"Pensiya məbləğinin vətəndaşların yaşına uyğun olaraq artırılması pensiya islahatlarında sosial təminat baxımdan xüsusi bir mərhələ ola bilər".
ANS PRESS-in məlumatına görə, bu təkliflə iqtisadçı ekspert Vüqar Bayramov çıxış edib. Mütəxəssis bildirir ki, rəsmi statistikaya əsasən, 2014-cü ildə Azərbaycan əhalisinin sayı 9 milyon 477 min, yaşı 70-dən çox olanların sayı isə 390 min nəfərdir. Statistiklər yaşı 75 və eləcə də 80-dən yuxarı olan Azərbaycan vətəndaşlarının sayını göstərməsələr də, həyatda qalanların sayının xeyli marjinal olduğu aydındır. Azərbaycanın pensiya sistemi təqaüd məbləğlərinin yaş qrupları üzrə indeksasiyasını aparmır. Amma bir sıra inkişaf etmiş ölkələrdə və hətta qonşu Rusiyada pensiya məbləğləri müəyyənləşdirilən zaman yalnız iş təcrübəsi və ya sosial ödənişlərin məbləği deyil, həmçinin təqaüdçünün yaşı da nəzərə alınır. Məsələn, Rusiyada pensiyaçı 80 yaşa çatan kimi təqaüd məbləği 30 faiz artılır. Yəni, əgər pensiyaçının təqaüdü 200 dollardır, 80 yaşı tamam olduqdan sonra bu məbləğ 260 dollara yüksəlir.
İqtisadi və Sosial İnkişaf Mərkəzi pensiya məbləğinin yaş qrupları üzrə indeksasiyasının Azərbaycanda da tətbiqi təklifi ilə çıxış edib və bu daha yaşlı təbəqə üçün daha çox pensiya verilməsi onların həyat şəraitin yaxşılaşdırılması üçün olduqca vacibdir. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, yaşı 80-i keçən vətəndaşların xərcləri daha çox olur. Bu, onların səhiyyə xərclərinin artması ilə əlaqədardır, insanlar yaşlaşdıqdan sonra sağlamlıqlarına daha çox pul xərcləməli olurlar, ona görə də həmin vətəndaşların pensiya məbləğinin artırılması məqsəduyğundur.
Azərbaycan pensiya sistemini xarakteristikasını, əhalinin yaş qrupları üzrə təsnifləşdirilməsini və eləcə də mövcud və potensial maliyyə imkanlarını nəzərə alaraq biz təklif edirik ki, yaşı pensiyaçıların yaşı 70-ə olduqda təqaüd məbləği 10, 75-ə çatdıqda 20, 80-i keçdikdı isə 30 faiz artırılsın. Ölkədəki orta ömür müddətini də nəzərə aldıqda bu büdcə üçün hər hansı ciddi ağırlıq yaratmayacaq. Əksinə, bu islahat pensiyaçılara xərclərini müəyyən qədər kompensasiya edə bilmək imkanı verəcək. Eyni zamanda, təqaüdçü vətəndaşlarımız sosial təminat sistemindən daha yaxşı yararlana biləcəklər. Bu baxımdan, güman edirik ki, pensiya məbləğinin proporsional şəkildə vətəndaşların yaşına uyğun olaraq artırılması pensiya islahatlarında sosial təminat baxımdan xüsusi bir mərhələ ola bilər.
Mənbə: Milli.Az