İkinci bir dil bilməyin nə qədər önəmli olduğu əslində uzun zamandan bəri məlum olsa da, texnologiyanın təqdim etdiyi yeni imkanlarla dildən istifadənin artması “bir dil, bir insandır” sözünü bir daha təsdiq etdi. Dil bir insanın sosial varlıq olaraq başqa insanlarla münasibətdə və əlaqədə olması, yaşadığı mühitdə və şəraitdə öyrənərək ortaya qoyduğu sözlü hərəkət və ifadə toplusudur. Bir şəxsin duyğu, düşüncə və anlam baxımından təsirli əlaqə vasitəsi olan dil bir şəxs üçün çox önəmli olan mədəni zənginlikdir. Bir çox insanlar yalnız öz ana dili ilə kifayətlənməyib müxtəlif xarici dilləri öyrənməyə üstünlük verirlər. Hazırda dünyada, nəinki, iki, hətta ondan artıq xarici dil bilən insanlar da var. Cəmiyyətdə də insanların xarici dil bilməsi böyük önəm kəsb edir. Təsadüfi deyil ki, bu gün insanlar iş üçün hər hansı bir şirkətə müraciət etdikdə, ilk növbədə, “xarici dil bilirsinizmi?” sualı ilə qarşılaşırlar. Ölkəmizdə də bir çox sahələrdə xarici dil bilən işçilərə üstünlük verilməsinin nəticəsidir ki, bu gün insanların əksəriyyəti yaşından asılı olmayaraq məhz xarici dil öyrənməyə çalışır. Eyni zamanda artıq orta məktəblərdə kiçik yaşlarda xarici dil tədris edilir. Lakin mütəxəssislər xarici dil öyrənmənin hər yaşda düzgün olmadığı fikrini də irəli sürürlər.
Edinburq Universitetinin 260 nəfər arasında apardığı araşdırmaya görə, rəyi soruşulanlardan 195 nəfərin 18 yaşından əvvəl, 65 nəfərin isə 18 yaşdan sonra xarici öyrəndiyi aydın olub.
Yaşından asılı olmayaraq ikinci bir dil öyrənmək beyinin yaşlanmasını yavaşladır
Psixoloq Aynurə Qocayeva Milli.Az-a bildirdi ki, uşaqlar böyüyərkən təbii müddət içərisində öz ana dilini öyrənirlər, hətta bir körpə öz ana dilinin qrammatikasını hələ dünyaya gəlmədən, ana bətnində digər dillərdən ayıra bilir: “İnsan beyni dil öyrənərkən ana dilini beyinin ana dili bölgəsi kimi tanınan bir bölgəsinə qeyd edir. Adətən 8-9 yaşına qədər öyrənilən dillər də bu ana dil bölgəsinə qeyd edilir. Sonra öyrənilən dillər artıq fərqli bir bölgəyə yerləşdirilir. Bununla əlaqədar olaraq sonrakı yaşlarda bir dili öyrənmək çətinləşir və öyrənilən dil tez unudulur. Adətən uşaqlar 2 yaşına qədər məhdud sayda ifadədən istifadə edir. Az sayda kəlmədən istifadə etmələrinə baxmayaraq, eşitdikləri hər şeyi öyrənir və yaddaşlarına həkk edirlər. Bu baxımdan dil öyrənmədə ən önəmli amil ailənin uşağın danışma cəhdlərini gücləndirməsidir. Uşaq ətrafında danışılan ana dili və ümumi qrammatika qaydalarını 4-5 yaşına qədər öyrənməklə istifadə bacarığı qazanır. Belə bir fikir də var ki, 2 yaşındakı bir uşaq eyni anda 4 ayrı dili öyrənə bilir”. Psixoloqun fikrincə, ailədə xarici dil bilən varsa, bu dillərdən istifadə edilə bilir. Eyni zamanda yeniyetməlikdən sonra başqa millətlərə və cəmiyyətlərə aid səslərin çıxarılması çox çətinləşir. Bu baxımdan xarici dilləri müəyyən bir yaşdan sonra doğru tələffüzlə birlikdə öyrənmək çox çətindir. Ancaq mütəxəssislərin fikrincə, hansı yaşda olmasına baxmayaraq, ikinci bir dil öyrənmək beyinin yaşlanmasını yavaşladır.
Digər ölkələrdə xarici dili müəyyən yaşda məqsədyönlü təhsil, iş üçün öyrənirlər
Nəsimi rayonu Rövşən Nəsirov adına 111 saylı orta məktəbin ingilis dili müəllimi Ruhiyyə Rüstəmova Milli.Az-a bildirdi ki, əslində xarici dili istənilən yaşda öyrənmək nə tez, nə də gec sayılmaz, sadəcə olaraq əsas məqsəddir: “Yəni, bu illər ərzində valideynlər arasında bir növ dəb halını alıb, çox kiçik yaşdan, hətta 3-4 yaşlarından uşaqları dərnəklərə qoyurlar ki, xarici dil öyrənsinlər. Mən bunu heç də düzgün saymıram. Mən hazırda ölkəmizin övladlarının dil bilmə qabiliyyətini yüksək qiymətləndirirəm. Xarici ölkələrdə konfranslarda olarkən bizim uşaqlarla müqayisədə digər ölkələrin uşaqlarını zəif görürəm. Çünki bizdə uşaqlar ən az normalda 3-4 dil bilirlər. Əlbəttə ki, azyaşlı uşaq əgər dili öyrənib xarici ölkədə yaşamağa gedəcəksə, bu normaldır və hətta tələbdir. Amma şagird ən azı 7 yaşından dili daha yaxşı dərk edir və hiss edərək öyrənir”.
