Qadin.NET / Zorla qız qaçırıb evlənənlərin axırı...

Zorla qız qaçırıb evlənənlərin axırı...

 

Psixoloqun fikrincə, bu yolla qurulan ailələrdən xoşbəxt olanlar da var, amma onların sayı statistikada elə də çox deyil. Azərbaycanda qız qaçırmaq ənənəsi yüz illərdir mövcuddur və hazırda özümüzü nə qədər müasir hesab etsək də, bu gün də davam etdirilir. Qız qaçırma deyiləndə, ağla iki hadisə gəlir: birincisi, qızın özünün sevdiyi oğlana könüllü qoşulub qaçması, ikincisi isə, hətta qızın qarşı tərəfə ən kəskin etirazına, nifrətinə baxmayaraq qaçırılması. Birinci halla bağlı məqamlar aydındır - qız müxtəlif səbəblərdən, məsələn, valideynlərinin onun sevdiyinə verməməsi ilə əlaqədar qoşulub qaçır və s. Amma ikinci halla heç cür razılaşmaq olmur, odur ki, qanunun belələrinə qarşı daha da sərtləşdirilməsinin vacib olduğunu düşünürsən. 
Təəssüf ki, bir çox hallarda bunun əksinin şahidi oluruq: özü də bölgələrdə. Bunun isə müxtəlif səbəbləri var. Belə ki, qız fiziki zorakılığa məruz qalıb, məcburən qaçırıldıqdan sonra onun geriyə qaytarılması cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Nəticədə hətta qarşı tərəfə nifrət etməsinə baxmayaraq, qaçırılan qız taleyi ilə barışmalı olur. Amma, bəlkə, ömrünün sonunadək hətta üzə vurmasa belə, qarşı tərəfə nifrətlə yanaşır, onu bağışlaya bilmir. Qızı olanlar, zənnimizcə, övladı zorla qaçırılan valideynləri daha yaxşı anlayarlar. Təsəvvür edin ki, min bir əzab-əziyyətlə övlad böyüdüb, boya-başa çatdırırsınız, tərbiyə verirsiniz, onu xoşbəxt görmək arzusu ilə yaşayırsınız, insafən, qızınız da sizin bu əziyyətinizə layiq bir övlad olur, amma yeniyetmə yaşında heç sevmədiyi birisi onu qaçırır. Yəqin ki, günümüzdə bir valideyn üçün bundan ağır bir şey ola bilməz.
Səni sevməyən qadın
Bəs qaçırılan qızlar sonradan öz taleləri ilə barışırlarmı? Xoşbəxt olurlarmı? Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov deyir ki, zorla qaçırılan qızların çoxu xoşbəxt olmur: “El adəti ilə ailə qurulan zaman əksər hallarda hər iki tərəfin razılığı olur. Hətta qızın öz sevdiyinə qoşulub qaçmasına da psixoloji cəhətdən normal yanaşmaq olar. Ancaq sevmədiyi, bəyənmədiyi, hətta bəlkə nifrət elədiyi bir insan tərəfindən qaçırılan qız çox çətin həyat yaşayır. 
Belə ailələrdə konfliktlər daha çox olur. Əksər hallarda tərəflər bir-birilərini anlamır, güzəştə getmirlər. Xanımların öz taleləri ilə barışmamaları isə kişiləri daha da qıcıqlandırır”. Psixoloq bildirir ki, övlad dünyaya gələndən sonra xanım az da olsa təsəlli tapır, amma bu, hər şeylə barışmaq anlamına gəlmir: “Yeniyetmələr, gənclər bilməlidirlər ki, onları sevməyən bir xanımı qaçırmaqla təkcə onun yox, həm də özlərinin həyatlarını zülmətə çevirirlər. Zorla qız qaçırıb evlənənlər əksər hallarda peşman olurlar, amma bu, çox gec olur. Beləcə, onların xoşbəxtlik arzuları gözlərində qalır”.
Psixoloqun fikrincə, bu yolla qurulan ailələrdən xoşbəxt olanlar da var, amma onların sayı statistikada elə də çox deyil.
Qeyd edək ki, bu günlərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycanda qadın oğurluğunun statistikası ilə bağlı açıqlama yayıb. Qurumun açıqlamasına görə, Azərbaycanda qadınlar daha çox evlənmək məqsədi ilə oğurlanırlar: “Ötən il Azərbaycanda qadınlara və yetkinlik yaşına çatmayanlara qarşı qısqanclıq, ailə münaqişəsi və s. məişət zəminində baş vermiş 713 cinayətin 14-ü adam oğurluğu ilə bağlı olub. Adam oğurluğu ilə bağlı olan cinayətlərin 11-i evlənmək məqsədi ilə edilib.
5 ildən 10 ilə qədər müddətə azadlıqdan məhrumetmə 
