Qadin.NET / Bakı Olimpiya Oyunlarına necə hazırlaşır?

Bakı Olimpiya Oyunlarına necə hazırlaşır?

 

Avropa oyunlarının başlamasına 1 ildən də az vaxt qalır. Bu məqsədlə paytaxt Bakıda hazırlıq işləri sürətləndirilib. Mövcud arenaların imkanları nəzərdən keçirilir, ehtiyac olanlar təmir edilir və yeni arenalar tikilir. Bakı Olimpiya Stadionunda da tikinti işləri davam edir.
Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, arenanın ilk Avropa oyunlarına kimi yekunlaşdırılması planlaşdırılsa da işlərin sürətlə aparılması son tarixi önə çəkməyə imkan verib. Stadionda, demək olar ki, əsas işlər başa çatıb. Hazırda isə dam örtüyü və fasadın tikintisi aparılır, qaçış zolağı salınır.
Stadionun beton örtüyü və metal konstruksiya işləri artıq yekunlaşmaq üzrədir. Gələn il fevralın 1-də stadionun tam istifadəyə verilməsi planlaşdırılır.
Stadionda tikinti işləri Azərbaycanın inşaat normativlərinə, UEFA, FİFA və Beynəlxalq Tikinti Standartına uyğun aparılır.
Bariş Altıparmak, texniki işlər üzrə menecer: “Stadion 68 min tamaşaçı tutumuna malikdir. Stadionun tikintisində 350 min kubmetr beton və 22 min ton metal konstruksiya istifadə etmişik. Burada daha çox Azərbaycan istehsalı olan məhsullara üstünlük verilib. Stadion 6 mərtəbə və 4 zonadan ibarətdir. Hazırda arenanın inşasına 4800 işçi cəlb edilib”.
Paytaxtda öz müasir tikinti üslubu ilə fərqlənəcək və xüsusi gözəlliyi ilə seçiləcək Bakı Olimpiya Stadionu bu tipli müasir idman qurğuları sırasında özünəməxsus yer tutacaq.
Saymon Kleq, Bakı Avropa oyunlarının əməliyyat üzrə baş icraçı direktoru: “Burada yalnız 2015-ci il Avropa oyunlarının açılış və bağlanış mərasimləri deyil, müxtəlif idman yarışları da keçiriləcək. Stadion tam təhvil verildikdən sonra biz də açılış və bağlanış mərasimləri, eləcə də yarışların təşkili üçün hazırlıq işlərinə başlayacağıq”.
Bakı Olimpiya Stadionunda müxtəlif funksiyalı tribunaların, qaçış zolağının və digər infrastrukturun inşası nəzərdə tutulub.

Mənbə: Milli.Az

 

11 iyul 2014
GO BACK