Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, ötən il Gəncə şəhəri üzrə şəkər xəstəliyindən əziyyət çəkənlərin sayı 9807 nəfər idisə, cari ildə bu göstərici təqribən 5 faiz artıb. Qeydiyyatda olan 10236 nəfər şəkər xəstəsindən isə 38-i azyaşlıdır.
Süleyman Piriyev, Gəncə şəhər Endokrinoloji Xəstəxanasının baş həkimi: “Bu xəstəliyin artımına bir neçə amil təsir edir. Birincisi, orta ömür yaşı uzanıb, ikincisi, xəstəliyin irsən keçməsi faktoru artıb. Üçüncüsü, səhiyyə mədəniyyəti artıb, insanlar vaxtaşırı müayinədən keçirlər. Bu da vaxtında diabetin aşkar olunub qeydiyyata götürülməsinə səbəb olur”.
Bütün dünya ölkələrində olduğu kimi, respublikamızda da şəkərli diabet geniş yayılıb. Amma xəstəliyin ciddi fəsadlarla nəticələnməsi bir qədər yüngülləşib. Belə ki, son 15 ildə diabet xəstəliyindən ölüm halları sıfra bərabər olub. Baş həkimin sözlərinə görə, bu bəlanın aradan qaldırılmasında xəstəxananın nəzdində fəaliyyətdə olan “Diabet məktəbi”nin də rolu az deyil.
Süleyman Piriyev: “Xəstələr ki, diabet məktəbindən keçir, maariflənirlər, onlar arasında fəsadlar digərlərindən qat-qat aşağı olur. Ona görə də, bu xəstəlikdən əziyyət çəkən insanlara tövsiyə edirəm ki, mütləq qeydiyyatda olduqları tibb məntəqələri ilə əlaqə saxlasınlar, dərmanla, insulinlə müalicə olunmaqla bərabər, həm də maariflənsinlər”.
Qeyri-infeksion epidemik xəstəlik olan şəkərli diabetdən qorunmaq üçün ilk növbədə, düzgün qidalanmaya riayət etmək lazımdır. Eyni zamanda fiziki aktiv olub piylənmənin qarşısını almaqla da xəstəliklə mübarizə aparmaq olar.
Nəzərə alsaq ki, şəkərli diabet xəstəliyi ildən-ilə artan xəstəlikdir, bu zaman profilaktiki yoxlamadan keçməyin böyük əhəmiyyəti var.