Qadin.NET / Qarpız yeyək, yeməyək?

Qarpız yeyək, yeməyək?

 

Qarpız yeyək, yeməyək?

İyulun 12-də Sumqayıtda bir ailədə qarpızdan kütləvi zəhərlənmə olub. Hadisə Cabbarovlar ailəsində baş verib. Sumqayıt şəhərində yaşayan Səidə Cabbarova, azyaşlı qızları Fatimə, Zəhra, oğlu Səid, habelə qohumları Aygün Cabbarova, azyaşlı qızları Zeynəb və Xədicə qidadan zəhərləniblər. Onları xəstəxanaya yerləşdiriblər. Araşdırmalar zamanı ailə üzvlərinin qarpızdan zəhərləndikləri məlum olub.
Qeyd edək ki, yay aylarında bir sıra müsbət təsirləri olan qarpızdan zəhərlənmə xofu insanları rahat buraxmır. Bu səbəbdən də, insanlar qarpızdan istifadə edərkən ehtiyatlı olmalıdırlar. İqtisadiyyat ve Senaye Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, məhsulu alarkən onu keyfiyyətinə baxılmalıdır.
Keyfiyyətcə standarta müvafiq qarpızlar təzə, təmiz, bütöv və sağlam, öz təsərrüfat-botaniki növlərinə xas olan rəngdə olmalıdır. Ən xırda ölçülü qarpızın diametri 15 sm-dən, tezyetişən və xırdameyvəlilərdə isə 12 sm-dən az olmamalıdır.
Qarpız qəbul olunan müvafiq sanitar qaydalara uyğun olaraq saxlanmalıdır. Ticarət şəbəkəsində, o cümlədən evdə qarpızı qapalı, arakəsməli yerlərdə bir sırada saplağı yuxarı olmaq şərtilə saxlamaq lazımdır. Qarpızın yaxşı, keyfiyyətli qalması üçün onu 3-4ºC temperaturda və 70-75% nisbi rütubətdə saxlamaq lazımdır. Qarpızı bir neçə qat kağıza büküb çanta, yaxud torbada sərin yerdə 4 ay saxlamaq olar. Doğranmış qarpız dilimlərini üstü bağlanan plastik və polietilen qabda qablaşdırıb donduraraq mənfi 18ºC temperaturda saxlamaq mümkündür.
Qarpızın təbii yetişmə vaxtı iyul-avqust aylarıdır. Ona görə də qeyd olunan müddətdən əvvəl bu məhsulları almaq məsləhət deyil.
Qarpızın yetişməsini və keyfiyyətini müəyyən etməyin bir sıra üsulları var. Yetişmiş qarpızın saplağı yanındakı bığcığı quruyur, meyvənin növə məxsus naxışı tam aydınlaşır, barmaqla vurarkən küt səsi verir, meyvənin səthində parlaqlıq əmələ gəlir. Satışa çıxarılan qarpızlar əzik, çatlamış və xəstəliklə zədələnmiş olmamalıdır. Keyfiyyətli qarpız bütöv, zədəsiz və quru saplaqlı olmalıdır. Üzərindəki sarı ləkənin imkan daxilində az olması daha lazımdır.
Ekspertlərin fikrincə, problem yaranmaması üçün qarpızdan istifadə edərkən diqqətli olmaq lazımdır. İqtisadi Tədqiqatlar Mərkəzinin aqrar məsələlər üzrə eksperti Vahid Məhərrəmovun fikrincə, qarpız və yemişlərin tərkibində nitratın dərəcəsini yoxlamaq üçün analizlər qarpız-yemiş bazarlara daxil olmadan yerində aparmalıdır: “Fiziki baxımdan bazarlara daxil olan bütün məhsulların tərkibini analiz etmək də mümkün deyil. Amma qarpızın, yemişin təhlükəsizliyi baxımından fermerlər yerli orqanlara müraciət etsə, həmin orqanlar da onlara məxsus bostanlarda müvafiq müayinələr apararaq obyektiv rəy versə, proses bu qədər qəlizləşməz. Eləcə də İrandan, Türkiyədən gətirilən məhsullar gömrükdən keçmədən obyektiv analiz olunmalıdır. Ümumiyyətlə, sertifikatsız məhsul satışına birdəfəlik qadağa qoyulmalıdır. Sertifikatın verilməsi isə mütləq qaydada düzgün aparılmalıdır”. 
