Qadin.NET / Bakıda unikal əməliyyat

Bakıda unikal əməliyyat

 

Bakıda unikal əməliyyat
Tibb Universitetinin həkimləri unikal bir əməliyyat icra ediblər. Universitetin mətbuat xidmətinin rəhbəri Günel Aslanovanın ANS PRESS-ə verdiyi məlumata görə, Tədris Cərrahiyyə Klinikasında texniki baxımdan çox mürəkkəb olan mikrocərrahiyyə əməliyyatı sayəsində 6 yaşlı oğlanın qolu kəsilməkdən xilas edilib.

Qeyd edək ki, Quba rayonundan olan 6 yaşlı Tanrıverdi Allahverdiyev yelləncəkdən yıxılıb. O, yıxılarkən dirsəyinin üstünə düşüb. Dirsək sümüyü tam sınıb və dərini deşərək bayıra çıxıb. Uşaq ağır vəziyyətdə Tədris Cərrahiyyə Klinikasına gətirilib və əməliyyata alınıb.
Əməliyyat mikrocərrahiyyə sahəsində iki tanınmış mütəxəssis - ürək-damar cərrahı Mirəli Məcidov və tibb elmləri namizədi Nəsir Cəfərli tərəfindən aparılıb. Bundan sonra daha ağır əməliyyat da lazım olub.
Mirəli Məcidov bildirib ki, uşaq ATU-nun Tədris Cərrahiyyə Klinikasına “Sol bazu kondilusunun qapalı sınığı” diaqnozu ilə daxil olub.
“Əməliyyat zamanı sınıq sümük bərpa olundu. Lakin 5-6 saat sonra bəlli oldu ki, uşağın sol əlində nəbz itib, işemiya əlamətləri başlayıb, sağ qolla müqayisədə sol qolda hərəkət çətinləşib”, - deyə Mirəli Məcidov vurğulayıb.
Doppler müayinəsi zamanı bəlli olub ki, sol qolda qan yalnız dirsəyin ortasına kimi gedir, qan aşağı hissəyə işləmir. M.Məcidov bildirib ki, damar trombozu uşağın qolunun kəsilməsilə nəticələnə bilərdi: “Böyüklərdən fərqli olaraq, uşaqların damarları incə olur. 2 mm qalınlığında damarlardır. Adətən belə hallarda böyük xəstələrdə protezlərdən istifadə edirdik. Uşaqlarda belə imkan olmur. Ona görə təcili olaraq uşağı yenidən əməliyyata götürdük”. 

Həkimlər saat 00:00-da yenidən əməliyyata giriblər. Tibb elmləri namizədi Nəsir Cəfərli deyib ki, yıxılma nəticəsində damarlar yalnız sıxılmayıb. Həm də onların içi zədələnibmiş.
N.Cəfərli əlavə edib ki, əgər dərhal müdaxilə olmasaydı, uşağın qolu dirsəkdən aşağı kəsilməliydi. 6 saat davam edən əməliyyat uğurlu keçib. Artıq T.Allahverdiyev reanimasiyadan palataya köçürülüb. Vəziyyəti qənaətbəxşdir, qolunda hərəkət başlayıb, ağrıları da keçmək üzrədir.


Mənbə:ANS PRESS
 

1 iyul 2014
GO BACK