Qadin.NET / Köhnə Bakı ancaq kinolarda qaldı

Köhnə Bakı ancaq kinolarda qaldı

 

Yeni tikililərin dam örtüyü Bakının iqliminə hesablanmayıb.

ANS TV-nin məlumatına görə, 1941-45-ci illər Dünya müharibəsinin paytaxt sakinlərinə yaşatdığı çətinliklərdən bəhs edən “Şərikli çörək” filmi, həm də bizə o vaxtkı insanların yaşayış tərzini çatdırır. Bu filmdə olduğu kimi həmin dövrdə çəkilən bir neçə kinoda da evlərin dam örtüyünün məhz qırdan olduğunun şahidi oluruq. Həmin vaxt insanların qırı seçməsinin bir səbəbi imkansızlıqdan idisə, digər bir səbəbi isə onun küləyə və yağışa davamlı olmasıydı.
Küləklər şəhəri olan Bakıda damın qırlı olması önəmli məqamlardan idi. Günü-gündən dəyişən, müasir Bakıda isə indi bu ənənə də pozulub. Yumşaq süxurlara malik paytaxtda hündürmərtəbəli binalar inşa olunduğu kimi, şiferli binalar da əskik deyil.
Ekspert Aytəkin İmanova deyir ki, elə bu normalara riayət olunmadığından paytaxtda bir balaca güclü külək əsən kimi evlərin damı uçmağa başlayır. Bir neçə gün bundan əvvəl şəhəri cənginə alan güclü külək Binəqədi rayonu, Həmzə Babaşov 18 ünvanında 5 mərtəbəli binanın dam örtüyünü uçuraraq yerə saldı. Dam örtüyünün ərazidən keçən işıq xəttinin üstünə düşməsi isə sakinləri bir müddət elektrik enerjisiz qoydu. Xoşbəxtlikdən hadisə baş verən zaman xəsarət qeydə alınmadı.
Şikayətçi Taleh Rzayevin fikrincə, paytaxtın iqliminə və insanların yaşayış tərzinə uyğun olmayan tikililər sonradan şəhərin yadlaşmasına gətirib çıxarır. Əslində isə bina inşa olunmazdan əvvəl həmin yerin təbiəti öyrənilməlidir.
İndi köhnə Bakını ancaq filmlərdən və rəsmlərdən seyr edə bilirik. Bakı müasirləşdiyi kimi, o qırçı peşəsi də artıq yadlaşıb.

Mənbə: Milli.Az

27 iyun 2014
GO BACK