Qadin.NET / Bizi izləyən gizli ölüm

Bizi izləyən gizli ölüm

 

Bizi izləyən gizli ölüm

Bu gün dükan-bazardan yolunu salıb, alış-veriş edənlər, diqqətli olmalıdır. Çünki satıcının verdiyi sellofan torbanın insan üçün ziyanlı olmasının fərqinə varmaq lazımdır. Əvvəllər isə belə problem yox idi. Sovet dövründə bazarlarda əsasən kağız torbalardan istifadə edilirdi. Bundan başqa, əvvəllər xüsusi həsir zənbillər vardı. Bu həm rahat idi, həm də təhlükəsiz.
“Qabaqlar bazarda tor zənbillər satılırdı. Balaca idi, cibimizə də qoya bilirdik. Bir şey alanda, rahat onun içinə qoyurduq”, - deyə akademik Urxan Ələkbərov vurğulayır.
İndi isə həmin torbaları tordan deyil, polietilendən hazırlanan sellofanlar əvəzləyir. Adı da elə kimyəvi tərkibinə uyğundur, polietilen paketlər. Bu torbaların həyatımıza nə qədər çox nüfuz etdiyini demək isə artıqdır. Sadəcə ətrafa nəzər salmaq kifayətdir. Binaların qarşısında ucalan ağaclara, bazarların önündən keçən asfalt və ya torpaq yollara, mağazadan ərzaq alıb evə gedən insanların əlinə, bir də, zibilliyə nəzər salmaq kifayətdir. 
Hesablamalara görə bu paketlər tullantıların 15-20 faizini təşkil edir. İlk görünüşdə səliqəli görünən bu torbaların “buynuzu” zibilliyə atılandan sonra çıxır. Gün ərzində zibil qutularında toplanan minlərlə polietilen paketlər təhlükə mənbəyidir. Bakının zəif bir küləyi bəsdir ki, onları paytaxtın bütün küçələri boyu səpələsin.
Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov ANS PRESS-ə açıqlamasında plastik torbalarda ərzağın saxlanılmasını müsbət hal saymadığını bildirib. Onun sözlərinə gör, belə torbalar bütün ölkələrdə qadağan edilib.
Qeyd edək ki, Azərbaycanda da, bu təcrübə artıq yaşanır. Çünki Bakı Bulvarında sellofan və polietilen torbaların satışı, eləcə də, istifadəsi qadağan edilib. Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov ANS PRESS-ə verdiyi məlumata görə, bu təcrübə öz bəhrəsini müsbət mənada göstərib. Çünki artıq bulvarda zibil yetərincə azadlıb.
Artıq Dənizkənarı Milli Parkda gəzərkən sellofan torbaların ətrafı zibilləməsini görmürsən. Çox böyük fərq var. Yaxşı olardı ki, bu təcrübə bütün Bakıda tətbiq olunsun”, - deyə Nazim Məcidov vurğuladı.
Tibbi baxımdan da, kimyəvi tərkibli torbalar insan orqanizminə olduqca pis təsir edir. Nərimanov rayon 8 saylı şəhər poliklinikasının baş həkimi Tamilla Kərimova da ANS PRESS-ə açıqlamasında sellofan və polietilen torbalarda qida məhsullarının saxlanılmasının məqsədəuyğun olmadığını bildirdi. Onun sözlərinə görə, bu insan həyatını təhlükəli səxtəliyə düçar edər.
“Sellofan torbaların istifadəsi insan dərisi üçün böyük təhlükədir. Bundan başqa, tərkibində toksiki maddələr olduğu üçün onlarda ərzaq saxlamaq olmaz. İnsanın zəhərlənməsi də birbaşa belə torbalarda ərzaq saxlanılması nəticəsində baş verir. Uşaq yeməklərinin plastik qablarda, eləcə də, sellofan torbalarda saxlanılması isə olduqca təhlükəlidir. Bu uşaqların inkişafına birbaşa mənfi təsir edir”, - deyə Tamilla Kərimova vurğulayıb.
Onun sözlərinə görə, belə torbalar torpağa düşdükdə çürümür: “Günaş şüasi və su ilə təmasa girdikdə havaya olduqca ziyanlı maddə buraxılır. Bu da onkologiya xəstəliklərinə səbəb olur. Bundan baqa, sümük xəstəlikləri, sonsuzluq kimi xəstəliklər də belə maddələrin insana yaxın olması səbəbindən yayılır. Əgər kimyəvi madədlərin insana təsirini bilsəydilər, onu tamam ləğv edərdilər”.
Məsələ ilə əlaqədar Milli Ekoloji Departament Forumunun rəhbəri Telman Zeynalov ANS PRESS-ə açıqlamasında bildirib ki, problem o qədər ciddidir ki, əgər vaxtında həyəcan təbili çalınmasa, gələcək nəsillər bədbəxt olacaq. 
“Sellofan torbaların sayəsində şəhərdə oksigen çatışmazlığı yaranıb. Onların yandırılmasından tutmuş, torpağa atılmasına qədər, hamısı havanı çirkləndirir. Çünki belə maddələri yandıranda havaya buraxılan tüstü oksigeni azaldır. Əvəzində karbon və digər üzvi maddələri havaya yayır. Bundan başqa, küçələrə atılan sellofan torbalar ağacların budaqlarına yapışaraq, onların havaya oksigen buraxmasının qarşısını alır. Eyni zamanda, torpağa atılan polietilen və sellofan torbalar çürümür. Kimyəvi tərkibinə görə, uzun müddət parçalanmadığı üçün yananda da ətraf mühitə çirkli qaz buraxır. Onun tüstüsü insan orqanizminə çox ziyandır. Həm də o qazlar müxtəlif xəstəlik yaradır. İrsi xəstəlik, xərçəngi inkişaf etdirir. Ona görə də, onu yandıranda xüsusi temperaturda yandırırlar”, - deyə Telman Zeynalov qeyd edib.
Ekspert deyir ki, bu tipli torbaları Sovet dövründə olduğu kimi kağızla əvəz etmək lazımdır:
“Çünki kağız torpaqda çürüyür. Bundan əlavə onun çürüntüsü torpağa xeyir verir. Sovet dövründa kağız qablayıcılar vardı. Politrenlərdən istifadə qadağan idi. Bununla da zibilin yenidən istifadə edilməsi mümkün olurdu. Bu sahədə ölkə rəhbərliyinin bircə göstərişi lazımdır. Sellofan torbaları istehsal edən sexlər bağlanmalıdır. Belə torbaların ölkəyə gətirilməsini də qadağan etmək lazımdır”.
Ekspert deyir ki, kağız torbalara keçən zaman da, ehtiyatlı olmaq vacibdir. Çünki bu zaman ağacların kütləvi şəkildə qırılması baş verə bilər.
“Ağacların kütləvi şəkildə qırılmasının qarşısını almaq üçün istifadə olunmuş kartonlardan, textalardan təkrar emal olaraq kağız torbalar istehsal etmək olar. Bununla da, təbiəti həm çirklənməkdən, həm də özümüzü xəstəliklərdən qoruyarıq”.

Mənbə: ANS PRESS

 

13 iyul 2014
GO BACK