Qadin.NET / Bu da final, bu da "Marakana": Almaniya, yoxsa Argentina?

Bu da final, bu da "Marakana": Almaniya, yoxsa Argentina?

 

Almaniya birləşəndən sonra ilk dəfə çempion olmağın bir addımlığındadır; Argentina isə 28 illik fasilədən sonra...

Braziliyada keçirilən futbol üzrə XX dünya çempionatı Bakı vaxtı ilə iyunun 14-nə keçən gecə yekunlaşır. Bir ay davam edən gərgin mübarizədə “Dünya kuboku”na iddialı iki komanda qalıb. Argentina və Almaniya.  
Yarımfinal oyunları ərəfəsi hər bir azarkeşin finalda hansı komandaların oynayacağı barədə öz istəyi vardı. Kimlərsə Argentina və Braziliyanın ifasında Cənubi Amerika finalını arzulayırdı, kimlərsə 1974-cü ildə olduğu kimi dünya çempionatının finalında Almaniya-Hollandiya qarşılaşmasını istəyirdi. Əslində sonuncu istəyin reallaşması daha ədalətli olardı. Hollandiya çempionatda yaxşı oyun nümayiş etdirdi və məhsuldar oynadı. Amma Hollandiyanın yarımfinal oyununda yanlış taktikası, hücum futbolundan daha çox müdafiəyə qapılması, nəhayət, penalti zərbələrindən özünə arxayınlığı Argentinanı üçüncü dəfə finalda Almaniyaya rəqib etdi.  Argentina 28 illik fasilədən sonra dünya çempionu olmaq şansına sahibləndi... Almaniya isə birləşəndən sonra ilk dəfə çempion olmağın bir addımlığındadır. 24 il sonra... 
Statistika nə deyir? 
Bundan əvvəl 7 dəfə finala çıxan almanlar yalnız 3 dəfə (1954, 1974, 1990), 4 dəfə final oynayan argentinalılar isə 2 dəfə (1978, 1986) dünya çempionu ola biliblər. İyulun 13-də Rio-de-Janeyrodakı “Estadio do Maracana”da Almaniya qalib gəlsə, bu, ölkənin birləşməsindən sonra onların ilk çempionluğu, həmçinin Amerikada Avropa təmsilçisinin ilk zəfəri ola bilər. 

1986-cı il Meksika mundialının finalında bu komandaların qarşılaşması illərdir dünya çempionatları tarixində ən maraqlı və gərgin oyun kimi xatırlanır. Biz də xatırlayaq: Argentina Braunun və Valdanonun qolları ilə 2:0 önə keçir. İkinci hissədə Almaniya millisinin baş məşqçisi Frans Bekkenbauer Rudi Felleri meydana buraxır. Onun ötürməsindən sonra  74-cü dəqiqədə Rummeniqqe hesab arasındakı fərqi azaldır. 81-ci dəqiqədə isə Feller özü başla qol vurur. Almaniya millisinin güclü hücumları davam edir. 84-cü dəqiqədə Maradonanın gözəl ötürməsindən sonra Borruçaqa qapıçı ilə təkbətək mövqeyə çıxır və Argentinaya qələbə gətirən qolu vurur. Möhtəşəm final idi! Bu quru statistika, heyf ki, həmin oyunun həyəcanını canlandırmaqda gücsüzdür!
1990-cı il İtaliya mundialında tarix yenidən təkrarlandı: Almaniya finalda Argentinaya rəqib oldu. Oyunun 83-cü dəqiqəsində Argentinanın oyunçusu rəqibi cərimə meydançasında yıxdı. Uzun mübahisələrə və Maradonanın göz yaşlarına baxmayaraq, Breme Almaniyaya “Dünya kuboku” gətirən qolu vurdu. 
Rəqiblər finallardan başqa dünya çempionatlarında daha dörd dəfə qarşılaşıblar. 1958-ci ildə qrup mərhələsində almanlar 3:1 hesabı ilə qalib gəlsələr də, 1966-nın qrup oyununda qolsuz bərabərlik qeydə alınıb – 0:0.
2006-cı ildə 1/4 finalda Almaniya-Argentina oyunu da gərgin keçdi. Oyunun 79-cu dəqiqəsinədək Argentina Ayalanın vurduğu topla irəlidə idi. 80-cı dəqiqədə Miroslav Kloze hesabı bərabərləşdirdi. Penaltilərdə isə almanlar daha güclü oldular: 4:2. 2010-cu ildə 1/4 finalda isə Almaniya Müllerin (3), Klozenin (68 və 89) və Fridrixin (74) vurduğu qollarla Argentina üzərində inamlı qələbə qazandı. 
Yoldaşlıq görüşlərini də nəzərə alsaq, komandalar  cəmi 20 dəfə qarşılaşıblar ki, argentinalılar 9 oyunda qalib gəlib, 6-da uduzublar, daha 5 görüş isə heç-heçə başa çatıb.  2012-ci ilin avqustunda Frankfurt-Maynda Almaniya yoldaşlıq görüşündə 1:3 məğlub olub. 
Argentina finala layiq idimi?   
Argentina, xüsusilə Maradonanın tənqidini eşidə-eşidə və deyəsən, elə də ciddiyə almadan gəlib finala çıxdı. Argentinanın sabiq hücumçusu komandanın əzmkar oyun nümayiş etdirmədiyini dəfələrlə tənqid etdi. Keçirdiyi bütün oyunlarda minimal hesablı qələbə qazanması Argentina millisində həqiqətən də problemlərin olduğunu göstərirdi. Komandanın qrup mərhələsi də daxil olmaqla penaltilər seriyası sayılmasa, cəmi 8 top vurmasını başqa necə izah etmək olar? Daha bir məqam isə argentinalı ulduz oyunçu Messinin pley-off mərhələsində qol vura bilməməsidir. Əgər Hollandiyada matç sonrası vurduğu penaltini nəzərə almasaq...

