Qadin.NET / Azərbaycanda pediatr, yoxsa ailə həkimi?

Azərbaycanda pediatr, yoxsa ailə həkimi?

 

Ümumi təcrübəyə malik həkim uşağa düzgün diaqnoz qoya bilərmi? 
Hələ klassik ədəbiyyat nümunələrindən xrestomatik olan bu obraz bizə yaxşı məlumdur: qayğısına qaldığı ailənin üzvlərinin təkcə səhhəti ilə deyil, həm də həyati olaylarından xəbərdar olan ağ saqqalı, gənc sayılmayan və eynəkli həkim. Eyni zamanda ev təbibi və ya yerli-qəza mütəxəssisi xəstəliyin bütün hallarında peşəkar sayılırdı. Cəmiyyətin tərəqqisi, o cümlədən Sovet İttifaqının yaranması ilə, yəni tibbin "ümumi və pulsuz", ən əsası hamıya əlçatar olduğu çağlarda, rayon poliklinikalarında tələb olunan sahə mütəxəssisini tapmaq müşkül məsələ deyildi. Sovet İttifaqı çoxdan yoxdur, amma prinsip etibarilə sxem elə həminkidir.
Bircə müalicənin keyfiyyət səviyyəsi kəskin aşağı düşüb və yaxşı mütəxəssis axtarışlarında klinikalara çoxsaylı "qaçışlar" artıq bir çoxlarına məlumdur. Bu problemlərdən nəinki böyüklər, uşaqlar da yaxa qurtara bilməyiblər. Pediatrlar - məişətimizin və övladlarımızın ayrılmaz hissəsidir. Və sirr deyil ki, valideynlər heç də həmişə həkimlərin göstərdikləri xidmətlərin keyfiyyəti və spektorundan razıdırlar. Bizdə uşaqların müalicə xüsusiyyətləri necədir və dövlət bizə nə təklif edir?
Etibar etmək və yoxlamaq
Sahə həkimlərinə inamsızlıq problemi çox vaxt insanları, yaxınlarının rəyinə əsasən özəl tibb mərkəzlərindəki "mütəxəssislərə" müraciət etməyə məcbur edir. Lakin bir mütəxəssisin digəri ilə əvəz edilməsi düzgün diaqnozun qoyulması və sonrakı müalicə ilə bağlı vəziyyəti mürəkkəbləşdirir. Çünki həkim heç də həmişə xəstənin tam tibbi bioqrafiyası ilə tanış olmur. Özəl tibb mərkəzlərinin tədqim etdikləri xidmətlərin olduqca bahalı olması faktını nəzərə almaqla, bu, şərti ixtisaslaşdırılmış tibb xidməti pasiyentlərin ancaq məhdud sayı üçün əlçatar edir. Bu sistemi necə optimallaşdırmaq və əhalini müasir, başlıcası isə peşəkar tibbi xidmətin təqdim olunması ilə necə təmin etmək olar?
Azərbaycan Tibb Universitetinin (ATU) tədris hissə müdiri Nəsimi Qasımovun dediyi kimi, milli təhsil sisteminin, xüsusən də tibbin Avropa modelinə inteqrasiya etməsi, köhnə sovet sisteminin ölməsinə və yeni qaydaların tətbiqinə gətirib çıxarır. Onlardan biri tibbi təhsilin ikipilləli sistemidir: altı il ümumi təhsil və dörd il rezidentura (tibb ixtisasının daha dərindən mənimsənilməsini təmin edən təhsilin beynəlxalq dünya standartı). Bununla da pediatrlar hazırlayan fakültə ümumi müalicə fakültəsi ilə birləşir. Pediatrlığı daha əsaslı öyrənmək istəyənlər rezidenturaya daxil olmalıdırlar. Ümumilikdə, altı illik təhsil alan tələbə ancaq sahə və ya ailə həkimi qismində işləyə bilər. Lakin N. Qasımovun qeyd etdiyi kimi, sonrakı məqsəd bütün həkimlərin rezidenturanı bitirmələri, bütün tibb və səhiyyənin sisteminin isə peşəkar əsasa keçməsindən ibarətdir.
Ailə həkiminin təcrübəsinin mahiyyəti ondan ibarətdir ki, o, ailə üzvlərinin səhhətinə nəzarət edərək, imkan daxilində profilaktik tədbirlər həyata keçirməklə və xəstəliyin ilkin əlamətlərini müəyyənləşdirməklə, bütün ailəyə "başçılıq" edir. Bundan başqa, ümumi təcrübəyə malik ailə həkimi ilkin tibbi yardım göstərə bilər. Amma onun əsas funksiyası - xəstələrini göndərdiyi dar profilli müxətəssisin düzgün peşəkar müalicənin təşkil edilməsidir. Nəsimi müəllim deyir ki, indi xəstələrin bir hissəsi rayon poliklinikalarında müalicə olunurlar, bir hissəsi isə professor və ya özəl həkimlərlə. Yeni standartların tətbiq edilməsi xəstələrin hər birini müvafiq mütəxəssisə yönəltməklə, bütün xəstələr üçün müalicəyə yanaşmanı vahidləşdirəcək.
Fərdi yanaşma, yoxsa "lazımsız iştirakçı"?
İctimaiyyətin potensial yeniliyə münasibəti necədir? Bir sıra respondentlər ümumilikdə etiraz etmirlər. Yeddiyaşlı oğul anası Əsmər Hacıyeva deyir ki, rayon sahə pediatrına müraciət edir: "Bəxtimiz gətirib. Oğluma elə məni müalicə edən həkim qismət olub. O, bacarıqlı, savadlı həkimdir. Bütün yeni dərmanlar və müalicə üsullarından xəbərdardır. Eyni zamanda o, həmişə maddi vəziyyəti qiymətləndirir və bahalı dərmanlar yazmağa can atmır. Bundan başqa, özüm də səhhətimdə şikayətlər yarandığı təqdirdə ona müraciət edə bilirəm". Ananın sözlərinin mahiyyətinə görə, o, sanki qeyri-ənənəvi ailə həkimidir.
