2006-cı ildən etibarən Azərbaycanda toyuq dönərinin satışı qadağan olunsa da, paytaxtın dörd bir yanında toyuq dönəri satılır. Dönərin ən çox satıldığı yerlər isə metro keçidlərinin ətrafı və ticarət mərkəzlərinin qarşısıdır. Xüsusilə yay aylarında toyuq dönərinin infeksiyaya daha çox meylli olduğunu nəzərə alaraq dönərxanalara baş çəkdik. “20 Yanvar” metrosunun çıxışında və “Velotrek” Ticarət mərkəzinin ətrafında bir neçə dönərxanalarda müşahidə apardıq:
– Çörəklə 1,30 manat; lavaşda 1,60 manat.
Hindistan və Braziliyadan gətirilən türk dönərləri…
Söhbətə başlar-başlamaz içəridəki vəziyyətə baxdım. İçəri o qədər tör-töküntü idi ki, orada dönərçidən başqa heç kəs baş çıxarmazdı. Təəccüblüsü də o idi ki, yanımda dönər yeyənlər çox idi. Mən dönər alanların uzaqlaşdığını görüb jurnalist olduğumu dedim və suallarıma davam etdim:
– Toyuq əti haranındır?
– Braziliyadan, Hindistandan gətirirlər. Təmiz ətdir.
– Neçə ildir toyuq dönəri satırsız?
– Dörd ildir.
– İndiyədək yoxlamalar olub?
– Hər ay gəlib yoxlayırlar.
– Gigiyenik sertifikatınız var? İndiyədək cərimə olunmusuz?
– Bütün sənədlərimiz var. Cərimə niyə olsun ki, hər şey göz qabağındadır.
Yolun yarım metrliyində satılan dönərlər…
Satıcının dediyi kimi, hər şey göz qabağında idi, qadağan olunan toyuq dönəri və daha nələr… “Velotrek” ticarət mərkəzinin ətrafı dönərxanalarla dolu idi və ət dönərindən çox toyuq dönəri satılırdı. Növbəti dönərxanaya yaxınlaşdıq. Mənzərə dəhşət idi. Dönərxanalarla üzbəüz təxminən yarım metr məsafədə iri tutumlu avtobuslar hərəkət edirdi və həmin avtobusların toz-torpağı və tüstüsü dönərxanaları bürümüşdü. Buna baxmayaraq, həmin dönərxanaların qabağında insanlar dönər növbəsinə düzülmüşdü. Dönər alanların əksəriyyəti isə gənclər idi. Yaxınlaşıb dönər satanlarla söhbətləşdim. Onların arasında 10 ildən çox dönər satan da var idi. Onun sözlərinə görə, indiyədək onları heç kəs cərimələməyib:
– 10 ildir dönər satırıq. Şükür bir problem çıxmayıb. Gündə 50-60 dönər satırıq. İndi istidir deyə, gündə 30 dönər satılır.
– Gigiyenik sertifikatınız var?
– O olmasa, işləyə bilərik? Hər ay yoxlayırlar.
Gigiyenik sertifikatının olması təəccüblü idi. Çünki dönər ətinə vurulan ədviyyat və salatlar, onların qabları hara gəldi düzülmüşdü. Dönər alanlarla söhbətimiz zamanı məlum oldu ki, yolüstü harasa tələsən zaman dönər yeməli olurlar. Onların dili ilə desək, mədənin başını aldadıb işdən evə özlərini çatdırırlar.
Gigiyena və Epidemiologiya Mərkəzi: “Dönər bizim üçün bəlaya çevrilib”
“Toyuq ətindən hazırlanan dönərlərin satışına 2006-cı ildən bəri Səhiyyə Nazirliyi tərəfindən qadağa tətbiq edilib. Lakin aparılan monitorinqlər zamanı toyuq əti dönərlərinin satışı faktları aşkarlanır”. Bu sözləri Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran AbdullayevPublika.az-a müsahibəsində bildirib. İ.Abdullayev onu da əlavə edib ki, cərimələr tətbiq olunsa da, toyuq dönəri satan obyektləri öz işlərindən geri qalmır:
“Dönər satışı ilə məşğul olan obyektlərin böyük əksəriyyəti toyuq dönəri satır. Bizim mərkəz yalnız müraciət və şikayət əsasında monitorinq aparır, bu səbəbdən səlahiyyətimiz də yoxdur ki, mütəmadi olaraq monitorinq aparaq. Vətəndaşlar da dönəri bəh-bəhlə yeyir. Ancaq onlar bilmir ki, biri yeyir, on beşi isə xəstəxanaya düşür”.
“Toyuq əti mikroblara qarşı daha həssasdır...”
İmran Abdullayev dönəri çox təhlükəli qida növü adlandıraraq bildirir ki, 12-15 saat ərzində odda qalan ət topasının xarab olmaması mümkünsüzdür:
İmran Abdullayev dönəri çox təhlükəli qida növü adlandıraraq bildirir ki, 12-15 saat ərzində odda qalan ət topasının xarab olmaması mümkünsüzdür:
“Bizim üçün şadlıq evləri, böyük restoranlar o qədər problem törətmir, nəinki dönər satıcıları. Dönər bizim üçün bəlaya çevrilib. Toyuq əti mikroblara qarşı daha həssasdır. Bu da insan orqanizmində müəyyən xəstəliklərin yaranmasına səbəb olur. Dönərçilərin özləri başdan-ayağa infeksiya mənbəyidir”.
“Dönər satışı ilə məşğul olan insanları məsuliyyətə cəlb edəcək bir amil olmalıdır...”
“İnzibati Xətalar Məcəlləsinə əsasən, toyuq dönəri satan fiziki şəxslər 50-100 AZN-ə qədər, vəzifəli şəxslər 100 -200 AZN-ə qədər, hüquqi şəxslər isə 200-400 AZN-ə qədər cərimə olunmalıdırlar. Bəlkə də, cərimə məbləğinin azlığına görə sahibkarlar qaydanı tez-tez pozurlar. Əgər cərimə məbləği yüksək olsa, həmin dönər satıcıları risk edib qaydanı pozmazlar. Ancaq cərimə məbləğini təyin etmək bizim səlahiyyətimizdə deyil. Qanunvericilikdə bu məsələlər tam həllini tapmalıdır ki, səlahiyyətli orqan bu cür hallarda hansı addımı atmalıdır. Bu problemin həlli dönər satışı ilə məşğul olan insanları məsuliyyətə çəkəcək bir amil olmalıdır”, - deyə İ.Abdullayev vurğulayıb.
Mənbə: Milli.Az