Qadin.NET / Keçmişimizi və bu günümüzü gələcəyə çatdıran ən yaxşı bələdçilər

Keçmişimizi və bu günümüzü gələcəyə çatdıran ən yaxşı bələdçilər

 

Son vaxtlar Gəncədə yeni muzeylər fəaliyyətə başlayıb. Fərqli və maraqlı eksponatlarla göz oxşayan muzeylərimizə kiçik bir ekskursiyamız var.
Tarixi qaynaqlardan məlumdur ki, muzeylər zamanın müəyyən məqamını özündə yaşadan, ötən əsrlərin müxtəlif hadisələrindən xəbər verən eksponatları komplektləşdirən, qoruyan, saxlayan və nümayiş etdirən maddi-mənəvi xəzinədir. Muzey həm də şahiddir. O, eyni zamanda keçmişimizi və bu günümüzü gələcəyə çatdıran ən yaxşı bələdçidir.
Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, tarixi, maddi və mənəvi abidələrlə zəngin olan şəhərimizdə sadalanan dəyərləri keçmişdən bu günə çatdıran fərqli muzeylər fəaliyyət göstərir. Onların əsas vəzifəsi eksponatları, sadəcə, öyrənmək və qorumaq deyil, həmçinin təbliğ etməkdir. Başlayaq şəhərin girişindəki dahi Nizami adına muzeydən. Tikintisinə 2013-cü ilin mayından başlanılan bu muzey 2014-cü il yanvarın 21-də istifadəyə verilib. Bina 3 mərtəbədən ibarətdir. Burada Nizami Gəncəvi haqqında araşdırmaların aparıldığı elmi şöbələr fəaliyyət göstərir. Muzeydə Nizami “Xəmsə”sindən nümunələr, İsgəndəriyyə milli kitabxanasından orijinal əlyazmalar qorunub saxlanılır. Fəaliyyətə başladığı gündən muzeyə ekskursiya üçün gələnlərin sayı təxminən 16 mindir.
Elə həmin ərazidə yerləşən digər muzey Gəncə Qala qapıları - Arxeologiya və Etnoqrafiya muzeyidir. Bu ilin mart ayından fəaliyyət göstərən bu möhtəşəm memarlıq nümunəsi ekskursiya üçün gələnlərin böyük marağına səbəb olur. Qədim daş dövründən 20-ci əsrin əvvələrindək olan tarixi dövrü əks etdirən eksponatlar abidə kompleksinə xüsusi özəllik qatır. Burada, əsasən, milli geyimlər, Azərbaycan Xalq Cümhuriyyəti dövründə hazırlanan silah növləri və Gəncə xanlığını əks etdirən kompozisiya gələn turistlərin marağına səbəb olur.
Şəhərin muzeylər silsiləsində 12-ci əsr Azərbaycan ədəbiyyatının klassiki Məhsəti Gəncəvinin həyat və yaradıcılığını əks etdirən mərkəz özünəməxsus yer tutur. Klassik memarlıq üslubunda tikilən binada şairin yaradıcılığına həsr olunan rəsm qalereyası, tədqiqatçılar üçün oxu zalı və yardımçı otaqlar yerləşir. Elektron köşkdə Məhsətinin rübailəri Azərbaycan, rus və ingilis dillərində təqdim olunur. Sərgilənən kitablar sırasında Məhsəti və Nizami ədəbi irsiylə Azərbaycan xalçaçılığının zənginliyini işıqlandıran kitablar yer alıb. Burada Məhsəti Gəncəvinin həyat və yaradıcılığı ilə yanaşı, Azərbaycanın görkəmli şair, mütəfəkkirləri və musiqisi haqqında geniş elmi məlumatlar əldə etmək mümkündür. Mərkəzin milli geyimlər sərgisində əsas diqqət Məhsəti dövrü, xüsusilə də İntibah dönəmində xanımlara xas milli geyim nümunələri sərgilənir. Rəsm qalereyasında Məhsəti Gəncəvi obrazı və rübailərinə həsr olunan müxtəlif tablolar, sənət nümunələri, monumental əsərlər nümayiş etdirilir. Sadalananlardan başqa mərkəzdə musiqi studiyası, not kitabxanası, muğam və iclas zalı var.
Və nəhayət, şəhərin ən möhtəşəm tikilisi olan Heydər Əliyev Mərkəzində yerləşən Heydər Əliyev muzeyi. Bu memarlıq nümunəsinin tikintisində şəhərsalma mədəniyyətinin son nailiyyətlərindən istifadə olunub. Muzey perimetr boyunca səkkizbucaqlı sütunlarla əhatə olunub. Tavanda Azərbaycanın xəritəsi əks olunan möhtəşəm çilçıraq şüşədən olan günbəzə xüsusi gözəllik qatır. Muzeydə Heydər Əliyevin həyatı və fəaliyyəti ilə bağlı fərqli, eyni zamanda maraqlı nümunələr var.
Gəncədə fəaliyyət göstərən muzeylər özəllikləri, fərqlilikləri və orijinallıqları ilə yerli insanlarla yanaşı xaricilərin də diqqət mərkəzindədir. Çünki bu, bizim tariximizin kiçik rakursdan əyani görünüşüdür. Axı tariximiz də zənginliyi ilə daim diqqət mərkəzində olub.

Mənbə: Milli.Az

 

9 iyul 2014
GO BACK