Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Böyük Vətən müharibəsi əlillərinə və onlara bərabər tutulan şəxslərə minik avtomobilləri təqdim edib.
Nazirlikdən ANS PRESS-ə verilən məlumata görə, bu gün ilin əvvəlinədək növbədə duran daha 100 nəfər 1941-1945-ci illər Böyük Vətən müharibəsi əlilinə və onlara bərabər tutulan şəxsə “Naz-Lifan” markalı minik avtomobili verilib. Bu kateqoriyaya aid əlilliyi olan şəxslərə avtomobillərin təqdim edilməsi ölkə başçısının müvafiq sərəncamına uyğun olaraq həyata keçirilir.
Tədbirdə bildirilib ki, ötən ay müharibə əlillərinə bərabər tutulan şəxslərdən 200 nəfərinə minik avtomobilləri təqdim edilib, indi isə bu kateqoriyadan olan daha 100 nəfərə avtomobillər verilir. 01 yanvar 2014-ci ilədək növbəyə duran Böyük Vətən Müharibəsi Əlilllərinin, hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olanların və Çernobıl AES əlillərinin avtomobillə təminatının avqust ayında yekunlaşdırılması planlaşdırılır.
Çıxış edənlər müharibə əlilləri və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsinin gücləndirilməsinin ölkə başçısının daim diqqət mərkəzində olduğunu vurğulayıblar. Qeyd edilib ki, dövlət başçısının 23 dekabr 2013-cü il tarixli Sərəncamına əsasən, aprel-may aylarında 2014-cü ilin əvvəlinədək növbəyə dayanmış 677 nəfər Qarabağ müharibəsi və 20 Yanvar əlilinin minik avtomobili ilə tam təminatı başa çatdırılıb.
Avtomobil alanlar göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Əlil və şəhid ailələrinə mənzillərin təqdim edilməsi, əlillərin avtomobillə təmin edilməsində şəfaflığın və ictimai nəzarəitn təmin edilməsi məqsədilə mənzil və avtomobil alanların, növbədə dayananların siyahısı nazirliyin rəsmi internet saytının (www.eesmn.gov.az, www.mlspp.gov.az) ön səhifəsində ictimaiyyətə təqdim edilir.
Mənbə: ANS PRESS