Qadin.NET / Uşaqlarda sinir xəstəliklərinin yaranma səbəbləri

Uşaqlarda sinir xəstəliklərinin yaranma səbəbləri

 

Azərbaycanda 1 yaşa qədər ölən uşaqlar arasında ölümün əsas səbəbləri açıqlanıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən il Azərbaycanda bütün səbəblərdən 1 yaşına qədər ölən uşaqların sayı 1862 nəfər olub. Onlardan 105-i sinir sistemi xəstəliklərindən baş verib. Bəs sinir xəstəliklərinin yaranma səbəbi nələrdir? 
“Cin vurdu başıma”, “məni cin atına mindirmə!” kimi ifadələri hər birimiz tez-tez işlədirik. Başqalarının neqativ təsiri ilə əsəbimizə hakim ola bilməməyimizi “cinlənmə” də adlandırırıq. Əslində, bəlkə də, səthi görünən içimizdəki həmin “cin” - daha doğrusu sinir xəstəlikləri daha çeşidli, daha ağır, bir çox hallarda isə sağalmayan bəladır. Onlardan sonra orqanizmdə müəyyən ağırlaşmalar qalır və çox güman ki, bəzən xəstəni ölümünə aparır.
Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, əsəb xəstəliklərindən əziyyət çəkən uşaqların sayı artır. Xəstəliklərin yaranma və artma səbəbləri isə müxtəlifdir. Bu problemlərin kökündə həm bətndaxili, həm də doğuşdan sonra yaranan travmalar dayanır. Adıçəkilən patologiyalar səbəblərin hamısı deyil. Son vaxtların ən çox yayılan sinir xəstəliyi autizmdir ki, onun da ilkin simptomları uşaqların özünə qapalı olması və göz kontaktının olmamasıdır. Bu tip xəstələri isə erkən ayırd etmək çətindir. Həmçinin ailədaxili münaqişələr, valideyn-uşaq münasibətlərində düzgün olmayan stereotiplər də uşaqlarda sinir pozğunluqlarına səbəb olur.
Vüsalə Məmmədova, həkim-nevropatoloq: "Nitq probleminə görə, uşaqlarla uşaq dilində danışmaq olmaz. Lazımdır ki, bütün sözləri düzgün tələffüz edəsən. Ən əsası uşaqlarla hökmrancasına münasibət qurmaq olmaz. Lazımdır ki, onlara da şəxsiyyət kimi dəyər verib və o şəkildə münasibət qurasan".
Mütəxəssislərin sözlərinə görə, uşaqların sağlam olması üçün analar doğuşdan əvvəl yəni hamiləlik dövründə bəzi məqamlara diqqət etməlidirlər. 9 ay müddətində passiv həyat tərzi keçirən anaların uşaqları çox vaxt gipaktik patologiya ilə doğulur. Bu isə gələcək sinir pozğunluğunun başlanğıcıdır. Uşaqların qidalanması da əsəb sisteminə təsir göstərən amildir.
Vüsalə Məmmədova: "Valideynlər uşaqlara satışda olan hazır qidaları verməməlidirlər. Çünki bu, həqiqətən də, müəyyən qıcıqlanmalar yardır. Təbii qidalara üstünlük versinlər".
Ümumiyyətlə, sinir toxuması orqanizmin tez zədələnib, gec bərpa olunan toxumasıdır. Bu tip xəstəliklərin sağalması da uzun müddət davam edir. Bəzən isə uşaqları ömür boyu müşayiət edir. Sonucun ölüm olması da danılmaz faktdır. Dövlət Statistika Komitəsinin açıqlamasında uşaq ölümlərinin səbəbləri sırasında sinir xəstəlikləri ilk yerlərdədir.

Mənbə: Milli.Az

 

11 iyul 2014
GO BACK