Qadin.NET / "Azərbaycanın nüfuzu, önəmi, təsir imkanları gündən-günə artır" - YENİLƏNİB

"Azərbaycanın nüfuzu, önəmi, təsir imkanları gündən-günə artır" - YENİLƏNİB

 

Milli.Az AzərTAc-a istinadən bildirir ki, iyulun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir.
Dövlətimizin başçısı iclası giriş nitqi ilə açdı.
Azərbaycan Prezidenti İlham Əliyevin giriş nitqi
- Nazirlər Kabinetinin bugünkü iclasında biz ilin altı ayının sosial-iqtisadi yekunlarını müzakirə edəcəyik. Deyə bilərəm ki, ilin birinci yarısında ölkəmizin uğurlu inkişafı təmin edilmişdir. Qarşıda duran bütün məsələlər uğurla icra edilmişdir. Bir dənə də olsun icra edilməmiş məsələ yoxdur. Əlbəttə, bu, deməyə əsas verir ki, ilin sonuna qədər də bütün vəzifələr icra ediləcək, ölkəmizin dinamik uğurlu inkişafı davam edəcəkdir.
Bizim uğurlarımızın təməlində düşünülmüş siyasət, sabitlik dayanır. İqtisadi sahədə aparılan islahatlar da mühüm yer tutur. Çünki bu islahatlar sayəsində Azərbaycanın dayanıqlı inkişafı mümkün olmuşdur. Siz də yaxşı xatırlayırsınız ki, vaxtilə bizim uğurlarımızı bəziləri ancaq neft amili ilə bağlayırdılar. Belə bir fikir irəli sürülürdü ki, Azərbaycanın nefti var və buna görə ölkə iqtisadiyyatı inkişaf edir. Əlbəttə, son illərdə bu amil öz rolunu oynamışdır. Ancaq bizim uğurlu siyasətimizin nəticəsində bu gün neftdən asılılıq böyük dərəcədə aşağı düşmüşdür və ümumi daxili məhsulumuzun böyük hissəsi qeyri-neft sektorunda yaranır.
Bu, düşünülmüş siyasətin nəticəsidir və bizim islahatlarımız mötəbər beynəlxalq maliyyə qurumları tərəfindən də yüksək qiymətləndirilir. Mötəbər beynəlxalq maliyyə qurumları öz proqnozlarını müəyyən edərkən, Azərbaycanın bundan sonra da uzun illər ərzində uğurlu inkişafını qeyd edirlər. Bizim islahatlarımız, eyni zamanda, müxtəlif qurumların reytinqlərində də özünü göstərir. Dünyanın aparıcı reytinq agentlikləri bizim kredit reytinqlərimizi artırırlar. Bu gün xarici maliyyə bazarlarından kredit resurslarının cəlb edilməsi üçün bizdə heç bir problem yoxdur. Əksinə, biz bu məsələyə bir qədər təmkinlə yanaşırıq. Çünki hesab edirik ki, daha çox daxili imkanlardan istifadə etməliyik. Davos Dünya İqtisadi Forumu - dünyanın bir nömrəli iqtisadi forumu Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətliliyini yüksək qiymətləndirərək bizi 39-cu yerdə yerləşdiribdir. Hesab edirəm ki, gənc müstəqil ölkə üçün bu, çox böyük göstəricidir.
Bir sözlə, müxtəlif amillərin nəticəsində ölkəmizin uğurlu inkişafı mümkün olmuşdur. Ölkəmizdə çox gözəl investisiya şəraiti vardır. Xarici və daxili investorlar Azərbaycana inamla yanaşırlar. Daxili sabitlik, xalqla iqtidar arasındakı birlik, cəmiyyətdə ölkəmizin gələcəyi ilə bağlı nikbin fikirlərin üstünlük təşkil etməsi, əlbəttə ki, dinamik iqtisadi inkişafımıza təkan verir.
Birinci altı ayda iqtisadi göstəricilərimiz də çox müsbətdir - iqtisadiyyat 2,1 faiz artmışdır. Bəlkə də əvvəlki dövrlərlə müqayisədə bu, o qədər də böyük rəqəm deyildir. Ancaq bu gün dünyada, bölgədə və Avropada yaşanan iqtisadi çətinliklər fonunda hesab edirəm ki, bu, çox gözəl göstəricidir. Ən sevindirici hal ondan ibarətdir ki, - mən bunu sevinc hissi ilə qeyd edirəm, - son illər ərzində qeyri-neft sektorumuz uğurla artır və qeyri-neft sektorumuzda inkişaf 7 faiz səviyyəsindədir. Bu da əlbəttə ki, dediyim məsələlərin nəticəsidir. Çünki əgər biz vaxtilə neft kapitalını insan kapitalına, infrastruktur layihələrinə yönəltməsəydik, bu gün qeyri-neft sektorumuz bu qədər arta bilməzdi. Bəlkə də tənəzzülə uğrayardı və onda biz ancaq neft amilindən asılı ola bilərdik. Gələcək illərdə ayrılan vəsait və aparılan islahatlar qeyri-neft sektorunun daha da böyük çəkiyə malik olmasına gətirib çıxaracaqdır.
İnflyasiya Azərbaycanda nəinki birrəqəmlidir, hətta 1,6 faiz təşkil edir. Bu, çox gözəl göstəricidir. Xüsusilə nəzərə alsaq ki, ölkəmizə bu qədər həm daxili, həm xarici investisiyalar qoyulur, maaşlar, pensiyalar ildən-ilə qaldırılır, sovet vaxtından qalmış əmanətlər kompensasiya şəklində, MDB-də ən böyük əmsalla, ən qısa müddət ərzində insanlara qaytarılmışdır - bütün bu amillərə baxmayaraq, inflyasiya cəmi 1,6 faizdir. Əhalinin pul gəlirləri isə 4,7 faiz artıb, yəni, inflyasiyanı 3 dəfə üstələyir. İstənilən ölkə üçün bu, ən arzu olunan balansdır. Ona görə bu amillər, iqtisadiyyatımızın əsas göstəriciləri bizə ümid verir deyək ki, biz bu templəri ilin sonuna qədər saxlayacağıq. Ümid edirəm belə də olacaqdır, ümumi daxili məhsul daha da artacaqdır.
