Qadin.NET / Cana cəfa, yoxsa dərman kredit

Cana cəfa, yoxsa dərman kredit

 

Sağlamlıq insana verilən ən dəyərli nemətlərdən biridir. Ancaq bu nemətin qorunması heç də asan başa gəlmir. Heç kim xəstəlikdən sığortalanmayıb və hər bir insanın səhhətində gözlənilmədən baş verən dəyişiklik, onu sağlamlığını geri qaytarmaq üçün istənilən addımı atmağa vadar edir.
Səhiyyə krediti - ehtiyac olduğu zaman adekvat tibbi yardım almaq üçün sağlamlığın qorunması məqsədi ilə bankdan götürülən maliyyə vəsaitidir.
Riskli sahə
Bank mütəxəssisi Akif Mirzəyev Milli.Az-a açıqlamasında deyir ki, bank sektorunda kreditin sağlamlıq məqsədi ilə səhiyyə sisteminə yönəldilmə prosesi ən gəlirsiz və riskli sahələrdən biri hesab olunur. Krediti götürən şəxsin səhhətindəki problemin ciddiliyi ilə yanaşı, onun aldığı məvacibin və ya ailəsinin qazancının az olması kimi bəzi faktorlar bu sahəyə olan marağı tamamilə azaldır. Ancaq xarici ölkələrdə bu sektor kifayət qədər inkişaf edib və sağlamlıq məqsədi ilə insanlar bu xidmətdən yararlana bilirlər. Burada səhiyyə krediti lazımi anda tibbi xidmətə olan ehtiyacın ödənilməsində əvəzolunmaz vasitəyə çevirilib.
Avropa ölkələrinin bir çoxunda insanlar müayinə və müalicə haqqının, dərman preparatlarının alınmasında, xəstəxana şəraitində müalicədə və cərrahi əməliyyatlarda xərclərin ödənməsində səhiyyə kreditindən uğurla istifadə edirlər. Burada xəstə şəxslə yanaşı, ekstremal hallarda (xəstə huşsuz vəziyyətdə olarkən) ailə üzvləri də onun adına kredit götürə bilərlər.
Yerindəcə kredit
Mütəxəssisin sözlərinə görə, müasir dövrdə tibbi mərkəzlər bu məsələnin həllində daha asan yollara üstünlük verirlər. Belə ki, klinikalar özləri və xəstələrin işini asanlaşdırmaq üçün bir neçə bankla əməkdaşlıq müqaviləsi bağlayaraq yerindəcə səhiyyə kreditini təşkil edirlər. Bu zaman xəstənin hansı tibbi yardıma ehtiyacı olduğu müəyyənləşdirilir və bunun müqabilində ona çəkiləcək xərclər hesablanaraq uyğun kredit məbləği təqdim olunur. Adətən banklar səhiyyə kreditini rəsmiləşdirərkən bütün riskləri nəzərə alaraq bu addımı atırlar. Onlar tərəfindən hazırlanmış standart şərtlərdə illik faiz dərəcələri hesablanaraq daha bahalı olan uzunmüdətli və daha ucuz olan qısamüddətli kredit vəsaitləri təklif olunur. Burada kreditor müştərinin təqdim etdiyi girovu və ona zamin duran şəxsin verdiyi təminatı dəqiqliklə araşdıraraq özünü sonrakı risklərdən maksimum sığortalamağa çalışır.
Soğan olsun, nəğd olsun
A.Mirzəyev bildirib ki, Azərbaycanda isə bu sahədə tamamilə fərqli atmosfer hökm sürür. Səhiyyə sistemində icbari tibbi sığortanın tətbiqi 10 ildən çoxdur ki, gecikir. Burada məcburi qaydada sığortalanan vətəndaşlardan sığorta haqları dövlət tərəfindən alınaraq onlara tibbi yardım almaq üçün sənəd verilir ki, bununla da həmin şəxs pulsuz müalicə oluna bilsin. Ancaq sistemin tətbiq olunacağı təqdirdə necə effekt verəcəyi isə sual altındadır.
