Qadin.NET / Ər və arvadın öhdəlikləri

Ər və arvadın öhdəlikləri

Ər və arvadın öhdəlikləri
Ailədə ər və arvadın qarşılıqlı hüquq və vəzifələri, öhdəlikləri həmişə maraqlı və özündən bir sıra mübahisələr doğuran məsələ olub. Bu məsələ ilə bağlı Bakı Hüquq Mərkəzi (BHM) hüquq şirkətinin hüquq məsləhətçisi vəkil Aqil Layıcovun verdiyi məlumata görə, ailə münasibətlərində ər və arvadın hüquq və vəzifələri özünü əmlak və qeyri-əmlak sferasında büruzə verir. Bu münasibətləri tənzimləyən qaydalar isə ölkələrin inkişaf səviyyəsinə, sosial ehtiyaca görə fərqlənir. 

Belə ki, sivil ölkələrdə ailə münasibətləri spesifik qanınvericiliklərlə, yəni ailə-nikah qanunvericiliyi ilə tənzimlənir. 
Ailə münasibətlərinin tarixi inkişaf mərhələsinə baxdıqda bu münasibətlərin ən klassik nümunəsi məhz Roma hüququ üçün xarakterikdir. Roma hüququnda ailə münasibətlərini tənzimləyən normalar olsa da, ancaq uzun müddət ərzində ailə rəisi (pater familias) məhz ata sayılırdı. O öz himayəsində olanlar üzərində sərhədsiz hakimiyyətə malik idi. Bu hakimiyyət patria potestas (atanın gücü) adlanırdı. 
Lakin sonralar klassik Roma hüququnda dəyişiklik olmağa başladı. Bu isə tədricən ailə xanımının da hüquqlarının yaranması və eyni zamanda ər-arvadın bir birilərinə qarşı və həmçinin övladlarına qarşı hüquq və vəzifələrinin əmələ gəlməsi ilə nəticələndi. Bu gün hüquq ailə hüquq sistemimizin tərkibinə daxil olan aliment instutu məhz Roma ailə hüquq münasibətlərində baş verən dəyişiklik nəticəsində əmələ gəlib. 
Əmlak münasibətləri zamanı ər-arvadın hüquq və vəzifələri, əmlak rejimlər aşağıdakı kimidir. 
Ailə Məcəlləsi ər-arvadın əmlakının iki rejimini müəyyən edir:
1. Ər-arvadın əmlakının qanuni rejimi;
2. Ər-arvadın mülkiyyətinin müqavilə rejimi.
Ər-arvadın əmlakının qanuni rejimində nikah müddətində qazanılan ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ ilə bağlı münasibətlər, habelə ər-arvadın ümumi əmlakının bölünməsi Ailə Məcəlləsinin VII fəslində göstərilmiş qaydalar əsasında həyata keçirilir.
Ər-arvadın mülkiyyətinin müqavilə rejimi isə o deməkdir ki, ər-arvadın əmlak münasibətləri istər nikah dövründə,istərsə də nikah pozulduqda onlar arasında bağlanan sazişlə müəyyənləşir və bu sazişlə razılaşdırılmış şərtlər qanuni rejimin şərtlərindən fərqli ola bilər.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
Ərlə arvad arasında əmlak münasibətləri AR Mülki Məcəlləsi ilə yanaşı, AR Ailə Məcəlləsi ilə də tənzimlənir. Həmin məcəllənin 32.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
Ər-arvadın mülkiyyətinin müqavilə rejimi isə o deməkdir ki, ər-arvadın əmlak münasibətləri istər nikah dövründə, istərsə də nikah pozulduqda onlar arasında bağlanan sazişlə müəyyənləşir və bu sazişlə razılaşdırılmış şərtlər qanuni rejimin şərtlərindən fərqli ola bilər.
Göründüyü kimi ölkəmizdə nikah müqavilələrinin bağlanması üçün real imkanlar yeni Ailə Məcəlləsi qəbul olunduqdan sonra yaranıb.
Nikah müqaviləsi və onun məzmunu, bu müqavilənin bağlanması, dəyişdirilməsi, pozulması, etibarsız hesab edilməsi qaydası və əsasları Ailə Məcəlləsinin 38-40-cı maddələrində nəzərdə tutulub. 