Kənd təsərrüfatında inkişaf müşahidə olunur. Kənd təsərrüfatımız təxminən 6 faiz artıbdır. Ümid edirəm ki, indi aparılan islahatlar nəticəsində biz gələn illərdə daha da böyük artıma nail olacağıq.
Ölkəmizin maliyyə vəziyyəti çox sabitdir. Mən dəfələrlə demişəm, bizim iqtisadi və maliyyə vəziyyətimiz müstəqilliyimizi şərtləndirən əsas amillərdən biridir. Azərbaycan böyük maliyyə resurslarına malikdir. Bu resursları biz özümüz yaratmışıq, bizə heç kim kömək etməmişdir. Azərbaycan xalqının istedadı və düşünülmüş siyasət nəticəsində bunu əldə etmişik. Bu gün dünya miqyasında adambaşına düşən valyuta ehtiyatlarına görə, hesab edirəm ki, Azərbaycan aparıcı, yəni, ən qabaqcıl yerlərdədir. Bizim 54 milyarddan çox valyuta ehtiyatlarımız vardır. Bu da bizə inam, əminlik verir, imkan verir ki, bundan sonra da böyük infrastruktur və sosial layihələrimizi icra edək.
Bunu da xüsusilə qeyd etməliyəm ki, biz bu vəsaitdən çox qənaətlə istifadə edirik, ən vacib olan sahələrə yönəldirik. Eyni zamanda, ölkə daxilinə dövlət tərəfindən qoyulan investisiyaların artırılmasına da imkan verməməliyik. Çünki bu, xoşagəlməz hallara gətirib çıxara, inflyasiyanı sürətləndirə bilər və buna ehtiyac yoxdur. Biz növbəti illərdə bu templə inkişaf etsək, hesab edirəm ki, kifayətdir.
İl ərzində bizim valyuta ehtiyatlarımız artıb. Yəni, biz ildən-ilə, aydan-aya valyuta ehtiyatlarımızı artırırıq. Ona görə, mən bilirəm ki, biz çox qənaətlə istifadə edirik. Biz populist vədlərdən tamamilə uzağıq, heç vaxt bunu etməmişik. Ancaq praqmatik, düşünülmüş siyasət aparmışıq və bu siyasət imkan verdi ki, biz bütün çətinliklərdən şərəflə, üzüağ çıxa bildik.
Dünyanı bürümüş iqtisadi, maliyyə böhranı Azərbaycan əhalisinə, iqtisadiyyatına bir faiz də təsir etməmişdir. Bunu yəqin, gələcəkdə alimlər araşdıracaqlar və təhlil aparacaqlar ki, bu, nə üçün belədir. Bizim, sadəcə olaraq, buna vaxtımız yoxdur, biz işlə məşğuluq və işimiz göz qabağındadır. Biz böyük maliyyə resurslarına malik olan ölkəyik. Bir daha qeyd etmək istəyirəm, biz ildən-ilə maliyyə resurslarını artırırıq, artıracağıq. Bu resurslardan səmərəli şəkildə istifadə etməyimiz, bizə əlbəttə ki, əlavə gəlirlər gətirir və bu gün öz investisiya portfelimizi şaxələndiririk - həm sahələr üzrə, həm də xaricdə qoyulan investisiyaların coğrafiyası genişlənir.
Bu il üçüncü regional inkişaf proqramı qəbul edilmişdir. Bu proqramın icrası nəticəsində artıq ilin altı ayında 65 min yeni iş yeri açılmışdır ki, onlardan 52 mini daimi iş yeridir. 2003-cü ildən bu günə qədər - bu proqramlar icra edilməyə başlayandan sonra 1 milyon 300 min iş yeri açılmışdır ki, onlardan təqribən 1 milyonu daimi iş yeridir. Demək olar ki, işsizlik böyük dərəcədə aradan qaldırılmışdır, çox aşağı səviyyədədir. Ancaq onu nəzərə almalıyıq ki, bizim uğurlu iqtisadi və siyasi addımlar nəticəsində Azərbaycanda, - bu da çox sevindirici bir haldır, - əhali sürətlə artır. İldən-ilə artan əhali hökuməti də, əlbəttə ki, daha da fəal olmağa çağırmalıdır. Eyni zamanda, bu, onu deməyə əsas verir ki, yeni iş yerlərinin açılması daimi proses olmalıdır. Biz deyə bilmərik ki, artıq bir milyon daimi iş yeri açılıbdır, gəlin, indi bu məsələyə diqqət yetirməyək. Yox, bu, daimi proses olmalıdır. Sənayeləşmə, kənd təsərrüfatı, yüksək texnologiyalar, digər sahələr sürətlə inkişaf etməlidir ki, biz insanlarımızı gələcəkdə də iş yerləri ilə təmin edə bilək.
