Azvision.Az-ın məlumatına görə, ramazan ayı başlayandan nazirliyin tapşırığı ilə hərbi hissələrdə əsgərlərin oruc tutmasına icazə verilmir. Faktı hərbi xidməti yenicə başa vuran əsgərlər təsdiq ediblər.
Bildirirlər ki, hərbi hissə komandirləri oruc tutmağa cəhd edən əsgərləri toplayaraq onlara hərbi xidmət müddətində dini ibadətlə məşğul olmamaq haqda tapşırıqlar veriblər.
“Bəzi əsgər yoldaşlarımız oruc tutmaq istəsələr də onlara hərbi hissə komandirləri, bölük komandirləri icazə vermədilər. Bildirdilər ki, nazirlikdən xüsusi tapşırıq var ki, namaz qılmaq, oruc tutmaq olmaz”, - deyə tərxis olunan hərbçilər qeyd ediblər.
Məsələ ilə bağlı Müdafiə Nazirliyinin mətbuat xidmətinə sorğu göndərsək də hələlik heç bir açıqlama verilməyib.
Xatırladaq ki, AzVision.az saytı hərbi hissələrdə namaza qadağa qoyulması haqda məlumat vermişdi. Nazirlik faktı təsdiq edərək dini ibadətlərin qadağan edilməsinin səbəbini izah etmişdi:
“Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununa görə dini əqidə hərbi qulluqçuları hərbi xidmət vəzifələrinin icrasından azad etmir. İlk olaraq qeyd etmək zəruridir ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə ölkəmizdə din dövlətdən ayrıdır və bütün dini etiqadlar qanun qarşısında bərabərdir. Eyni zamanda, insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dini cərəyanların yayılması və təbliği də qadağandır.
Azərbaycan Respublikası çoxkonfessiyalı dövlət olduğu kimi, Silahlı Qüvvələrimizdə də müxtəlif dini əqidəyə malik vətəndaşlarımız hərbi xidmət keçirlər. Bununla belə, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununa görə, dini əqidə hərbi qulluqçuları hərbi xidmət vəzifələrinin icrasından azad etmir”.
Mənbə: Milli.Az