Qadin.NET / ABŞ səfirinin iqamətgahında iftar mərasimi təşkil edilib

ABŞ səfirinin iqamətgahında iftar mərasimi təşkil edilib

 

Bu gün ABŞ-ın Azərbaycandakı səfirinin iqamətgahında iftar mərasimi təşkil edilib.APA-nın verdiyi məlumata görə,  mərasimdə Qafqaz Müsəlmanları İdarəsinin sədrinin müavini Hacı Salman, Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli,  səfirlər, millət vəkilləri iştirak ediblər.

Ramazan ayının ehtiyacı olanlardan xəbərdar olmaq ayı olduğunu söyləyən ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar bildirib ki, bu axşam həyat yoldaşı ilə bu iftar süfrəsini təşkil etməkdən qürur duyur. Onun sözlərinə görə, dünyadakı müsəlmanlarla birgə Azərbaycanda milyonlarla müsəlman bu mübarək bayramı qeyd edir: “Ramazan ayı dünyanın hər guşəsində yaşayan müsəlmanların imkansızlara əl tutmaq niyyətinə sadiqliyini bu ayda bir daha təsdiq edir.  Azərbaycanda çoxsaylı dini icmalar arasında qarşılıqlı hörmət və tolerantlığın çoxəsrlik tarixi var. Bu axşam biz bu faktı xüsusi qeyd edirik.  Mən ABŞ prezidenti Barak Obamanın arzularına qoşularaq hər birinizə ailə səadəti, sülh, əmin-amanlıq, birlik və bərabərlik, habelə qarşılıqlı anlaşma dolu bir ay diləyirəm”.

QMİ sədrinin müavini Hacı Salman deyib ki, Ramazan ayında insanlar bir-birinin qeydinə qalmalıdır. O qeyd edib ki, təəssüf ki, Ramazan ayında da bir çox müsəlman ölkələrində qan tökülür: “Allahu-əkbər” deyərək bir-birinə atəş açanlar atəşə son qoysunlar, bunun üçün dua edəcəyik. Dünyada əmin-amanlıq yaransın. Arzu edərdim ki, hegemon dövlətlər münasib addımlar atsınlar, tökülən qanların qarşısını alsınlar. Dua edirik ki, Azərbaycanda yaşayan xalqlar bir-birləri ilə mehriban olsunlar, əmin-amanlıqda yaşamağa davam etsinlər”.

 

Mənbə: Lent.Az

 

11 iyul 2014
GO BACK