Ona görə hesab edirəm, vaxt gəlib çatıb ki, bu məsələ ilə bağlı düşünülmüş bir konsepsiya hazırlansın. Bu günə qədər bu, bir qədər kortəbii proses kimi gedirdi. Ancaq bizim əhalimiz bundan sonra da artacaqdır. Əhali nə qədər artsa, sonrakı illərdə o faiz də bir o qədər böyük rəqəmlərlə ölçüləcəkdir. Bir var ki, 8 milyon əhali bir, ya iki faiz artır, biri də var ki, on milyon əhali. Yəni, rəqəmlər də mütləq böyüyəcəkdir. Ona görə biz uzunmüddətli məşğulluq konsepsiyasının müzakirəsini başlamalıyıq. Müəyyən işlər görülmüşdür, biz bunu gərək daha da konkretləşdirək ki, hansı sahələrdə nə qədər iş yerləri açılmalıdır. Buna görə biz nə etməliyik, hansı institusional islahatlar aparılmalıdır, buna nə qədər investisiyalar cəlb edilməlidir? Hesab edirəm ki, bundan sonra dövlət investisiya xərclərinin müəyyən edilməsində bu amil əsas olmalıdır. Çünki biz əvvəlki illərdə, hətta indi də vəsaiti ən böyük inkişafa ehtiyacı olan sahələrə yönəldirik. İnfrastruktur, sosial layihələr, müdafiə xərcləri, əlbəttə ki, bu, lazımdır və düşünülmüş siyasətdir. Ancaq biz məşğulluq məsələlərini indi daha da ciddi nəzərə almalıyıq. Üçüncü regional inkişaf proqramının icrası nəticəsində 2018-ci ilə qədər bizim bütün əsas infrastruktur və sosial məsələlərimiz öz həllini tapmalıdır. Əminəm ki, belə də olacaqdır.
Bakı və onun qəsəbələrinin inkişaf proqramı icra edilir. Bu proqram daha qısamüddətlidir, 2016-cı ilə qədər başa çatmalıdır. Hesab edirəm ki, bu sahədə də hər şey cədvəl üzrə gedir, heç bir problem yoxdur.
Sosial məsələlərin həlli bu altı ayda da diqqət mərkəzində olmuşdur. Orta əməkhaqqı artıb, indi 440 manat və ya 560 dollar təşkil edir. Əminəm ki, daha da artacaqdır.
Sosial infrastruktur layihələri icra edilir. Səksəndən çox təhsil müəssisəsi, qırxdan çox səhiyyə ocağı təmir olunur, tikilir. Yəni, bu da sosial sahəyə ayrılan vəsaitin, diqqətin hesabına olan məsələlərdir.
Eyni zamanda, əhalinin sosial müdafiəsi istiqamətində ciddi islahatlar aparılır, şəffaflıq təmin edilir. Bu, əhali tərəfindən böyük rəğbətlə qarşılanır. Əminəm ki, islahatlar daha da dərinləşəcəkdir. İslahatlar şəffaflıq nöqteyi-nəzərindən daha da dərinləşməlidir. Dünyanın aparıcı ölkələrinin bu sahədə böyük təcrübəsi vardır. Biz bu təcrübəni, əlbəttə ki, öyrənirik, tətbiq edirik. Azərbaycanda sosial sahədə vəziyyət dünyanın aparıcı ölkələrindən geri qalmamalıdır. Buna nail olmaq üçün, hesab edirəm ki, bütün imkanlarımız vardır.
Biz bu altı ayda, əlbəttə ki, hərbi məsələlərə xüsusi diqqət göstərmişik. Ordu quruculuğu prosesi uğurla gedir, orduda islahatlar dərinləşir, nizam-intizam artır. Ordumuzun döyüş qabiliyyəti yüksək səviyyədədir, gündən-günə artır. Ordu günündə və bu yaxınlarda cəbhə bölgəsində keçirilmiş təlimlər həm praktik nöqteyi-nəzərdən, eyni zamanda, gücümüzü nümayiş etdirmək nöqteyi-nəzərindən çox böyük əhəmiyyətə malik məsələlərdir. Bu yaxınlarda səfirlərlə görüşdə bu məsələ ilə, ümumiyyətlə, xarici siyasətlə bağlı sözlərimi kifayət qədər geniş demişəm, təkrar etmək istəmirəm. Sadəcə olaraq bir daha demək istəyirəm ki, ərazi bütövlüyü əsas beynəlxalq hüququn norma və prinsipidir. Dağlıq Qarabağ münaqişəsi ancaq bu prinsip çərçivəsində öz həllini tapa bilər.
Bu altı ayda neft-qaz sahəsində, xüsusilə “Cənub” qaz dəhlizi ilə bağlı ciddi addımlar atılmışdır. İlkin tenderlər elan edilmişdir. TANAP layihəsinin icrası, demək olar ki, artıq başlamışdır. Tikintiyə hazırlıq dövrü çox uğurla gedir. Hesab edirəm ki, biz bu böyük layihəni vaxtında icra edəcəyik. “Cənub” qaz dəhlizinin təşəbbüskarı Azərbaycandır. Bu layihənin icrası nəticəsində həm Azərbaycan, həm də onun qonşuları və Avropa ölkələri böyük fayda götürəcəklər. Azərbaycan bu sahədə də liderlik keyfiyyətlərini göstərmişdir. Bu üç layihə - “Şahdəniz-2”, TANAP və TAP Avropanın enerji xəritəsini dəyişdirəcək, Azərbaycanı çox önəmli iqtisadi və enerji tərəfdaşına çevirəcək və ən vacibi, Azərbaycan xalqının bundan sonra da iqtisadi və maliyyə məsələlərinin həlli sahəsində rifahını təmin edəcəkdir. Biz bu layihənin icrası nəticəsində bundan sonra ən azı yüz il ərzində qaz ixracatından böyük fayda götürəcəyik və Azərbaycanın dünyadakı rolu daha da artacaqdır.
Bu gün bizim dünyada oynadığımız rol çox önəmlidir. Azərbaycanın nüfuzu, önəmi, təsir imkanları gündən-günə artır. Bütün bunları biz özümüz qazanmışıq, əldə etmişik.
Enerji siyasətimiz bu gün ümumi siyasətimizin tərkib hissəsidir, nəinki bizim üçün, bütün ölkələr üçün milli təhlükəsizlik məsələsidir. Son aylarda bölgədə, Avropada bu sahədə müşahidə olunan hadisələr və müəyyən gərginlik bir daha göstərir ki, enerji təhlükəsizliyi olmadan heç bir ölkə özünü rahat hiss edə bilməz, tam müstəqil siyasət apara bilməz.
