Qadin.NET / Azərbaycanda daha bir unikal əməliyyat

Azərbaycanda daha bir unikal əməliyyat

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının həkimləri Azərbaycanda ilk dəfə kəskin insult xəstəsində beyin damarında tromb əməliyyatını uğurla icra ediblər.
ATU-nun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 36 yaşlı xəstə qadın Universitetin Tədris Terapevtik Klinikasına müraciət edərkən 3 saat ərzində sol qol və ayağını hərəkət etdirə bilmirmiş. Xəstənin nevroloji dəyərləndirməsi zamanı həkimlər beynin sağ tərəfində ciddi insultdan şübhələniblər. Sonradan tomoqrafiya zamanı bu diaqnoz təsdiqlənib. Məlum olub ki, sağ daxili yuxu arteriyası 100 faiz tromblaşıb.
ATU-nun həkimləri tərəfindən ilk dəfə olaraq beyin damarlarından trombun çıxarılması (trombektomiya) əməliyyatı uğurla həyata keçirilib. Saat yarım davam edən əməliyyat kardioloq-aritmoloq, dosent Fərid Əliyev və invaziv-radioloq Ağakişi Yəhyayev tərəfindən icra olunub. Xəstə artıq reanimasiya şöbəsindən çıxarılıb.
Dosent Fərid Əliyev hazırda xəstənin vəziyyətinin stabil olduğunu bildirir. Onun sözlərinə görə, belə xəstəliklər zamanı ölüm ehtimalı çox yüksəkdir: "Çünki beyin yarımkürəsi tam insult idi. Amma biz insultun, ətrafdakı toxumaların ölümünün qarşısını ala bilmişik. Cavan xəstələr insultu daha pis keçirirlər. Çünki gənc insanlarda qan dövranı ani ortaya çıxan tıxanmaya cavab verə bilmir. Xəstənin vəziyyətində hazırda pisləşmə yoxdur. Artıq sol ayaqda güc tonusu bərpa olmağa başlayır. Xəstənin vəziyyəti tam sabitləşəndən sonra insultu ortaya çıxaran səbəblər araşdırılacaq".

Mənbə: Milli.Az

8 iyul 2014
GO BACK