Adam oğurluğu cinayətlərinin 5-i yeniyetmə oğurluğu olub ki, onun da 3-ü evlənmək məqsədilə törədilib”. Lakin etiraf etmək lazımdır ki, qurumun açıqladığı bu statistika reallığı əks etdirmir. Əgər qız qaçırma, həqiqətən də, adam oğurluğu hesab edilirsə, o zaman Azərbaycanda il ərzində belə hadisələrin sayı daha çox olur. Sadəcə, bəziləri ört-basdır edilir...
Qeyd edək ki, Cinayət Məcəlləsinin 144-cü maddəsinin 1-ci bəndinə görə, evlənmək məqsədilə qız qaçıran şəxslərə 5 ildən 10 ilə qədər müddətə azadlıqdan məhrumetmə cəzasının verilməsi mümkündür. Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsində göstərilir ki, eyni əməllər bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədildikdə, 144.2.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Cinayət Məcəlləsində qeyd olunur ki, göstərilən əməllər yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə və ya ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda - 10 ildən 15 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 
Məcəllədə bildirilir ki, əməllərində başqa cinayətin tərkibi olmayan və oğurlanmış adamı könüllü azad edən şəxs cinayət məsuliyyətindən azad edilir.
Əks halda, onu sevmədiyi biri ilə ailə qurmağa məcbur edəcəklər...
Bəs dinimiz bu mövzuda nə deyir? İlahiyyatçıların fikrincə, bu məsələdə iki məqam bir-birindən ayırd edilməlidir. Söhbət qızın zorla qaçırılmasından və ya könüllü şəkildə sevdiyi oğlana qoşulub qaçmasından gedir. Məsələ burasındadır ki, dinimizdə də ailənin qurulmasında hər iki tərəfin razı olması əsas götürülür. İslam alimləri qızın könüllü şəkildə qoşulub qaçması üçün belə, müəyyən şərtlər qoyurlar. Belə ki, əgər qız evlənmək məqsədi ilə sevdiyi oğlana qoşulub qaçmağa qərar verirsə, ilk növbədə, kəbin kəsilməsinə nail olmalıdır. İki nəfər şahidlə birgə kəbin kəsdirdikdən sonra onların qaçmasının mümkünlüyünü söyləyən alimlər var. Bu fikrin tərəfdarları onu əsas götürürlər ki, artıq qız öz duyğularını qorumaq və sevdiyinə qovuşmaq üçün məcburiyyət qarşısında bu addımı atır. Çünki əks halda, onu sevmədiyi biri ilə ailə qurmağa məcbur edəcəklər.
Valideynlər də bu məsələyə anlayışla yanaşmalıdırlar
Bəzi alimlər isə iki şahidin bu nikah üçün kifayət etmədiyini, evlənən tərəflər və şahidlərlə yanaşı, valideynlərin də razılığının vacib olduğunu deyirlər. Bu fikrin tərəfdarları onu da bildirirlər ki, əgər bu yeni ailə dağılsa, qadının qayıdacağı yer yenə ata evidir və ona görə də valideynlərin icazəsi, razılığı olmadan kəbin kəsdirmək doğru deyil. Bütün hallarda ailə quranda diqqətli olmaq, hər şeyi xırdalığına qədər ölçüb-biçmək və valideynlərin də razılığını almaq lazımdır. Təbii ki, valideynlər də bu məsələyə anlayışla yanaşmalı və övladlarının fikirlərinə dəyər verməlidirlər.
Yazımızı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin bir müddət öncə jurnalistlərə bu mövzuda verdiyi açıqlama ilə yekunlaşdırırıq: “Qız qaçırılması məsələsində bəzi hallarda gənclərimiz məlumatsız olurlar və regionlarda belə hallara daha çox yol verirlər. Bilmirlər ki, bu, nə dərəcədə ağır nəticələrə gətirib çıxara bilər. Regionlarda, çox ucqar yerlərdə gənclər, həqiqətən, məlumatlı deyillər ki, evlənmək məqsədilə qız qaçırmaq niyyətləri 8-9 il azadlıqdan məhrum edilmələrinə gətirib çıxara bilər. Yəqin ki, bu, hüquqi maarifləndirmə ilə bağlı problemdir və bunu həll edə bilmirik. Müasir dövrdə yəqin ki, maarifləndirmənin üsulları başqa cür olmalıdır. Burada bizim bildiyimiz ənənəvi maarifləndirmə üsulları yetərli deyil. Bu gün hamı - ictimaiyyət, televiziya, mətbuat hüquqi maarifləndirmədən danışır. Hələ ki mən hüquqi maarifləndirməni kimin, necə və hansı üsullarla həyata keçirəcəyinə dair elə bir konkret təşəbbüs görməmişəm. Bu boşluq var, amma onun doldurulması ilə bağlı konkret təklif yoxdur. Bu, bəlkə də, elə hüquq ictimaiyyətinin borcudur”...
Mənbə: Milli.Az

 

9 iyul 2014
GO BACK