Həmsöhbətimiz onu da vurğuladı ki, bu gün xarici dil bilmək Vətənimizi bütün dünyada layiqincə təmsil etmək deməkdir. Azərbaycanda normalda böyük əksəriyyət türk, rus və ingilis dillərini artıq bir qayda halını almış kimi bilirlər.
R.Rüstəmova deyir ki, əgər 3-4 yaşlı uşaq öyrəndiyi dili yaşadığı mühitdə istifadə etməyəcəksə, onun zehni yorğunluğa gətirilməsinin əleyhinədir: “Sadəcə, o yaşda uşaq, ilk növbədə, öz doğma dilində daha gözəl danışmağı öyrənməlidir. İstənilən xarici dili bilən insan hansı ölkədə olursa-olsun, özünə inamlı olur. İstənilən halda həm öz hüquqlarını qoruya bilir. Həm də ölkəsini layiqincə təmsil edə bilir. Dil bir xəzinədir”.
O da vurğulandı ki, kiçikyaşlı uşaqlar dili rollu oyunlarla öyrənsə, daha məqsədyönlüdür. Eyni zamanda mütləq dərs vaxtı qrammatika, yazı və danışığı mənimsəməlidirlər. Bunun üçün müxtəlif müasir proqramlar, CD-lər, “fləşkardlar”dan istifadə edilməlidir. Müxtəlif siniflərdə dərs keçdiyini deyən R.Rüstəmova bildirdi ki, onun özünəməxsus ingiliscə yazdığı şeirlər var ki, bu qabiliyyətindən istifadə edib aşağı siniflərdə dərslərini əyləncəli qurmağa çalışır. Çünki bu yaşda olan uşaqların dərsi əyləncəli şəkildə öyrənmələrinə üstünlük verir.
Müəllimə yaşlı insanların xarici dil öyrənmək marağını da çox müsbət qiymətləndirir: “Amma yaşı çox olan adamlar dili çətinliklə qavrayırlar. Yenə də cəhd etdiklərinə görə bunu müsbət qarşılayıram. Amma insan qarşısına məqsəd qoymuşsa, ən azı yaşı çox olsa da, 50-60 % dili mənimsəyə bilər.
Xarici ölkələrə gəldikdə isə əgər həyat tərzləri tələb etmirsə, orada burada olduğu kimi azyaşlı uşaq 3 dil bilmir. Yəni, müəyyən yaşda məqsədyönlü təhsil, iş üçün öyrənirlər. Azərbaycanda isə orta hesabla hər on uşaqdan səkkizi dil açıb danışmağa başladıqdan sonra tədricən Azərbaycan, rus, türk dillərində danışmağa başlayırlar. Bizdə məhz gələcəkdə əziyyət çəkməsinlər deyə, valideynlər uşaqlarına çox erkən dil öyrətməyə başlayırlar”.
Ümumiyyətlə, nə qədər xarici dili bilməsinin vacibliyinə gəldikdə isə R.Rüstəmova deyir ki, 5 dili mükəmməl bilmək mümkündür. Amma say artdıqca qarışıqlıq olur: “Mən doğma dilimlə yanaşı, rus, türk, ingilis dillərindən sonra fransız dilini öyrənmişəm. Artıq ispan dilini öyrənmək istəyəndə müxtəlif sözləri qarışdırıram. Bir də bu, həm də qavramadan da asılıdır ki, insan nə qədərini yadda saxlaya bilər. Əgər öyrənilən dildən istifadə edilmirsə, o, çox tez yaddan çıxır. Bəzən bir filmə baxarkən ona Azərbaycan, rus türk ya ingiliscə baxdığımı unuduram. Bu, hər kəsdə belədir. Bildiyin dili hiss edirsənsə, o, sənə doğma gəlir. Dil bilmək zənginlikdir. Bildiyin dili öyrədə bilmək isə bir müəllim kimi deyə bilərəm ki, zövq və fəxrdir. Mən heç dil bilməyən bir insanı xarici dili öyrədərkən bir müddət sonra o insanın xarici dildə danışmağa başladığını görəndə uşaq kimi sevinirəm. Sanki, dünyaya yeni bir insan gəlir”.
Ümumiyyətlə, nə qədər xarici dili bilməsinin vacibliyinə gəldikdə isə R.Rüstəmova deyir ki, 5 dili mükəmməl bilmək mümkündür. Amma say artdıqca qarışıqlıq olur: “Mən doğma dilimlə yanaşı, rus, türk, ingilis dillərindən sonra fransız dilini öyrənmişəm. Artıq ispan dilini öyrənmək istəyəndə müxtəlif sözləri qarışdırıram. Bir də bu, həm də qavramadan da asılıdır ki, insan nə qədərini yadda saxlaya bilər. Əgər öyrənilən dildən istifadə edilmirsə, o, çox tez yaddan çıxır. Bəzən bir filmə baxarkən ona Azərbaycan, rus türk ya ingiliscə baxdığımı unuduram. Bu, hər kəsdə belədir. Bildiyin dili hiss edirsənsə, o, sənə doğma gəlir. Dil bilmək zənginlikdir. Bildiyin dili öyrədə bilmək isə bir müəllim kimi deyə bilərəm ki, zövq və fəxrdir. Mən heç dil bilməyən bir insanı xarici dili öyrədərkən bir müddət sonra o insanın xarici dildə danışmağa başladığını görəndə uşaq kimi sevinirəm. Sanki, dünyaya yeni bir insan gəlir”.
Nigar Abdullayeva.
Mənbə: Milli.Az