Qadin.NET / Prezenteizmin axırı yaxşı qurtarmır...

Prezenteizmin axırı yaxşı qurtarmır...

 

İnsan var ki, xəstə və halsız vəziyyətdə, şəxsi həyatında problemləri olduqda belə işdən qalmaq istəmir. Lakin bunu ifrat dərəcəyə çatdıranlar da olur. İşdən sonra ofisdə qalmağa, məzuniyyətdə belə işə gəlməyə üstünlük verən bu cür insanlar prezenteizmdən əziyyət çəkirlər. 

Prezenteizm ingilis dilindən götürülüb, tərcümədə "present" iştirak edən deməkdir. Bu psixoloji problemdən əziyyət çəkənlərdə vaxtı duyma və iş qabiliyyəti arasında problemlər yaranır. İşdə çox vaxt keçirməyə baxmayaraq, işləmək qabiliyyəti aşağı düşür. 
Psixoloq Leyla Bağırovanın sözlərinə görə, iki saat fasiləsiz işlədikdə iş qabiliyyəti azalır: "Gün ərzində yorğunluq üst-üstə gələcək və sağlamlıqda əks olunacaq. Yorğunluğa görə işdə səhvlər, diqqətsizlik artmağa başlayacaq. Bu səbəbdən işdə fasilə mütləq lazımdır". 
L.Bağırova bildirib ki, hər kəsin işləmək bacarığı fərqlidir: "Bəziləri tez, bəziləri isə gec yorulur. Hərə öz imkanlarına uyğun iş rejimini müəyyən etməlidir. Heç nəyə baxmayaraq, orqanizm təhlükə ilə üzləşdikdə belə işə can atmaq psixoloji problemlərin olduğunu göstərir". 
Psixoloqa görə, istirahət etmədən özünü ağır işə proqramlaşdırmaq uşaqlıqdan valideynlərin göstərişləri və qadağaları əsasında formalaşmış həyat ssenarisidir. Valideynlərin "çox çalış", "çox dərs oxu" tövsiyəsini yerinə yetirdikdə, uşaq eyni zamanda "rahat olma", "istirahət etmə" kimi qadağaları da özü üçün qəbul edir. O bu qaydalarla ömür boyu yaşayır. Çox vaxt elə valideynlərindən də nümunə götürərək özünü xəstəlik vəziyyətinə salanadək, əldən düşənədək işləyir. 
İşgüzar, özünə tənqidi yanaşan və özündən çox şey tələb edənlər, heç nəyə baxmayaraq çox işləmələrini qarşılarına məqsəd qoyanların da əksəriyyəti prezenteizmdən əziyyət çəkir. Bununla üzləşməmək üçün məsuliyyət hissinin həddini gözləmək lazımdır. Müsahibimmz bildirib ki, heç kəsə özünüzü günahkar hiss etdirməyə qoymayın. İş yoldaşlarınıza da az və pis işləməyinizə dair sözlərinə qulaq asmayın. İşdən sakitcə heç kimin diqqətini çəkmədən, çəkinərək getmək də lazım deyil. Siz iş saatınız bitənə qədər işdə olub işləməlisiz. Ondan artıq isə işləmək lazım deyil. Özünüzə əminliyi artırın. İş fəaliyyətinizi və işin nəticəsini obyektiv qiymətləndirin. Əgər siz işinizə dəyər verməyi öyrənsəniz, onda sizi qınayan insanların cavabını da verə bilərsiz. 
Həmsöhbətimiz qeyd edib ki, işgüzar həyatla şəxsi həyat arasında sərhəd olmadıqda da prezenteizm formalaşır: "Evdə işləmək, işdən sonra da daim iş haqqında düşünmək, ətrafdakıları da bu haqda olan söhbətlərlə yormaq prezenteizmin əlamətləridir. İşgüzar həyata verdiyiniz enerjini şəxsi həyata da ayırmalısınız. Əks halda həyatdan narazılıq, pis əhval-ruhiyyə, depressiya, narahatlıq artacaq. Həyatdan məmnun olmaq üçün hobbi, dostlarla vaxt keçirmək, əylənmək, idman etmək üçün də vaxt qalmalıdır. Bunun üçün vaxtı düzgün planlaşdırmağı bacarmaq lazımdır". 
Konkordiya Universitetinin "Con Molson Biznes məktəbi"nin apardığı təcrübəyə əsasən məlum olub ki, bəzi xəstə işçilər vəziyyətinin ağır olmasına baxmayaraq, işə getməyə mənəvi ehtiyac hiss edirlər. Prezenteizmdən əziyyət çəkən bu adamlar qrip, angina, soyuqdəymə, xroniki xəstəliklərə baxmayaraq iş vaxtı başlamazdan əvvəl artıq işdə olurlar. 
Təcrübədə təsdiq olunub ki, işləri xidmət göstərməklə bağlı olanlar, misal üçün dayə, tibb bacısı, eləcə də ibtidai sinif müəllimləri digər peşə sahibləri ilə müqayisədə prezenteizmdən daha çox əziyyət çəkirlər. 
Qeyd edək ki, insanların bir qismi özlərini pis hiss etdikdə belə işlərinə görə məsuliyyət hiss etdikləri üçün, digər qismi isə rəhbərlik tərəfindən təzyiqə görə işə gəlirlər. 
Təcrübə zamanı 444 insan arasında sorğu keçirilib. Təcrübə iştirakçılarının sözlərinə görə, onlar son 6 ay ərzində səhhətləri ilə bağlı işə gəlməmək üçün arayışları olsa da, 3 dəfə işə gediblər. İşçilər 1,8 dəfə isə sadəcə işə getməyiblər. 
Təcrübənin nəticələrinə görə, prezenteizm işin effektivliyi, keyfiyyəti işçilərdən asılı olan kollektivdə işləyənlərə, eləcə də işini çox sevənlərə və ya işini itirməkdən qorxanlara xasdır. İşə gəlməyənlər isə öz vəzifəsinin toxunulmazılığını anlayan və ya işsiz qalma qorxusu olmayanlardır.

 

Mənbə: Milli.Az

4 iyul 2014
GO BACK