10 yaşlı qızı olan Aysel Babayeva isə hesab edir ki, uşağın hazırkı vəziyyətindən və təkcə onun deyil, eləcə də ailənin digər üzvlərinin səhhətindən xəbərdar olan həkim, sahə pediatrından səmərəli olmalıdır. Sonuncu gün ərzində həddindən çox pasiyentlə yüklənir və sadəcə fiziki olaraq hamıya lazımı diqqəti ayıra və bütün şikayət və narahatlıqları nəzərdən keçirə bilməz. "Dövlət klinikalarından olan həkimlərə müraciət etmirəm. Çünki onların ixtisaslaşmasından əmin deyiləm. Məni evimə gəlib diqqətlə müayinə edən, adekvat müalicə yazan özəl həkim qane edir". Həm də rəsmi "pulsuz" olmasını nəzərə alaraq, rayon həkimindən pasiyentin səhhətində maraqlı olmasını gözləmək çətindir. Lakin əks rəylər də var. İki uşaq anası Alyona Səlimova etiraf edir ki, hər sahədən "başı çıxan" həkim onda çox da rəğbət oyatmır. "Elə fövqəladə anlar olur ki, diaqnozun qoyulması təcili lazım olur. Bunu isə ancaq mütəxəssis edə bilər. Ümumi təcrübəyə malik çoxprofilli həkim məncə, lazımsız iştirakçıdır".
Təbii olaraq milli dövlət səhiyyəsindən narazılıq şərtlərində dərhal gələcək ailə həkimlərinin bilik və ixtisaslaşma səviyyəsi ilə bağlı məsələ qalxır. Yəni ailənin bütün üzvlərinin böyükdən-kiçiyə qədər "yararlana" biləcəyi təbib. Və burada tam "texniki" məqam var. Uşaq - bu, təkcə böyüyün kiçildilmiş surəti deyil. Uşaq və böyüklərdə bir sıra xəstəliklərin əlamətləri, o cümlədən müalicəyə yanaşma və dərman preparatlarının miqdarı fərqli olur. Hətta "bəsit" adenoidin (udlaq badamcığının şişməsi) müalicəsi böyüklərdə və uşaqda təkcə yanaşmasına görə deyil, həm də müxtəlif fiziologiyasına görə fərqlənir.
Həkim-pediatr Nailə Sədrəddinova hesab edir ki, Pediatrlıq İnstitutunun ləvğ edilməsi və uşaqların ümumi təcrübə həkimlərinin əllərinə verilməsi səmərəsizdir. "Uşaqlar və böyüklərin müalicəsinə yanaşma prinsip etibarı ilə fərqlidir. Əgər uşaqlara dərman vasitələri çəkiləri nəzərə alınmaqla təyin edilirsə, böyüklərdə bu tamamilə fərqlidir. Eyni hal məsələn, cərrahiyyəyə aiddir. Uşaq cərrahı böyük adamı əməliyyat edə bilər, amma "böyük" uşağı - yox". Həkim-pediatr Marina Vetkina təsdiq edir: "Terapevt düşünmədən uşağa diaqnoz qoymağa cəhd etmədiyi halda, pediatr böyük adama diaqnoz qoya bilər. Bundan başqa, böyük və uşaq nevrologiyasına yanaşmalar da fərqlidir. Hətta Tibb Universitetində pediatrlıqda təhsil alan tələbələr, müalicə fakültəsinin tələbələrindən bir il artıq oxuyurlar.
Bəs onlarda necədir?
Həmyerlimiz, Avropada yaşayan iki uşaq anası demək olar ki, bütün Qərb ölkələrində qəbul edilən səhiyyə və tibbin prinsiplərindən danışır: "Burada müalicə sistemi çoxpilləlidir: şikayətimdən asılı olmayaraq, əvvəlcə mən qeydiyyat üzrə ailə həkiminə müraciət edirəm. Bundan sonra o, lazımi mütəxəssisə təyinat yazır. Daha sonra, yenə də qeydiyyat üzrə ciddi təyin olunmuş vaxtda mütəxəssisin qəbuluna gedirik. Lakin bu da diaqnozun dərhal qoyulacağına zəmanət vermir. Əvvəlcə zəruri analizləri vermək lazımdır. Cavabları bir həftə ərzində məlum olur. Ümumilikdə səhiyyə 18 yaşına qədər uşaqlar üçün pulsuzdur. 18 yaşdan sonra isə müəyyən faiz ödənilir, eyni zamanda bir çoxlarının tibbi sığortası var. Ailə həkimi həmişə zəruri köməyi göstərə və düzgün diaqnoz qoya bilmir. Bizim başqa həkim seçmək hüququmuz da var".
Göründüyü kimi, yeni sistem ümumilikdə Avropada qəbul edilənə oxşayır. Lakin əsas amil yenə də savadlı kadrların və öz işinin peşəkarlarının vaxtında hazırlanmasıdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, nəticə çıxarmaq olar ki, pasiyentlər ailə həkimlərinə etiraz etmirlər. Amma hələ də müalicə prosesinin iştirakçısını artırmayaraq, ailə həkiminin ixtisaslaşdırılmış tibbi yardım göstərmək qabiliyyətinə malik olmasına üstünlük verirlər.
Mənbə: Milli.Az

 

11 iyul 2014
GO BACK