Qadin.NET / Dünyanın ən əlvan, amma kədərli dəfni

Dünyanın ən əlvan, amma kədərli dəfni

 

Bu dəfn mərasimini görənlər heyrətləniblər. Çünki ağ rəngli dəfn karetası çiçəklərlə, çəhrayı şarlarla və oyuncaqlarla bəzədilmişdi. Karetanın arxasınca gedənlər də əlvan geyinmişdilər.
Mərhumun valideynləri isə Disney multfilmlərinin qəhrəmanlarının obrazlarına bənzəyən maskot paltarlarında idilər.
Onlar 16 aylıq Ancel Pittsi dəfn edirdilər.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, İngiltərənin Qərbi Yorkşir qraflığındakı Lids şəhərində yaşayan Skott və Meqin Pittslərin yeganə övladı Ancel faciəli şəkildə vəfat edib.
Skott Pitts evinin qarşısındakı maşını işə salarkən qızını görmürdü.
Meqin danışır: "Ancel yenicə yerimək örənmişdi. O, atasının işə getdiyini görəndə itlə birlikdə evdən qaçıb çıxdı. Bunu nə mən gördüm, nə də Skott. Skott maşını işə salıb, avtomobili arxaya verəndə Anceli vurdu. Ancel maşının arxasında imiş..."
Çox ağır yaralanmış Ancel aparıldığı xəstəxananın reanimasiya bölməsində keçinib.
Skott və Meqin qızlarını "özü kimi şən" dəfn mərasimi ilə torpağa vermək qərarına gəliblər. Onlar dəfnə gələn qohumlardan və dostlardan xahiş ediblər ki, balaca Ancelin ruhunu şad etmək üçün əlvan geyinsinlər, hətta imkanları varsa, Disney qəhrəmanlarına bənzəsinlər.
Bundan savayı, Skott və Meqin Pittslər Yorkşirdəki uşaq xəstəxanalarının hesablarına da böyük məbləğdə pul keçiriblər.
"Dəfnin əlvan olmasını istədim. Gələnlər də sözümüzü yerə salmadılar. Ancel balaca mələkdi və onun ruhunun şad olmasını istədik. Əlvan, amma kədərli gündü", - Skott Pitts deyib.
Mənbə: Milli.Az
27 iyun 2014
GO BACK