Milli.Az ANS PRESS-ə istinadən bildirir ki, artıq bir çox işlər görülüb.
İş icraçılarının anspress-ə verdikləri məlumata görə, Dəniz Vağzalından “Ağ şəhər” istiqamətində uzadılacaq milli parkda bir çox yeniliklər olacaq. Yeni milli parkda ilk öncə istirahətə gələn vətəndaşların rahatlığını təmin etmək üçün həmin ərazidə pulsuz avtomobil dayanacağı da olacaq. Bundan əlavə, milli parkda xaricdən gətiriləcək müxtəlif ağac növləri əkiləcək.
Bundan əlavə, bulvar ərazisində yeni, müasir attraksionlar, dünyada məşhur olan müxtəlif əyləncə obyektləri quraşdırılacaq. İş icraçısının sözlərinə görə, “Ağ şəhər” ərazisindəki yeni bulvarda işlər 2015-ci ilə qədər başa çatacaq və istifadəyə veriləcək.
Qeyd edək ki, hazırda Bakı bulvarının uzunluğu 8 kilometrdir. Dənizkənarı Milli Bulvar İdarəsinin rəis müavini Nazim Məcidovun anspress-ə verdiyi məlumata görə, gələcəkdə parkın ərazisinin 16 kilometr, hətta 25 kilometrə qədər uzadılması nəzərdə tutulub.
“Əgər gələcəkdə bulvarın ərazisi 25 kilometrə qədər uzadılarsa, o zaman Bakının Milli Parkı dünyanın ən uzun bulvarı olacaq. Hazırda istifadəyə verilən bulvar ərazisində gəzinti qatarları fəaliyyət göstərir. “Ağ şəhər” istiqamətində bulvar ərazisi istifadəyə veriləndən sonra əlavə yeni qatarlar da alınacaq”, - deyə Nazim Məcidov vurğulayıb.
Bundan əlavə, yeni Bulvarında çimərlik də yaradılacaq. Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İnformasiya təminatı və təhlil sektorunun müdiriVüsal Babayevin anspress-ə verdiyi məlumata görə, rayonun perspektiv inkişaf planına əsasən, Pirallahı qəsəbəsində sahil xətti boyunca bir çox sahələrdə mövcud olan antisanitar vəziyyət aradan qaldırılıb. Onun sözlərinə görə, hələlik bulvar ərazisində çimərliyin salınması ilə bağlı rəsmi sənəd yoxdur.
“Bu əraziləri abadlaşdırmaq və sakinlərin istirahətini təmin etmək məqsədilə yeni dənizkənarı bulvarın və çimərliyin salınması nəzərdə tutulub. Hazırda bu istiqamətdə müvafiq işlər görülməkdədir. Səməd Vurğun küçəsində yerləşən, sahəsi 5 hektar olan park 50 hektara qədər böyüdüləcək. Parkın dənizə baxan hissəsində artıq işlərə başlanılıb”, - deyə Vüsal Babayev bildirib.
Mənbə: Milli.Az