Qadin.NET / Onların bazarı Azərbaycanda işləmir və yaxud...

Onların bazarı Azərbaycanda işləmir və yaxud...

 

...qız doğan qadın qorunmaq istəmir
Azərbaycan müasir kontraseptiv üsullardan ən aşağı səviyyədə istifadə edən ölkələr sırasındadır.
Trend-in məlumatına görə, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin Əhali Fondu tərəfindən 2012-ci ildə keçirilən və 2013-cü ildə nəticələri çap edilən "Azərbaycanda doğulan uşaqların cinsə görə nisbətinin pozulmasına zəmin yaradan mexanizmlər: keyfiyyət və kəmiyyət əsaslı tədqiqat"da öz əksini tapıb.
Tədqiqatda qeyd edilib ki, hazırda 15-49 yaş arası ailəli qadınların yalnız yarısı (51%) kontraseptiv üsullardan istifadə edir. Bunlardan 37 faizi ənənəvi üsullara etibar edir və yalnız 14 faizi müasir üsullardan istifadə edir.
Kontraseptiv üsullardan istifadənin aşağı səviyyədə olması dünyaya gələn uşaqların cinsinə görə nisbətinin pozulmasına gətirib çıxaran amillərdəndir. Bu, arzuolunmaz hamiləliklərin artması və doğuma nəzarət üsulu kimi süni abortların sayının çoxalması ilə nəticələnə bilər.
Tədqiqatın nəticələrinə görə, kontraseptiv üsullardan istifadə baxımından regionlar arasında da nəzərə çarpan fərqlər var. Müasir kontraseptiv üsullardan istifadə Yuxarı Qarabağ və Lənkəranda (müvafiq olaraq 7 və 10 faiz) ən aşağı səviyyədədir, lakin Quba-Xaçmaz, Bakı və Abşeron regionlarında (müvafiq olaraq 19 və 18 faiz) bu göstərici ölkə üzrə ən yüksək səviyyədədir.
Kontraseptiv üsullar, xüsusən də müasir kontraseptiv üsullardan istifadə halları təhsil səviyyəsi yüksək olan qadınlar arasında daha çoxdur. Daha yüksək təhsilli qadınlar orta ümumtəhsilli və ya daha aşağı təhsilli qadınlarla müqayisədə müasir üsullardan iki dəfə çox (müvafiq olaraq 25 və 13 faiz) istifadə edirlər.
Tədqiqat zamanı məlum olub ki, ilk üç uşağı qız olan qadınlar əsas etibarilə müasir kontraseptiv üsullardan daha az istifadə edirlər. Lakin ən azı bir oğlu olan qadınların müasir kontraseptiv üsullardan istifadəsi iki dəfə daha artıqdır. Bu hal oğlan uşaqlarına üstünlük verilməsinin göstəricisi kimi şərh edilə bilər. Digər məqam isə odur ki, dörd və daha çox uşağı olan qadınlar arasında kontraseptiv üsullardan istifadə aşağı səviyyədədir. Bu da ona dəlalət edir ki, Azərbaycanda ailə planlaşdırılması üsulları o qədər də geniş tətbiq edilmir.

Mənbə: Milli.Az

 

10 iyul 2014
GO BACK