Biz isə öz enerji təhlükəsizliyimizi çoxdan təmin etmişik və bu gün başqa ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində öz rolumuzu oynayırıq. Bu rol müsbət roldur. Bunu bizim tərəfdaşlar qiymətləndirirlər. Azərbaycan heç vaxt öz enerji resurslarından başqa məqsədlər üçün istifadə etməmişdir. Bizim bu sahədəki fəlsəfəmiz və yanaşmamız ondan ibarətdir ki, enerji resursları əməkdaşlığı dərinləşdirməlidir, birliyi möhkəmləndirməlidir və əlbəttə ki, biz bu siyasəti apararaq öz milli maraqlarımızı təmin edirik. Bu gün həm bölgədə, həm dünyada bizim maraqlarımız təmin edilir.
Növbəti illərdə TANAP layihəsinin icrası ilə bağlı Azərbaycanda on minlərlə yeni iş yeri açılacaqdır. Azərbaycan şirkətləri bu layihələrdə iştirak edəcəklər. Son vaxtlar imzalanan kontraktlar üzrə tenderlərdə Azərbaycan şirkətləri ya birbaşa, ya da xarici şirkətlərlə birlikdə qalib gəlmişlər və bir neçə milyard dollar həcmində kontraktların icrası da Azərbaycan şirkətlərinə həvalə edilmişdir. Bu da dövlətin özəl sektora göstərdiyi diqqət və qayğıdır.
Birinci böyük layihələrin icrası nəticəsində bizim şirkətlərimiz, demək olar ki, ayağa qalxa bilmişlər, kapital, təcrübə toplamışlar. Ondan sonra Azərbaycana investisiya qoymağa başlamışlar. Mən də onlara bunu tövsiyə edirdim və eyni zamanda, Azərbaycanda belə bir şərait yaratmışıq ki, buraya investisiya qoymaq ən sərfəli yoldur. İndi başqa ölkələrə investisiya qoymaq, əlbəttə ki, lazımdır və biz də dövlət kimi bunu edirik. Ancaq burada yaşayan və çalışan şirkətlər buraya investisiyalar qoysa, onlar üçün daha yaxşı olar. Gəlirlilik burada daha yüksəkdir, investisiyalar dövlət tərəfindən qorunur. Ona görə TANAP, “Şahdəniz-2” layihələrinin icrası nəticəsində bizim inşaatla, xidmətlə, digər sahələrlə və əlbəttə ki, energetika sahəsi ilə bağlı şirkətlər də hazır olmalıdırlar. Tenderlərdə iştirak etməlidirlər və orada yaxşı təklif verməlidirlər ki, qalib gəlsinlər. Beləliklə, daha çox vergi ödəyəcəklər, daha çox iş yerləri yaradılacaqdır. Bir sözlə, bizim enerji siyasətimiz bu yolla ölkə iqtisadiyyatının inkişafına xidmət etməlidir, nəinki qazanılan pulların sonra infrastruktur layihələrinə yönəldilməsi ilə. Bu, təbii ki, olacaqdır. Bu layihələrin icrası nəticəsində biz böyük miqdarda vəsait əldə edəcəyik, o vəsaiti də ölkə iqtisadiyyatının inkişafına, sosial məsələlərin həllinə qoyacağıq. Ancaq kontraktların icrası nəticəsində yerli şirkətlərin fəaliyyəti hesabına iş yerlərinin açılması, yeni sənaye sahələrinin yaradılması prosesi də sürətlə gedəcəkdir.
Biz dövlət laraq buna hazırıq. Bu məqsədlə artıq neçə ildir ki, sənayeləşmə siyasəti aparılır, texnoparklar yaradılır, digər təşəbbüslər vardır və olacaqdır. Bu barədə sonra danışacağam. Bir sözlə, bizim sənayemiz də buna hazır olmalıdır. Müəyyən dərəcədə hazırdır, ancaq hesab edirəm ki, bir-iki il ərzində sənaye məsələlərinə həm dövlət xətti ilə, həm özəl qurumlar hesabına daha böyük diqqət göstərilməlidir.
Bir sözlə, bizim altı ayda gördüyümüz işlər yüksək qiymətləndirilməlidir. Ölkədə çox gözəl ab-hava vardır. Çox gözəl ictimai-siyasi vəziyyət müşahidə olunur. Sabitlik tam şəkildə təmin edilir. Sabitliyin qarantı Azərbaycan xalqıdır və gördüyümüz işlərdir. Azərbaycan xalqının rifahı, cəmiyyətdə bərqərar olan ədalət, o cümlədən sosial ədalət və xoşagəlməz hallarla mübarizə bu müsbət meylləri daha da gücləndirir.
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev çıxış edərək dedi:
- Möhtərəm cənab Prezident!
Hörmətli müşavirə iştirakçıları!
Əvvəlki illərdə olduğu kimi, cari ilin birinci yarımilində də ölkəmizin sosial-iqtisadi inkişafı davam etmiş, iqtisadi siyasətin prioritet istiqamətləri olan makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, sənaye potensialının gücləndirilməsi, regionların tarazlı inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması və digər sahələrdə əhəmiyyətli işlər görülmüş, nəticədə əhalinin rifahının yüksəlməsi davam etmişdir.
Bu davamlı inkişaf, ümummilli lider Heydər Əliyevin sosial-iqtisadi inkişaf strategiyasının 10 ildən artıq bir müddət ərzində, cənab Prezident, Sizin tərəfinizdən inamla davam etdirilməsi və gərgin əməyiniz sayəsində mümkün olmuşdur.
