Qadin.NET / Güclü yağış Daşkəsənin 6 kəndi ilə rayon mərkəzinin əlaqəsini kəsib

Güclü yağış Daşkəsənin 6 kəndi ilə rayon mərkəzinin əlaqəsini kəsib

Ötən gün saat 19:00-dan başlayaraq Daşkəsən rayonu ərazisinə güclü dolu və leysan yağıb. Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, nəticədə Gəncə-Daşkəsən-Xoşbulaq-Astaf, eləcə də Daşkəsən-Dəstəfur-Qıyıxlı avtomobil yollarına xeyli ziyan dəyib. Uzunluğu 21 km olan 6 kəndi birləşdirən Daşkəsən-Dəstəfur-Qıyıxlı avtomobil yolunun üzərində yerləşən 1 körpü yararsız vəziyyətə düşüb. 
Yolun müəyyən hissəsini sel suları yuduğundan həmin ərazidə hərəkət məhdudlaşıb. Bundan başqa 3 kiçik körpü və 7 su ötürücü qurğu qəzalı vəziyyətə düşüb. Hazırda “Azəryolservis”in ağır texnikası və işçi qüvvəsi avtomobillərin hərəkətini bərpa etmək üçün müvafiq tədbirlər həyata keçirir. Gəncə-Daşkəsən-Xoşbulaq yolunda avtomobillərin hərəkəti bərpa olunsa da, Dəstəfur kəndi ilə rayon mərkəzini birləşdirən yol, hələ ki, bağlı olaraq qalır. Daşkəsən 22 saylı yol istismar idarəsin rəisi Nəriman Süleymanovun sözlərinə görə, hazırda qonşu rayonlardan da kömək çağrılıb və qısa zamanda həmin kəndlə də əlaqə bərpa olunacaq. 

Mənbə: Milli.Az

8 iyul 2014
GO BACK