Tədbirdən əvvəl nazirlik rəhbərliyi və əməkdaşlar Fəxri xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər. Sonra isə tədbirdə iştirak edənlər Polis Akademiyasına toplaşıblar.
Polis Akademiyasında keçirilən tədbirdə nazir Ramil Usubov, Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş üzrə şöbəsinin müdiri Fuad Ələsgərov iştirak edib.
Tədbirdə çıxış edən Fuad Ələsgərov prezident İlham Əliyevin adından Azərbaycan polisini təbrik edib. Təbrikdə polis orqanlarının 96 illik şanlı tarixi ərzində şərəfli yol keçərək dövlətçiliyimizin əsas dayaqlarından birinə çevrildiyi, müstəqillik və daxili sabitliyinin təmin olunmasında mühüm rol oynadığı qeyd edilib.
Bundan sonra tədbirdə çıxış edən Ramil Usubov görülən işlərin nəticəsində Azərbaycanda cinayətkarlığın azaldığını vurğulayıb.
Tədbirin sonunda Ramil Usubov Polis Akademiyasını fərqlənmə ilə bitirən məzunlara diplomları və “polis baş leytenantı“ xüsusi rütbələrinin poqonlarını təqdim edilib.
Akademiyanı fərqlənmə diplomu ilə bitirən İlkin Almazov yaş kötüyə rəmzi xatirə lövhəsini vurub.
Sonda şəxsi heyət tribunanın qarşısından keçid edib.
Mənbə: ANS PRESS