Avropa İttifaqının (Aİ) antiinhisar tənzimləyici orqanları Lüksemburqdan ABŞ-ın Amazon onlayn pərakəndə satış şirkətinin vergi məlumatlarının təqdim olunmasını xahiş ediblər.
Milli.Az ICT nevs-a istinadən bildirir ki, Amazon-un Avropa bölməsinin Amazon EU mənzil-qərargahı Lüksemburqda yerləşir. Komissiyanın versiyasına görə, şirkət transfert qiymətqoymanın formalaşdırılması üçün törəmə müəssisələrdən istifadə edərək vergi ödənişlərini minimuma endirib.
Şirkət üçün 2013-cü ildə vergilərin ümumi faiz dərəcəsi 31,8 faiz təşkil edib ki, bu da bir il əvvəldən 8 faiz azdır. Amazon EU-nun maliyyə göstəricilərinə əsasən, 2013-cü ildə şirkət Aİ ölkələrində satışdan 13,6 milyard avro məbləğində gəlir əldə edib.
Qeyd edək ki, bir müddət əvvəl Aİ Apple, Starbucks və Fiat şirkətləri ilə bağlı vergi araşdırmasına başlayıb. Araşdırmaların aparılması üçün əsas bu şirkətlərə müvafiq olaraq İrlandiya, Niderland, Lüksemburq tərəfindən böyük vergi güzəştlərinin edilməsi olub.
Dünyanın nəhəng onlayn pərakəndə satış şirkəti olan Amazon ABŞ-dan kənarda – Braziliya, Kanada, Böyük Britaniya, Almaniya, Yaponiya və s. ölkələrdə filiallara malikdir, eləcə də 61 ölkəyə mallar çatdırır. Şirkətin NASDAQ birjasında kapitallaşma dəyəri 155,3 milyard dollar təşkil edir.
Mənbə: Milli.Az