Cari ilin 6 ayında ümumi daxili məhsulun artımı 2,1 faiz, qeyri-neft sektorunun real artım tempi 7 faiz, inflyasiya 1,6 faiz təşkil etmişdir. Qeyri-neft sektorunun ümumi daxili məhsulda payı 56,3 faizə çatmışdır. Dövlət büdcəsinin gəlirləri 9,3 milyard manat və ya 101,6 faiz yerinə yetirilmiş, xərcləri isə 8,7 milyard manat olmuşdur.
Vergilər Nazirliyi tərəfindən proqnoza 103,6 faiz əməl edilmiş, qeyri-neft sektorundan büdcəyə daxil olmuş vəsait isə ötən ilin eyni dövrünə nisbətən 14,5 faiz artmaqla, ümumi daxilolmalarda payı 56,9 faizə çatmışdır. Dövlət Gömrük Komitəsi tərəfindən isə proqnoza 100,2 faiz əməl edilmiş, daxil olmuş vəsait ötən ilin eyni dövrü ilə müqayisədə 14,5 faiz artmışdır.
İlk 6 ayda iqtisadiyyatın və sosial sahələrin inkişafı məqsədilə bütün maliyyə mənbələri hesabına əsas kapitala 7,6 milyard manat investisiya yönəldilmiş və bu, əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,4 faiz artmışdır. Əsas kapitala qoyulmuş vəsaitin 70,7 faizini daxili investisiyalar təşkil etmişdir.
Əhalinin gəlirlərinin artması davam etmiş və ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 faiz, hər nəfərə düşən gəlirlər isə 3,3 faiz artmışdır. Yanvar-may ayları ərzində orta aylıq əmək haqqı 6,5 faiz artaraq, 438,1 manata yüksəlmişdir. Bu il iyunun 1-dək əhalinin banklardakı əmanətləri keçən ilin eyni dövrünə nisbətən 12,8 faiz artaraq, 6,6 milyard manata çatmışdır.
Əldə edilmiş nailiyyətlər nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapmışdır. Belə ki, “Fitch”, “Standard and Poors” və “Moodys” reytinq agentlikləri bir çox inkişaf etmiş ölkələrin reytinqlərini azaltdıqları halda, Azərbaycanın kredit reytinqini yüksəltmiş, onların hər biri iqtisadiyyatımıza investisiya səviyyəli kredit reytinqi vermişdir.
Bununla yanaşı Dünya Bakı, Beynəlxalq Valyuta Fondu və AYİB kimi təşkilatların Azərbaycan iqtisadiyyatına dair proqnozları optimist olmuşdur.
Möhtərəm cənab Prezident! Ölkəmizin sosial-iqtisadi inkişafına müstəsna töhfə verən məqsədli dövlət proqramları uğurla icra olunur. Cari ilin 6 ayında Dövlət İnvestisiya Proqramı çərçivəsində bütün istiqamətlərdə infrastruktur layihələrinin icrası, sosial obyektlərin təmir-tikintisi, abadlıq və quruculuq işləri davam etdirilmişdir.
Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramı bütün bölgələrin hərtərəfli və tarazlı inkişafı sahəsində 2004-cü ildən başlanılmış məqsədyönlü siyasətin davamı olmaqla, yeni müəssisələrin və iş yerlərinin yaradılmasında, irimiqyaslı layihələrin həyata keçirilməsində mühüm rol oynayır.
Sosial sahələrin inkişafı yenə də diqqət mərkəzində saxlanılmış, 6 ay ərzində regionlarda 32 məktəb, 15 bağça, 12 səhiyyə, 6 gənclər və idman, 20 mədəniyyət və digər sosial obyekt tikilmiş və ya əsaslı təmir olunmuşdur. Hazırda 300-dən çox sosial obyektin təmir-tikintisi davam etdirilir.
Bakı şəhərinin və qəsəbələrin sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramı çərçivəsində isə, ötən 6 ayda 10 təhsil, 8 gənclər və idman obyektində təmir-tikinti işləri yekunlaşmışdır və 100-ə yaxın təhsil, səhiyyə, mədəniyyət və digər sosial obyektdə işlər davam etdirilir.
Cənab Prezident! Tapşırığınıza əsasən Böyükşor gölünün bərpası ilə əlaqədar layihəyə uyğun olaraq işlər qrafik üzrə həyata keçirilir, birinci mərhələdə gölün 300 hektar sahəsinin çöküntülərdən təmizlənməsi işlərinə başlanılmışdır.
Möhtərəm cənab Prezident! Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramına uyğun olaraq, kənd təsərrüfatı sahəsində müasir istehsal və infrastruktur komplekslərinin yaradılması istiqamətində işlər davam etdirilmiş, bir sıra ərzaq məhsullarının, o cümlədən quş əti, yumurta, ət və ət məhsulları, süd məhsullarının istehsalı artmış, özünü təminetmə səviyyəsi yüksəlmiş, bəzi məhsullarımızın məşhur brendlərin adı ilə istehsalına başlanılmışdır.
Ərzaq təminatında yerli istehsalın payının artırılması ilə bağlı verdiyiniz tapşırığa əsasən, iri özəl taxılçılıq təsərrüfatlarının qurulması istiqamətində işlər davam etdirilir. Ötən il yaradılmış ilk pilot taxılçılıq təsərrüfatında biçin başa çatmış və hər hektardan orta hesabla 56 sentner yüksək keyfiyyətli məhsul yığılmışdır.
Tapşırığınıza uyğun olaraq, ümumilikdə 12 rayonun ərazisində 30 min hektaradək sahədə 15 sahibkarlıq subyektinə məxsus 19 iri fermer təsərrüfatının yaradılması və zəruri infrastrukturla təmin olunması istiqamətində işlər davam etdirilir.
Ət və süd istehsalının həcminin və keyfiyyətinin artırılması, emal sənayesinin davamlı və fasiləsiz xammalla təmin olunması məqsədilə iri heyvandarlıq komplekslər ilə yanaşı, regionlarda 50 başlıq iribuynuzlu cins heyvanlardan ibarət ailə təsərrüfatlarının yaradılmasına başlanılmış, artıq bu tip iki təsərrüfat güzəştli kreditlər hesabına maliyyələşdirilmişdir.