Ekspert onu da əlavə edib ki, bəzən bu il qarpıza nitrat vurulmayıb kimi fikirlər səslənsə də, bu o demək deyil ki, məhsul qorxusuzdur. Onun fikrincə, nitrat torpaqda uzun müddət qala bildiyi üçün əvvəlki illərdə torpağa verilən nitrat tərkibli azotu qarpız hər il özünə cəlb edə bilir: “Odur ki, torpaqdan da nümunə götürülüb, tərkibi yoxlanılmalıdır. Bildiyiniz kimi, azot havadadır. Təbii yolla iki halda olur; şimşək çaxanda hava sıxılır və azot ayrılıb yağış vasitəsilə bitkini qidalandıra bilir. İkinci halda isə paxlalı bitkilərin kökündə olan bakteriyalar havadan azotu alır və bu bitkiləri bioloji yolla qidalandırır. Bunlar təbii azotdur. Süni yolla alınan azot gübrəsi isə ammonyak tərkibli və nitrat tərkiblidir. Nitrat tərkibli azot gübrələrinin ölkəyə gətirilməsinə qadağa qoyulmalıdır. Çünki bizim kəndlilər ondan istifadə qaydasını bilmir və zərərli nəticələr yaranır”.
Məsələ ilə bağlı şərh verərkən həkimlər də, vətəndaşlara qarpız yeyərkən ehtiyatlı olmağı məsləhət bilir. Bakı şəhər təcili və təxirəsalinmaz tibbi yardım stansiyasının baş həkimi Mürsəl Həmidovun ANS PRESS-ə verdiyi məlumata görə, qarpızı başqa qida məhsulları ilə qəbul etmək olmaz.
“Bu yay bizə qarpızdan zəhərlənmə ilə iki nəfər şikayət edib. Müayinə zamanı onların da qarpızdan zəhərlənmədikləri məlum olub. Unutmaq lazım deyil ki, yayın qızmarında qida zəhərlənmələri çoxalır. Vətəndaşlara tövsiyyə olunur ki, qarpızı soyuq yesinlər. Ona görə də, qarpızı yeməkdən ya 1 saat əvvəl, ya da, 1 saat sonra qəbul etmək lazmdır. Çünki qarpız yağlı yeməklərlə qarışanda həzm prosesi pozulur. Həzm prosesində asan və çətin həzm olunan qidalar var. Çətin həzm olunana qiadalarla asan həzm olan qidaları bir yedikdə mədədə problemlər yaranır”, -deyə Mürsəl Həmidov bildirib.
Rəsmilər isə bu il qarpız və yemişlə bağlı şikayət daxil olmadığını bildirirlər. Respublika Gigiyena və Epidemiologiya Mərkəzin qida təhlükəsizliyi şöbəsinin müdiri İmran Abdullayevin ANS PRESS-ə verdiyi məlumata görə, bu günə qədər sırf qarpızdan zəhərlənmə hadisəsi qeydə alınmayıb.
“Bəzi kimyəvi zəhərlənmələr olub. Lakin çox vaxtı zəhərlənənlər öz xəstəliklərini qarpızla əlaqələndirirlər. Bəzən yeməkləri qarışdıran zaman zəhərlənmələr olur. Bunu təkcə qarpızla əlaqələndirmək olmaz. Bu zaman yalnız qarpız yalnız zəhərlənməni aktivləşdirə bilər”, - deyə İmran Abdullayev bildirib.
İqtisadiyyat ve Senaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyevin ANS PRESS-ə verdiyi məlumata görə, monitorinqlər aparılır. Hələlik qarpız və yemişlə bağlı heç bir şikayət daxil olmayıb.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev də ANS PRESS-ə verdiyi açıqlamada bildirib ki, hələlik bu sahədə heç bir problem yaranmayıb: “Kütləvi yoxlamalarda yemiş və qarpız daxil olmaqla, mövsümü meyvə-tərəvəz diqqət mərkəzində olacaq. Yoxlamaların məqsədi gübrələrin, nitratların verilməsinə nəzarətdir”.
Rəsmi qurumların açıqlamalarına baxmayaraq qarpızdan zəhərlənmə faktı mövcuddur. Təkcə yazımızın əvvəlindəki faktı xatırlatmaq kifayətdir. Ona görə də bu cür zəhərlənmə hadisələri baş verməzdən əvvəl qabaqlayıcı tədbirlərin görülməsi daha yaxşı olardı.

Mənbə: ANS PRESS

 

14 iyul 2014
GO BACK