Qadin.NET / Hava qovuracaq

Hava qovuracaq

 

Bu gün və sabah ölkə ərazisində hava şəraitində mühüm dəyişiklik gözlənilməsə də, iyulun 12-də Bakıda və Abşeron yarımadasında temperatur ötən günlərlə müqayisədə bir neçə dərəcə yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Trend-ə bildirib ki, Bakıda və Abşeron yarımadasında iyulun 11-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi ehtimalı var. Gündüz cənub-şərq küləyi əsəcək. Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 21-25, gündüz 30-35 dərəcə isti olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25, Zuğulba, Mərdəkan, Şüvəlan, Buzovnada 25-26, Türkan, Hövsan, Şıx, Sahildə 26-27 dərəcə isti təşkil edəcək.
İyulun 11-də Abşeron yarımadasında günorta saatlarında isti temperatur diskomfortu meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. İyulun 12-də isə gündüz yüksək temperatur, arabir durğun hava şəraiti meteohəssas insanlar üçün əlverişsiz olacaq.
İyulun 11-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin səhər bəzi cənub rayonlarında şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu Aran rayonlarında gecə 20-25, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz 22-28 dərəcə isti olacaq.
A.Verdiyev bildirib ki, iyulun 12-də Bakıda və Abşeron yarımadasında temperatur ötən günlərlə müqayisədə 4-5 dərəcə yüksələcək. Bakıda və Abşeron yarımadasında gündüz saatlarında havanın temperaturu 34-39, Aran rayonlarında 33-38, dağlıq rayonlarda 23-28 dərəcə isti olacağı gözlənilir.

Mənbə: Milli.Az

10 iyul 2014
GO BACK