikir irəli sürülüb ki, uşaqlar üçün valideynlərinin boşanmaları onların həyatında baş verə biləcək üçüncü faciədir. Onlardan birincisi, valideynlərinin hər hansı birinin ölümü, ikincisi valideynlərinin hər hansı birinin sağalmaz xəstəliyə tutulması, üçüncüsü isə valideynlərinin boşanmasıdır. O ki qaldı valideynlərinin boşandığı zaman keçirdiyi hisslərə, psixoloq deyir ki, bu, uşağın sadəcə inkişafına zərər yetirə bilər:
“Fiziki və psixi cəhətdən normal böyüyə bilər. Lakin bu cür uşaqların hər birinin daxilində daim yarımçıqlıq hissi mövcud olacaq. Valideynlərinin yenidən evlənməsi zamanı, əgər uşağın öz doğma atasına (və ya anasına) qarşı nifrət hissi varsa, yeni analığı (və ya atalığı) qəbul edə bilər. Valideynlərindən birinin rəhmətə getməsi, digərinin yenidən ailə qurması halını da hər uşaq başqa cür qəbul edir. Elə uşaq var ki, düşünür ki, atam tək qalmasın, elə uşaq da var ki, bu halı rəhmətə gedən valideyninə qarşı xəyanət sayır. Məlumdur ki, yenidən ailə quran insanlar təkcə cavanlar deyil. Yaşlılar arasında da bu hal özünü göstərməkdədir. Ən çox kişilər dul qaldıqda və ya boşandıqda yeni ailə qururlar. Bu halı da müxtəlif şəkildə izah etmək olar. Yəni kimsə yaşlı vaxtında tək qalmamaq üçün ona baxan, ona qulluq edən insanın olması fikrini əsas tutaraq yenidən ailə həyatı qurur. Yaşlı olsalar da, onların da övladları var. Yəni yaşlı vaxtda ailə quran insanların övladlarının da bu hala münasibətləri fərqlidir. Eynilə kiçik uşaq kimi, ya razı olurlar, ya da digər valideynə qarşı xəyanət hesab edirlər”.