Şəkərli diabetdən əziyyət çəkənlər üçün xoş xəbər var. Bu xəstəliyin müalicəsi üçün istifadə olunan insulin iynələri get-gedə tarixə qovuşacaq. Azərbaycana gətirilən yeni cihazları istifadə edənlər artıq insulin iynələrinə ehtiyac duymayacaqlar. Hər şeyi aparat özü edəcək.
ANS TV-nin məlumatına görə, artıq Səhiyyə Nazirliyi Almaniyanın “İME-DC” şirkəti ilə yeni layihəyə start verib. Şəkərli diabetin müalicə və müayinəsi üçün xüsusi cihazlardan, yəni pompalardan insulin vurulması üçün istifadə olunacaq. Artıq Azərbaycana 90 ədəd bu cihazlardan gətirilib. Almaniya şirkətinin beynəlxalq satış üzrə direktoru bildirir ki, hələ ki, gətirilən bu cihazlar 18 yaşına qədər olan uşaqlar üçün istifadə olunacaq. Bu cihazlara özünə nəzarət qurğuları quraşdırılacaq.
Şirkət direktoru Maksim Andrianovun sözlərinə görə, Azərbaycan Səhiyyə Nazirliyi bu problemə çox ciddi yanaşır və nəticədə nəinki mədəaltı vəzinin işini tənzimləyən insulin pompaları, həmçinin xəstəliyin müalicəsinin uğurlu aparılması üçün yardımçı bütün detallar və vasitələr də alınıb: “Onların içində ən vacibi isə qlukometrlərdir. İnsulin pompası və qlukometr vasitəsilə qanda şəkərin dərəcəsini dəqiq ölçmək mümkün olacaq”.
Ölkəyə gətirilən cihazın adi insulinin vurulmasından bir sıra fərqli cəhətləri var. Pompa vasitəsilə daha fizioloji olaraq insulin yeridilir. Digər insulin preparatları isə 12 saatdan 24 saata kimi təsirə malikdirsə, bu stabil olaraq orqanizm tərəfindən qəbul olunur. Amma insulin pompası ilə bazal insulinin günün istənilən vaxtında vurulması, mütləq miqdarı kənardan proqramlaşdırılır. Pompada verilən proqrama əsasən insulin bədənə yeridilir. Bu da şəkəri daha düzgün kompensasiya etməyə imkan verir. İkinci tərəfdən də qida insulini lazım olanda bu proqram vasitəsilə orqanizmə yeridilir və ora əlavə olaraq insulin atılır. Bu cihazlar artıq Respublika Endokrinoloji Mərkəzinə gətirilib.
Mərkəzin direktoru Rauf Cabbarovun sözlərinə görə, cihazların istifadəsi üçün gələn aydan etibarən maarifləndirmə işlərinə başlanılacaq: “Bu insulin pompaları vasitəsilə şəkərli diabet xəstəliyindən əziyyət çəkən uşağa düzgün nəzarət oluna biləcək”.
Layihənin uğurla həyata keçəcəyindən əmin olan direktor onu da əlavə etdi ki, ilkin olaraq bu cihazlar orta yaşlı uşaqlar üçün tətbiq olunacaq. Ancaq bunun, təkcə paytaxda deyil, ölkənin bütün rayonlarında istifadəsi nəzərdə tutulub.