ABŞ-ın Corciya Texnologiya İnstitutunun alimləri internetdə senzuranın nə dərəcədə effektiv olmasını müəyyən etmək niyyətindədirlər. Belə ki, onlar Encore açıq kod sisteminin köməyi ilə müxtəlif ölkələrdə blok edilmiş internet saytlarına çıxış imkanı haqqında çoxlu məlumat toplamağı planlaşdırırlar.Milli.Az İCT.nevs-a istinadən bildirir ki, sınağın uğurlu olması üçün burada həm iri, həm də kiçik saytların iştirakı tələb olunur. İnzibatçılar saytın koduna yalnız Encore sisteminin saytına yönələn linki əlavə etməlidirlər. Saytın səhifəsi istifadəçinin kompüterinə yüklənəndən sonra sistem fon rejimində müəyyən saytlara çıxış imkanını yoxlayacaq və müvafiq informasiyanı alimlərə ötürəcək.Alimlərin sözlərinə görə, bu, kompüterin işinə təsir göstərməyəcək və sistem istifadəçilərin fəaliyyətini izləyə bilməyəcək. Senzura tərəfindən blok edilən saytların ünvanı Herdict (Nardikt) layihəsinin iştirakçıları tərəfindən tərtib olunan siyahıdan götürüləcək. Alimlər qeyd edirlər ki, burada pornoqrafik saytların ünvanları olmayacaq. Bundan başqa, sistem istifadəçiləri brauzerlərinin tədqiqatda iştirak etməsi barədə xəbərdar edəcək və onlar bu funksiyanı söndürmək imkanına malik olacaqlar.
Mənbə: Milli.Az