Cənab Prezident, müvafiq Sərəncamınızın icrası məqsədilə Bakıda və Abşeronda kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanılması, daşınması, ixracı və satışını təmin edəcək və tutumu 110 min ton olan 3 logistik mərkəzin və daxilində “fermer mağazaları” da fəaliyyət göstərəcək “yaşıl market” kompleksinin layihələri razılaşdırılmış, tikintisi güzəştli kreditlər hesabına maliyyələşdirilmişdir və bu ilin sonunadək istifadəyə veriləcəkdir.
Bundan əlavə, qeyri-neft məhsullarının, o cümlədən kənd təsərrüfatı və ərzaq məhsullarının ixracının artırılması məqsədilə tapşırığınıza uyğun olaraq, Qazaxıstanın Aktau şəhərində logistik mərkəzin tikintisinə başlanılmışdır. Belə mərkəzlərin digər ölkələrdə də yaradılması istiqamətində tədbirlər həyata keçirilir.
Möhtərəm cənab Prezident, 2014-ci ilin “Sənaye ili” elan edilməsi haqqında Sərəncamınızla Azərbaycanda sənayeləşmə prosesinin keyfiyyətcə yeni mərhələsi başlamışdır. Sərəncama uyğun olaraq, 2015-2020-ci illərdə sənayenin inkişafına dair Dövlət Proqramı hazırlanmış və Proqramda “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında müəyyən edilmiş sənayenin uzunmüddətli inkişaf istiqamətləri əsas götürülmüşdür. Bununla yanaşı, bu il üçün təsdiq edilmiş Tədbirlər Planına əsasən sənaye potensialının gücləndirilməsi, bu sahədə rəqabət qabiliyyətinin artırılması, kadr potensialının, elmi təminatın yaxşılaşdırılması, normativ hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı müvafiq işlər görülür.
Bu işlər çərçivəsində “Azərbaycan Polad İstehsalı Kompleksi”nin qurulması ilə bağlı məsləhət xidmətinin göstərilməsinə dair müqavilə imzalanmış, kompleksin yaradılması, mövcud istehsal sahələrinin fəaliyyətinin səmərəli təşkili, sağlamlaşdırılması və maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində tədbirlər qrafik üzrə həyata keçirilir. Bu Kompleks dəmir filizinin hasilatından polad istehsalına qədər bütün mərhələləri əhatə etməklə, polad və çuqun məmulatlarına olan daxili tələbatın ödənilməsinə imkan verəcəkdir.
Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərən rezidentlər tərəfindən polad və polietilen boruların istehsalına başlanılmış, yüksək təzyiqə davamlı hidrotexniki avadanlıqların, polipropilen və yüksək sıxlıqlı polietilenin istehsalının təşkili işləri aparılır. Bu məhsullar həm daxili tələbatın ödənilməsi, həm də ixrac üçün nəzərdə tutulmuşdur. Yeni rezidentlərin cəlb edilməsi, inşaat, əczaçılıq, aqrokimya və digər sahələr üçün kimya məhsullarının istehsalının təşkili məqsədilə potensial investorlarla danışıqlar aparılır, onların layihələri dəyərləndirilir. Həmçinin Parkın infrastrukturunun tam formalaşdırılması işləri davam etdirilir.
Balaxanı Sənaye Parkında qeydiyyata alınmış rezident şirkətlər tərəfindən tullantı yağlarından 120 adda müxtəlif növ məhsul istehsalının və plastik məmulatların təkrar emalının təşkilinə başlanılmışdır. Bununla yanaşı, potensial rezidentlərin cəlb edilməsi ilə bağlı müvafiq işlər davam etdirilir.
Mingəçevir və Gəncə Sənaye parklarının yaradılması ilə bağlı da hüquqi bazanın formalaşdırılması məqsədilə müvafiq işlər görülür.
Cənab Prezident, tapşırığınıza əsasən, sənaye məhəllələrinin yaradılması məqsədilə müasir təcrübə öyrənilmiş və ilk olaraq Neftçala rayonunda layihələndirmə işlərinə başlanılmışdır.
Maşınqayırma sənayesindəki mövcud vəziyyət təhlil edilmiş, fəaliyyət göstərən müəssisələr tərəfindən təqdim olunmuş investisiya layihələri nəzərdən keçirilmişdir. Bu sahənin inkişafı ilə bağlı müvafiq təkliflər hazırlanır.
Ümumilikdə, 6 ayda qeyri-neft sənayesində məhsul istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 faiz artmışdır.
Son dövrdə yeni sənaye müəssisələrinin fəaliyyətə başlaması nəticəsində bir sıra məhsullar üzrə idxaldan asılılıq azalmış, tələbatın yerli istehsal hesabına ödənilməsi artmışdır. Məsələn, ölkədə yerli xammal hesabına daxili tələbatı ödəyə biləcək bir sıra tikinti materialları, o cümlədən sement istehsal edən zavodlar istismara verilmişdir ki, bunun da nəticəsində tikinti materiallarının istehsalı 16,8 faiz, sement istehsalı isə 39 faiz artmışdır. Sementə olan tələbat ilin sonunadək daxili istehsal hesabına tam ödəniləcəkdir.
Möhtərəm cənab Prezident! Sosial-iqtisadi inkişaf strategiyanızın mühüm tərkib hissəsi olaraq sahibkarlığın inkişafı və bu sahədə dövlət tənzimlənməsinin təkmilləşdirilməsi istiqamətində növbəti addım kimi mart ayında imzaladığınız Fərmanın icrası ölkədə biznes və investisiya mühitinin daha da yaxşılaşdırılmasına birbaşa təsir edən istiqamətlər üzrə prosedurları, vaxt sərfini və məsrəfləri azaltmaqla, ölkəmizin investisiya cəlbediciliyini artıracaqdır.