Azərbaycanda səhiyyə krediti mövcud deyil. Ölkədə olan banklar əsasən daşınmaz əmlakın, avtomobillərin alqı-satqısında və digər sahələrdə kredit verməyə üstünlük verirlər.
Bunun əsas səbəblərindən biri bu sektorun formalaşmaması və səhiyyə sistemində olan xidmətlərin baha olmasıdır. Xarici ölkələrin əksinə olaraq Azərbaycanda müalicə müəssisələrinin bu sahəyə marağı yoxdur. Əsasən bahalı müayinə, müalicə və əməliyyatların aparıldığı özəl klinikalar göstərilən xidmət qarşılığında ödəniləcək məbləğin nəğd alınmasına üstünlük verirlər.
Kommersiya maraqları
Bank mütəxəssisinin dediyinə görə, səhiyyə krediti Azərbaycan bankçılığı üçün yad bir məfhumdur. Ölkənin bank sektorunda belə bazar formalaşmayıb. Ancaq bəzi özəl şirkətlərin əməkdaşları üçün tibbi sığorta sistemi mövcuddur. Səhiyyə kreditinə marağın az olmasına səbəb isə veriləcək kreditin geri ödənməsində risk faktorlarının çox olması və bu sahənin gəlir mənbəyi kimi görülməməsidir. Əgər dövlət tərəfindən banklar üçün cəlbedici təkliflər verilərsə, örnək kimi dövlət qulluqçularına belə fürsət yaradılarsa, Azərbaycanda da bu sistemi tətbiq etmək mümkündür. Digər tərəfdən isə özəl klinikaların da səhiyyə kreditinə marağı olmalıdır. Burada vətəndaş-bank-klinika arasında etibarı artırmaqla yanaşı, tərəflərin zərərə uğramaması üçün risk faktorlarını da minimuma endirmək lazımdır.
Bazar iqtisadiyyatı dövründə yaşadığımız üçün bütün sahələrdə kommersiya maraqları üstünlük təşkil edir. Məhz klinika və bankların maddi maraqlarını da nəzərə almaqla onları bu layihəyə cəlb etmək mümkündür. Burada həmçinin vətəndaşların gəlir səviyyəsi də xüsusi rol oynayır. Gəlir səviyyəsi yüksək olan Avropada və Amerikada bu sistem uğurla tətbiq olunur.
Hazırda ölkədə digər sahələrdə kredit verilməsi və onun geri qaytarılması ilə bağlı kifayət qədər problemlər mövcuddur. Kreditin vətəndaşlara yüksək faizlərlə təklif olunması vəziyyəti daha da çətinləşdirir.
Kimdir xəstəyə kredit verən?
Həkim-ekspert Rasim Səfərovun Milli.Az-a söylədiyinə görə, əlbəttə, belə bir sistemin ölkədə tətbiqi real görünməsə də çox böyük üstünlükləri var. Təsəvvür edin ki, vətəndaş gözlənilmədən ağır xəstəliyə düçar olur, onun müalicəsi və ya əməliyyatı üçün təcili maddi dəstəyə ehtiyac duyulur. Onun qısa vaxt ərzində lazım olan məbləği toplaması real görünməməklə yanaşı, həyat üçün risklidir. Məhz belə çətin vəziyyətlərdə lazımi məbləğdə səhiyyə kreditinin verilməsi həmin insanın həyatını qurtara bilər.
Bu sektorda olan inkişaf əsasən səhiyyənin digər populyar sahələrində - plastik cərrahiyyə, kosmetologiya və stomatologiyada da tətbiq olunur. Bəzən kredit almaq üçün 20-30 dəqiqə kifayət edir. Belə kredit növü ancaq xarici ölkələrdə mövcuddur. Əsasən verilən kreditin müddəti 1-3 il arasında olur. Müddətə bağlı olaraq verilən kreditlərin faiz dərəcələri 17-21 arası dəyişir.
Mənbə: Milli.Az
27 iyun 2014
GO BACK