Allah-təala Quranda Qədr gecəsini niyə min aydan xeyirli adlandırıb? 1000 rəqəminin hər hansı mənası varmı?
Bəzilərinin fikrincə, “Qədr gecəsi min aydan daha xeyirlidir” ayəsindəki “min ay” ifadəsi sadəcə çoxluq mənasını bildirir və konkret məna daşımır. Allah-təala bu ifadə ilə Qədr gecəsinin əzəmətini mübaliğəli şəkildə ifadə etmək istəyib.Milli.Az İslam.Az-a istinadən bildirir ki, bəzi alimlər “min ay” ifadəsində orta insan ömrünün (təqribən 83 il) nəzərdə tutulduğunu yazırlar.
Bəzi rəvayətlərə görə, ayədəki “min ay” ifadəsi məhz konkret müddəti bildirir. Bir gün Həzrət Mühəmməd Peyğəmbər (s) səhabələr üçün Bəni-İsrail ümmətindən olmuş və min ay düşmənlərlə cihad etmiş bir nəfərin əhvalatını danışdı. Səhabələr qibtə ilə soruşdular ki, görəsən, biz də belə savab qazana bilərikmi? Peyğəmbər onlara cavab verdi ki, Qədr gecəsində yatmayıb ibadət etsələr, onlar da bu qədər savab qazana bilərlər. Daha bir rəvayətə görə, bir gün Həzrət Mühəmməd Peyğəmbər (s) yuxuda görür ki, Onun minbərinə bir-birinin ardınca növbə ilə meymunlar qalxıb-enirlər. Peyğəmbər bu yuxudan xeyli kədərlənir. Cəbrail Ona yuxunun yozumunu açır, Peyğəmbərin minbərinə növbə ilə qalxıb-enən meymunların Bəni-Üməyyə xəlifələri olduğunu söyləyir. Sonra Allah-təala Peyğəmbərə təskinlik məqsədilə Qədr surəsini və “Biz sənə kövsər bəxş etdik” (Kövsər, 1) ayəsini vəhy edir. Bu rəvayətə görə, ayədəki 1000 ay Əməvi xəlifələrinin üst-üstə hakimiyyət müddətinə işarədir.
Mənbə: Milli.Az