Fərmanın bütün bəndlərinin icrası ilə bağlı müvafiq orqanlarla birlikdə qanunvericiliyə dəyişikliklər hazırlanmış və aidiyyəti üzrə təqdim olunmuşdur.
Sahibkarların maarifləndirilməsi, nümunəvi layihələrin təqdim olunması və güzəştli kreditlərin verilməsi məqsədilə 6 ayda 19-u regionlarda, 5-i Bakı qəsəbələrində olmaqla, 24 forum keçirilmişdir.
Qeyri-neft sektorunun prioritet sahələrinə maliyyə dəstəyinin daha da gücləndirilməsi məqsədilə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 2600-dən çox sahibkara 129 milyon manat güzəştli kredit verilmiş və bu kreditlər hesabına 6 minədək yeni iş yerinin yaradılması nəzərdə tutulur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə maliyyələşdirilmiş layihələrin sayı 27,4 faiz artmışdır ki, onların da 98 faizi kiçik kreditlərin payına düşür.
Verilmiş kreditlərin 79 faizi regionların, 21 faizi Bakı qəsəbələrinin payına düşməklə, 84 faizi aqrar sahənin, 16 faizi isə sənaye və digər sahələrin inkişafına yönəldilmişdir. Maliyyələşdirilmiş 20 istehsal, emal və infrastruktur müəssisələri artıq istifadəyə verilmişdir və ilin sonunadək 60 belə müəssisənin işə salınması planlaşdırılır. İl ərzində sahibkarlara ümumilikdə 280 milyon manat güzəştli kreditlərin verilməsi nəzərdə tutulur.
Kiçik sahibkarlıqla məşğul olan şəxslərin güzəştli kreditlərə birbaşa çıxış imkanlarını təmin etmək üçün kredit ittifaqları ilə əməkdaşlıq genişləndirilir və xüsusilə regionlarda belə maliyyə qurumlarının yaradılması davamlı surətdə təşviq olunur.
İxrac və investisiya imkanlarının təşviqi, yerli şirkətlərin biznes əlaqələrinin daha da genişləndirilməsi və ölkə iqtisadiyyatına investisiya qoyuluşunun təbliği məqsədilə cari ilin birinci yarısında yerli və xarici iş adamlarının, beynəlxalq tərəfdaşların iştirakı ilə 121-i ölkəmizdə, 75-i xaricdə olmaqla, ümumilikdə 196 tədbir və görüş keçirilmişdir.
Möhtərəm cənab Prezident! Sizin rəhbərliyinizlə həyata keçirilən sosial-iqtisadi islahatlar qarşıdakı dövrdə nailiyyətlərimizin daha da artmasını, ölkəmizin dünyada mövqeyinin möhkəmlənməsini və xalqımızın sosial-iqtisadi vəziyyətinin davamlı olaraq yaxşılaşmasını təmin edəcək, müsbət nəticələr və davamlı inkişaf sayəsində müəyyən etdiyiniz hədəflərə nail olunacaqdır.
Sizi əmin edirik ki, ölkənin sosial-iqtisadi inkişafında əldə olunmuş nailiyyətlərin davam etdirilməsi istiqamətində verdiyiniz tapşırıqların vaxtında və layiqincə yerinə yetirilməsi üçün bütün imkanlarımızı səfərbər edəcəyik.
Diqqətinizə görə minnətdaram.
Kənd təsərrüfatı naziri Heydər Əsədov çıxış edərək dedi:
- Möhtərəm cənab Prezident!
Hörmətli müşavirə iştirakçıları!
2014-cü ilin birinci yarısı ölkədə kənd təsərrüfatının inkişafı istiqamətində tarixi əhəmiyyətli qərarların qəbul olunması və bu sahəyə dövlət dəstəyinin daha da artırılması ilə əlamətdar olmuşdur. Bu qərarlarla yeni çağırışlar fonunda aqrar sektorun inkişafının prioritet hədəflərinin müəyyən edilməsi, onun institusional strukturunun və idarəetmənin təkmilləşdirilməsi üçün konkret göstərişlərin verilməsi bu sahədə inkişafın keyfiyyətcə yeni mərhələsinə keçid üçün əsas yaratmışdır. Bütün bunlar isə öz növbəsində, yaxın gələcəkdə aqrar sektorun yeni simasının formalaşdırılmasını təmin edəcəkdir.
Möhtərəm cənab Prezident!
Cari ilin birinci yarısında bütövlükdə kənd təsərrüfatı məhsulları istehsalının həcmində stabil artım davam etmiş, 2,3 milyard manat məhsul istehsal olunmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 5,8 faiz artım deməkdir. Bu dövr ərzində bitkiçilik məhsulları istehsalının həcmi 973 milyon manat, heyvandarlıq məhsulları istehsalının həcmi isə 1,3 milyard manat təşkil edərək, keçən ilin müvafiq dövrü ilə müqayisədə 10,1 və 3 faiz artıma nail olunmuşdur.
Digər sahələrdə müşahidə edilən dinamik artımlar da kənd təsərrüfatı sahəsindəki inkişafa adekvat olmuşdur. Kənd təsərrüfatı məhsulları istehsalının ümumi daxili məhsulda payı əvvəlki ildə olduğu kimi sabit qalaraq 4,4 faiz təşkil etmişdir.
Kənd təsərrüfatı məhsullarının ixrac bazarının genişləndirilməsi və bu sahədə məhsul istehsalçıları üçün münbit şəraitin yaradılması haqqında müvafiq Sərəncamınızın icrası nəticəsində bu dövr ərzində ölkənin kənd təsərrüfatı məhsulları üzrə ixracının əsas hissəsini təşkil edən meyvə-tərəvəz məhsullarının ixracı keçən ilin müvafiq dövrü ilə müqayisədə 27,9 faiz artaraq 68,9 milyon ABŞ dollarına çatmışdır.