Amma fakt da faktlığında qalır. Argentina finaldadır və indi onlar dünya çempionu olmaq üçün özlərini meydanda şəhid etməyə də hazırdırlar. Argentina üçün Braziliyada “Dünya kuboku”nu qazanmağın bir başqa anlamı da var. Braziliya və Argentina Cənubi Amerika qitəsində bir-birlərini bəyənməyən ölkələrdir. Təkcə qəhvələrini yox, heç futbolçularını da. Argentinanın Braziliyada kubok qazanması braziliyalıları Almaniya məğlubiyyətindən də  çox sarsıda bilər. Neymarın finalda Argentinaya azarkeşlik edəcəyi ilə bağlı dedikləri artıq Braziliyada aranı qatıb. Bu baxımdan final gecəsində Almaniyanı tribunalardan daha çox dəstəkləyən olacağını demək olar.
Argentinanın baş məşqçisi gedir, bəs Löv?
Maradona Hollandiya ilə görüşdə Argentinanın yaxşı oynamadığını deyib: "Argentina yaxşı oynamadı, ancaq rəqibin də nəsə etməsinə imkan vermədi. Finalda Almaniyanı məğlub etmək mümkünsüz deyil. Məncə, bunu bacararıq".
Argentina millisinin hücumçusu Qonzalo İquain: “Almaniya bizim finala çıxmamızdan narahat oldu. Qarşımızda sadəcə bir oyun qalır. Qalan başqa şeylər önəm daşımır. Hər kəs qələbə üçün meydanda sonadək mübarizə aparacaq”, - deyib. 
Argentina düşərgəsindən daha bir xəbər millinin baş məşqçisi Alexandro Sabelya ilə bağlıdır. Xəbərə görə, mundial başa çatdıqdan sonra Sabelya Argentina millisinin ayrılacaq.
Təcrübəli mütəxəssisin meneceri Euqeino Lopes bildirib ki, Almaniya ilə final matçında nəticənin necə olacağından asılı olmayaraq, Sabelya istefa verəcək: "Sabelya Argentina millisi ilə finala yüksəldi. Daha o, burada vəzifəsini yerinə yetirib. Final oyunundan sonra Sabelya yığmadan ayrılacaq".
Səkkiz ildir Almaniya millisinin baş məşqçisi olan Yoahim Lövün də taleyi bu finalda həll olunacaq. Hələ çempionat öncəsi də belə xəbərlər vardı ki, Lövün taleyi Almaniyanın göstərdiyi nəticəyə bağlıdır. Löv Almaniyanı finala gətirib və indi komanda ona olan borcunu qaytarmalıdır. 
Löv Argentinanın güclü rəqib olduğunu bildirib: "Avropa Cənubi Amerikaya qarşı - baxımlı mübarizə olacaq. Rəqib güclü komandadır. Onların heyətində Lionel Messi və Qonzalo İquain kimi futbolçular çıxış edir. Bu oyuna yaxşı hazırlaşacağıq". 
Miroslav Kloze  isə deyib ki, finalda uduzmaq çox qorxunc hissdir, buna görə də artıq kuboku qazanmaq vaxtıdır: “Qırdığım rekorda gəlincə bu, mənim üçün böyük emosional hadisədir. Ancaq məni tanıyan hər kəs bilir ki, hazırda yüz faiz bütün diqqətimi Argentina ilə oyuna yönəltmişəm. Əgər finalda uduzsaq, sevincim kədərə çevriləcək".
Qeyd edək ki final oyunu İtaliya Futbol Federasiyasından Nikola Ritssollinin başçılıq edəcəyi hakimlər briqadasına həvələ olunub.
M.Ritsolli "Bavariya" və "Borussiya" arasında 2013-cü ildə baş tutan Çempionlar Liqasının final qarşılaşmasını da idarə edib.
Hansı “A”? 
Almaniya, yoxsa Argentina?  Bütün dünya günlərdir bu suala cavab axtarır. Müxtəlif proqnozlar var. Almaniyanın qələbə qazanacağını deyənlər daha çoxdur. Argentinanı qələbəsini isə yenə Messiyə bağlayırlar. Argentina türk dünyasına dost ölkə deyil. Almaniya millisinin heyətində isə həmişə türk kökənli futbolçular olub. Almaniya həm də Avropadır, bizə daha yaxındır. Hər mənada. Həm də adamın Allahı olar, Almaniya bu mundialda Argentinadan daha yaxşı oynadı, daha çox qol vurdu. 
Bu gecə bütün suallar bitəcək. Braziliya çempionatında isə hələ çox danışılacaq...

Mənbə: Milli.Az

 

13 iyul 2014
GO BACK