Bu müqavilə bağlanarkən sazişin qanuniliyinə xələl gətirə biləcək amillər - tərəflərin fəaliyyət qabiliyyətsizliyi, onların azad iradə ifadəsini məhdudlaşdıran hallar, ər-arvaddan birini çox əlverişsiz vəziyyətə salan və ailə qanunvericiliyinin əsaslarına zidd olan müddəalar yoxlanılmalı və nikah müqaviləsinin bağlanma qaydasına ciddi riayət olunmalıdır. Nikah müqaviləsinin mülki qanunvericilikdə təsbit olunmuş əsaslar və qaydalar üzrə bağlanması ilə yanaşı, onun dəyişdirilməsi və xitamı məsələləri də Mülki Məcəllədə müəyyən edilmiş qaydalara uyğun şəkildə həll olunur. Bununla belə nikah müqaviləsi Ailə Məcəlləsində öz əksini tapmış mülki müqavilələrdən fərqli olan müəyyən spesifik əlamətlərə malikdir. Bu müqavilənin səciyyəvi xüsusiyyəti onun subyekt tərkibi, bağlanma tarixi, müqavilənin predmeti və məzmunu ilə bağlıdır.
Ailə münasibətlərində ər-arvadın əmlak xarakterli hüquq və vəzifələrini müəyyən edən saziş digər şəxslərin hüquq və azadlıqlarına toxunmamalı, əlaxüsus bu müqavilədə uşağın mənafeyinə xələl gətirəcək hər hansı bir maddə olmamlıdır. Əks halda həmin maddə mübahisələndirilib etibarsız hala gətirilə bilər. AR Mülki qanunvericiliyində müqavilə azadlığı prinsipi dövlət və ictimai təhlükəsizliyin və digər şəxslərin müdafiəsi üçün məhdudlaşdırıla bilir. Məhz bu konteksdən də ailə münasibətləri çərçivəsində bağlanan saziş digər şəxslərin və uşaqların haqlı mənafeləri üçün məhdudlaşdırıla bilər.
Bundan əlavə valideynlər uşaqların maddi təminatını təmin etməyə borcludurlar. Həmçinin qeyd olunmalıdır ki, darda olan ər-arvad qarşı tərəfdən maddi yardım almağa hüququ vardır. 
Qeyri-əmlakmünasibətləri
Ailə könüllülük və sevgi əsasında yaranan ittifaqdır. Ailə münasibətlərinin qanuni tənzimetmə mexanizminin əsas vəzifələri isə aşağıdakılardır. Bu isə özünü ailə münasibətləri zamanı qeyro-əmlak öhdəlik və tələbləri kimi qarşımıza çıxır.
-ailənin ümumbəşəri prinsiplər əsasında qurulması;
- ailə münasibətlərinin qadın və kişinin könüllü nikah ittifaqı, bütün ailə üzvlərinin maddi mülahizələrdən azad olan qarşılıqlı məhəbbəti, dostluğu və hörmət hissləri əsasında qurulması;
- ailədə uşaqların ictimai tərbiyə ilə üzvi əlaqədar şəkildə vətənə sədaqət ruhunda tərbiyə edilməsi;
- ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsi və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsi;
- ailə münasibətlərində zərərli adətlərin aradan qaldırılması;
- uşaqlarda ailə və cəmiyyət qarşısında məsuliyyət hissinin tərbiyə edilməsi.
Dövlət şəxslərin ailə qurmasını öz islahatları ilə təşviq etməli, ər-arvadın ailə münasibətləri çərçivəsində hüquq və vəzifələrinin həyata keçirməsinə nəzarət etməli zərurət olduqda isə yardım və hüquqlara məhdudlardılıması yönündə adekvat və proporsional müdaxilə etməlidir. Yuxarıda qeyd etdiyimiz kimi ailələrin davamlılığına mənfi təsir edən halların əksəriyyəti qeyri maddi faktorlarla əlaqəlidir. Bu isə özünü ər-arvadın qeyri-maddi öhdəliklərinin yerinə yetirməməsində və qarşı tərəfi bu hüquqdan məhrum etməsində göstərir.

Mənbə: ANS PRESS

11 iyul 2014
GO BACK