Aqrar sektorun intensiv inkişafını stimullaşdırmaq üçün dövlət dəstəyi tədbirləri cari ildə də davam etdirilmiş, bu məqsədə on milyonlarla manat həcmində vəsait sərf olunmuşdur. Məhsulun bahalaşmaması üçün dövlət dəstəyinin təsirini müəyyən edən və beynəlxalq təcrübədə geniş istifadə olunan “kənd təsərrüfatı siyasətinin dəyəri” indeksi üzrə Beynəlxalq İqtisadi Forumun hesabatında Azərbaycan 2013-2014-cü illərdə əvvəlki dövrlə müqayisədə 21 pillə irəliləyərək, 148 ölkə arasında 49-cu yerə yüksəlmişdir.
Möhtərəm cənab Prezident!
Tapşırığınıza əsasən bu sahədə şəffaflığın artırılması və dövlət yardımlarından istifadə sahəsində məlumatların ictimailəşdirilməsi məqsədilə rayon və kəndlərdə yardım almış hər bir istehsalçı haqqında məlumat nazirliyin rəsmi internet səhifəsində yerləşdirilmişdir. Vətəndaşlardan, QHT-lərdən və digər maraqlı tərəflərdən bu sahədə müşahidə etdikləri mənfi hal və ya pozuntu barədə məlumatlar alınmış və nazirliyin monitorinq qrupu tərəfindən adekvat tədbirlər görülmüşdür.
Möhtərəm Prezident, Sizin sərəncamlarınızla ayrılan vəsaitlər hesabına fermerlərin kənd təsərrüfatı texnikaları ilə təchizatının yaxşılaşdırılması istiqamətində də ciddi dönüş yaradılmışdır. Belə ki, hesabat dövründə “Aqrolizinq” ASC tərəfindən müasir tələblərə cavab verən 1928 kənd təsərrüfatı texnikası, o cümlədən Avropa istehsalı olan 478 taxılyığan kombayn, 417 traktor, 1033 qoşqu avadanlıqları və digər texnikalar alınaraq istifadəyə verilmişdir.
Bütün bunların nəticəsidir ki, birbaşa dəstəyiniz nəticəsində yenilənmiş kənd təsərrüfatı texnikası parkı hesabına indiyədək ölkə üzrə taxıl sahələrinin 90 faizindən çox hissəsində biçin ən minimal itki ilə və qısa müddətdə başa çatdırılmışdır. Biçin zamanı demək olar ki, yanğın hadisələrinə yol verilməmişdir.
Ümumiyyətlə, cari mövsümdə taxılın vaxtında və itkisiz yığılması məqsədilə bütün rayonlarda operativ qərargah və “qaynar xətt” yaradılmış, taxılyığan kombaynların optimal dislokasiyası və taxılın yetişmə vaxtına uyğun olaraq rayonlararası hərəkəti operativ şəkildə təşkil edilmişdir.
Qeyd etmək lazımdır ki, cari mövsümdəki iqlim şərtləri taxıl məhsullarının istehsalı baxımından son dövrlərin ən əlverişsiz ili olmuşdur. Belə ki, mövsüm dövründə havaların quraq keçməsi nəticəsində xüsusilə, dəmyə ərazilərdəki taxıl sahələrinin bir hissəsində məhsuldarlıq çox aşağı olmuşdur. Həmçinin bəzi rayonlarda dolu düşməsi nəticəsində əkilmiş taxıl sahələrinin xeyli hissəsi sıradan çıxmışdır. Ölkədə aqrar sığorta sisteminin təkmilləşdirilməsi ilə bağlı verdiyiniz tapşırığın əhəmiyyəti bu faktlardan sonra daha aktual xarakter almışdır.Onu da qeyd edək ki, bu mövsümdə iqlim şərtlərinin taxıl məhsullarının istehsalı baxımından əlverişsiz olması ABŞ-ın bəzi ştatları, Kanada və Avstraliya kimi dünyanın ən iri taxıl istehsalçıları üçün də xarakterik olmuşdur. Lakin dünyanın digər əsas taxıl istehsalçıları olan ölkələrdə, o cümlədən Azərbaycanın taxıl idxalının 90 faizini həyata keçirdiyi Rusiya və Qazaxıstanda məhsul istehsalı əvvəlki ilə nisbətən artmışdır. Ümumilikdə isə qlobal bazar trendlərinə əsasən buğda ehtiyatları son 3 il ərzində artım dinamikasına malik olmuşdur. “FAO ərzaq qiyməti indeksinə”, eləcə də Çikaqo və digər beynəlxalq buğda birjalarının məlumatlarına əsasən, cari ilin iyun ayında buğdanın qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə təqribən 10-20 faiz aşağı düşmüşdür. Bütün bunlar onu deməyə əsas verir ki, ölkənin taxıla olan ehtiyacının xarici mənbələr hesabına ödənilən hissəsinin əlverişli şərtlərlə alınmasında heç bir ciddi problem yaşanmayacaqdır.
Möhtərəm cənab Prezident!Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması məqsədilə hesabat dövrü ərzində “Aqrolizinq” ASC tərəfindən 2000 başa yaxın iri buynuzlu cins damazlıq heyvanın və 700 başdan artıq keçinin respublikaya gətirilərək 50 faiz güzəştlə lizinqə verilməsi təmin edilmişdir.
Son illərdə ölkəmizdə iri heyvandarlıq təsərrüfatlarının yaradılması və xarici ölkələrdən müxtəlif ətlik-südlük heyvanların gətirilərək lizinq yolu ilə güzəştli şərtlərlə satılması heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasında böyük rol oynamağa başlamışdır. Ötən ay imzaladığınız “Azərbaycan Respublikasında heyvandarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamınız da bu baxımdan müstəsna əhəmiyyət
Mənbə: Milli.Az
11 iyul 2014
GO BACK